Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:19

Gürcü-abxaz münaqişəsinin başlanmasından 25 il ötür


Rusiya Federasiyasının prezidenti Boris Yeltsin (ortada), Gürcüstanın Dövlət Şurasının sədri Eduard Shevardnadze (sağda) və Abxaziya Ali Sovetinin sədri Vladislav Ardzinba (sağda) münaqişənin nizamlanmasına dair görüşdən sonra.

25 il öncə, 1992-ci il avqustun 14-də Gürcüstan qoşunları sürətlə Abxaziyaya daxil oldu. Beləcə, keçmiş Sovet İttifaqının ərazisində ən dağıdıcı və qanlı silahlı münaqişələrdən biri başladı. Demək olar, münaqişənin ta əvvəlindən abxaz qüvvələri kənardan dəstək alırdılar. Rusiyanın güc və xüsusi xidmət orqanlarının fəaliyyəti də danılmazdır.

Gürcüstanasa bundan qat-qat az dəstək vardı. Məsələn, az sayda ukraynalı könüllü gürcülərin tərəfində vuruşurdu. 1993-cü ilədək davam edən hərbi əməliyyatlar gürcü tərəfinin ağır məğlubiyyəti ilə sona yetdi. Abxaziyada yaşayan yüz minlərlə gürcü qaçqına çevrildi. Tərəfləri ayırmaq üçün münaqişə zonasına kollektiv sülhməramlı qüvvələr cəlb olundu. Bu işin mahiyyəti bu vaxta qədər də burada olan Rusiya qoşunlarının iştirakını leqallaşdırmaqdan ibarət idi. Münaqişə 2008-ci ilin avqustuna qədər belə «dondurulmuş» vəziyyətdə qaldı.

Buna da bax: ‘Lavrovun Suxumidə dəniz gəzintisi ‘həyasızlığın son həddidir’’

GAMSAKHURDİA-NI GÜRCÜSTANA QAYTARMAQ

1992-ci il iyunun 24-də səhər tezdən keçmiş prezident Zviad Gamsakhurdia-nın 100-dək tərəfdarı Gürcüstan teleradio departamentini və teleqülləni tutdu. «Milli itaətsizlik qərargahının» sədri Valter Shurgaia qanuni hakimiyyəti dəstəkləmək və Gamsakhurdianı Gürcüstana qaytarmağa çağırırdı.

Buna cavab olaraq Qərbi Gürcüstanda zviadçılar respublika Dövlət Şurasının sədr müavini Kavsadze də daxil olmaqla bir neçə şəxsi girov götürdülər. Baş nazir Tengiz Sigua Kavsadzenin Shurgaia-ya dəyişdirilməsi imkanlarını istisna etdi. Milli qvardiya girovların axtarışına cəlb edildi.

1992-ci il avqustun 11-də Zuqdididə hakimiyyətlə müxalifətin Minqreliyadakı vəziyyətin sabitləşdirilməsinə dair danışıqları keçirilirdi. Hətta razılığa gəlinəcəyi gözlənilirdi. Bu zaman danışıq iştirakçıları 50-yədək silahlı şəxsin hücumuna məruz qaldılar. Bir neçə dövlət rəsmisi də daxil olmaqla, 12 nəfər girov götürülərək bilinməyən istiqamətə aparıldı.

Buna da bax: Pence ABŞ-ın Gürcüstana dəstəyini bildirib

“PİSLİYƏ PİSLİKLƏ CAVAB VERMƏYƏCƏYİK”

Həmin gecə televiziyada çıxış edən prezident Eduard Shevardnadze ilk dəfə keçmiş prezidentin tərəfdarlarını «xalq düşmənləri» adlandırdı: «Biz pisliyə pisliklə cavab verməyəcəyik və lazım gələrsə, güc tətbiq edəcəyik. Bu dəfə geri çəkilməyəcəyik... Mən xalq qarşısında məsuliyyəti öz üzərimə götürmüşəm və Gürcüstanın demokratik ölkə olması üçün başladığım işi sona çatdırmağa söz vermişəm».

Gürcüstan Dövlət Şurasının iclasında bildirildi ki, girovlardan ikisi azad edilib. Onlar girovların Abxaziya ərazisində saxlandığını vurğulayıblar.

Avqustun 12-də Kavsadzeni Qroznıya aparmaq cəhdləri barədə xəbər yayıldı. Həmin vaxt Zviad Gamsakhurdia Qroznıda idi.

Buna da bax: '2008-ci il müharibəsi hamıya dərs oldu' - Politoloq

Elə həmin gün Shevardnadze hökumətin «girovların azad edilməsi, bütün Gürcüstan ərazisində sülh və əmin-amanlığın bərqərar edilməsi üçün total hərbi əməliyyata» başladığını elan etdi. Daxili İşlər Nazirliyi girov götürənlərə ultimatum verdi: girovlar avqustun 13-ü səhər saat 9-adək azad edilməlidir. Əks halda daxili işlər nazirinin də daxil olduğu dövlət rəsmilərini oğurlamış zviadçı dəstələrin yerləşdiyi rayonda hərbi əməliyyata başlanılacaq. Hakimiyyət ilk dəfə «terrorçular» sözünü işlətdi. Genişmiqyaslı əməliyyatın özü isə «terrorçuların fiziki məhvinə yönəlmiş» fəaliyyət adlandırıldı.

ARTIQ ORDU YERİDİLİRDİ

Gecə Abxaziyanın daxili işlər naziri əvəzi girov götürənlərlə görüşdü. O bildirdi ki, Gürcüstanın daxili işlər naziri və digər girovların həyatına təhlükə yoxdur, girov götürənlərinsə niyyəti Gürcüstandakı bütün siyasi məhbusların azad edilməsinə nail olmaqdır.

Bu müddətdə Gürcüstanın qərb rayonlarına üç minlik ordu birləşməsi yeridilir və «əksterror əməliyyatına» başlanılırdı. Gürcüstan XİN isə Rusiyanın xarici işlər idarəsinə nota göndərdi:

«Çoxsaylı məlumatlar göstərir ki, Rusiya Federasiyası ərazisində, Qroznıda gizlənən eks-prezident Zviad Gamsakhurdia orada Gürcüstana qarşı terror fəaliyyətinə rəhbərlik mərkəzi açıb. ...Gürcüstan XİN Zviad Gamsakhurdianın başçılıq etdiyi terrorçu mərkəzin fəaliyyətinin önlənməsi üzrə əməli tədbirlərin görüləcəyini gözləyir».

Buna da bax: Vladimir Putin Abxaziyada səfərdə olub

Avqustun 14-nə keçən gecə isə Gürcüstan silahlı qüvvələri Abxaziyaya daxil oldu. Qali rayonunda girovları azad etməyə hazırlaşdıqları halda daha irəli gedərək Suxumi istiqamətində hərəkət etdilər. Döyüşlər başladı, ölənlər və yaralananlar oldu. Abxaziyada 18 yaşından 40 yaşına qədər bütün kişilərin ümumi səfərbərliyi elan edildi.

Avqustun 14-ü axşama doğru girovlar azad edildi. Ancaq artıq bu, heç kimə maraqlı deyildi. Yeni müharibə başlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG