Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:59

Deputat: ‘Nə Gözəl Bayramlını tanıyıram, nə də...’


Gözəl Bayramlı aksiya zamanı həbs olunur
Gözəl Bayramlı aksiya zamanı həbs olunur

Elman Məmmədov: “Azərbaycanın Cinayət Məcəlləsində elə bir şey yoxdur ki, kimisə siyasi fəaliyyətinə görə həbs etsinlər. Yəqin onun nəyə görə həbs edildiyini, nəyə görə cəza verildiyini ancaq məhkəmə bilir”.

Əli Kərimli: “Sifariş birbaşa İlham Əliyevin özündən gəlib”

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı yanvarın 23-də 3 il azadlıqdan məhrum edilib. Onun mənsub olduğu partiyanın sədri Əli Kərimli AzadlıqRadiosu-na açıqlamasında bu hökmü “haqsız, əsassız” adlandırır, siyasi sifarişlə verildiyini bildirir:

Əli Kərimli
Əli Kərimli

“Xeyli müddət idi siyasi rejim Gözəl Bayramlının fəaliyyətindən boğaza yığılmışdı. O, həm sosial şəbəkələrdə kəskin fikirlərinə, həm kütləvi aksiyaların təşkilində xüsusi roluna, həm də prinsipial müxalifətçilik xəttini davamlı aparmasına görə çoxdan hökumətin qara siyahısında idi. Ona görə də Gözəl Bayramlını şərləyiblər, onun heç bir günahı yoxdur, o pulu da çantasına atıblar. İndi də 3 il müddətinə azadlıqdan məhrum etdilər. Heç bir şübhəm yoxdur ki, onun həbsi ilə bağlı sifariş birbaşa İlham Əliyevin özündən gəlib”.

Buna da bax: Gözəl Bayramlıya 3 il həbs cəzası verildi

Əli Kərimlinin iddiasına görə, İlham Əliyev Azərbaycanı klassik avtoritarizmdən diktaturaya keçirməyə hazırlaşır və bu məqsədlə də Vəkillər Kollegiyasını, mətbuatı, vətəndaş cəmiyyətini “sıradan çıxarır”, müxalifətə “dözülməz münasibət” sərgilənir, hətta müxalifət partiyalarının “ənənəvi, tarixi ziyarətlərinə maneələr yaradılır”.

“Gözəl neyləyib ki, ona 3 il iş veriblər?”

Gözəl Bayramlının bacısı Şirin Ələkbərova hakimin verdiyi hökmə inanmadığını bildirib. O, bacısının günahsız olduğuna inandığını və buna görə də məhkəmə zalındaca azad ediləcəyini gözlədiyini deyib.

Şirin Ələkbərova
Şirin Ələkbərova

Eşitdiyi xəbərdən həyəcanlanan və göz yaşlarını saxlaya bilməyən qadın çox danışa bilməyib:

“Gözəl neyləyib ki, ona 3 il iş veriblər? Dedim, 9 aydır yatır, şərti cəza verərlər. Boş yerə tuturlar onu. Bu nə iş görüb ki, tuturlar? Deyirlər ki, 12 min dollar gətirib. Gözəl 12 min dolları hardan alır ki, gətirsin? Bu qədər şər olar? Nə istəyirlər bundan?”

Buna da bax: 'Gözəl Bayramlı işi': '100 ədəd ardıcıl, 20 ədəd müxtəlif seriyalı yüzlük dollarlar...'

Gözəl Bayramlı özü isə məhkəmədə son sözünü deyərkən “törətmədiyi əməldə günahlandırıldığını”, ittihamda yazılanların “böhtan” olduğunu bildirib:

“Gürcüstanda izləndiyimi bildiyim halda, Eynulla Fətullayevin mənim haqqımda yazdıqlarından sonra mən hansı məntiqlə Azərbaycana pul gətirərdim? Bu absurda heç olmasa, özləri özlərini inandıra bilirlərmi? Mən Gürcüstana 2014-cü ilin oktyabrından dəfələrlə müalicə məqsədi ilə getmişəm”.

Deputat: “Nə Gözəl Bayramlını tanıyıram, nə də...”

Nizami Cəfərov
Nizami Cəfərov

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Nizami Cəfərovsa bu məhkəmə prosesindən məlumatsız olduğunu deyib. “Nə Gözəl Bayramlını tanıyıram, nə də o hadisədən xəbərim var, bilmirəm hadisə necə olub. Ona görə heç nə deyə bilmərəm”, - söyləməklə kifayətlənib.

“Cinayət Məcəlləsində elə bir şey yoxdur ki...”

Buna da bax: Gözəl Bayramlı: 'Dedim, saymamış pulun qədərini hardan bildiniz?'

“Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs edilməyib, edilmir də. İstintaq araşdırma aparıb, bunun əsasında məhkəmə keçirilib, qərar verilib. Burda cinayət tərkibli əməl var ki, onun haqqında 3 il müddətinə azadlıqdan məhrumetmə ilə bağlı hökm verilib”, - başqa bir YAP-çı deputat Elman Məmmədov belə deyir.

“O işin dərinliklərini, nə cür, necə baş verdiyini bilmirəm, ancaq bildiyim odur ki, Azərbaycanda siyasi əqidəsinə, siyasi baxışına, siyasi fəaliyyətinə görə heç kim həbs olunmur. Azərbaycanın Cinayət Məcəlləsində elə bir şey yoxdur ki, kimisə siyasi fəaliyyətinə görə həbs etsinlər. Yəqin onun nəyə görə həbs edildiyini, nəyə görə cəza verildiyini ancaq məhkəmə bilir”, – deputat sözlərinə əlavə edir.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG