Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 19:46

Gözəl Bayramlı: 'Bu adamların heç birini orada görməmişəm…'


Gözəl Bayramlı
Gözəl Bayramlı

AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı onun işi üzrə məhkəmənin keçirildiyi iclas zalına tanımadığı adamların gətirilib oturacaqların doldurulmasına, nəticədə prosesi izləməyə gəlmiş ictimai-siyasi fəalların bir çoxunun kənarda qalmasına etiraz edib. G.Bayramlı dekabrın 26-da Qazax Rayon Məhkəməsində onun işinə baxan hakim Ağarza Səmədova bununla bağlı iradını bildirib.

«Onsuz da istədiklərini eləyiblər, daha yad adamları zala doldurmağın adı nədir? Nə məqsədiniz var?», – G.Bayramlı belə deyib.

Hakim söz verib ki, növbəti məhkəmə iclasında bu məsələ nəzərə alınacaq.

***Buna da bax-'Gözəl Bayramlı işi'ndə xadimə-şahid: 'Gördüm ki, çantadan 12 min dollar pul çıxdı'

Ardınca Tovuz Gömrük İdarəsinin təhqiqatçısı Həsən Mahmudov şahid qismində dindirilib. Deyib ki, hadisə günü qaçaqmalçılığa görə bir xanımın saxlanması haqda xəbər gəlib. O da hadisə yerinə gedib, həmin xanımın çantasındakı əşyaların sənədləşdirilməsində iştirak edib. Şahid vəkilin suallarına cavab olaraq deyib ki, pulun G.Bayramlının çantasından çıxdığını eşidib, amma öz gözü ilə pul görməyib.

«Dövlət məmurusunuz, niyə yalan danışırsınız?»

G.Bayramlı isə deyib ki, ümumiyyətlə, bu adamı orada görməyib:

«Siz dövlət məmurusunuz, niyə yalan danışırsınız? Mən bu adamların heç birini orada görməmişəm…».

***Buna da bax-Gözəl Bayramlı: 'Bu, bir oyundur, birdəfəlik hökmü oxuyun'

Tovuz Gömrük İdarəsinin əməkdaşı olan daha bir şahid - Fəxri Əlizadə məhkəməyə gəlməyib, teleqram göndərib ki, xəstədir. Prokuror onun istintaqa ifadəsini elan etməklə kifayətlənməyi və məhkəmə istintaqını yekunlaşdırmağı təklif edib. Amma G.Bayramlı da, vəkili Elçin Sadıqov da şahidin məhkəməyə çağrılıb dindirilməsində israr ediblər. Məhkəmə həmin şahidin məcburi gətirilməsi haqda qərar çıxarıb.

G.Bayramlının məhkəməsi yanvarın 4-də davam edəcək.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

XS
SM
MD
LG