Göygöl rayonunun Çaykənd kənd sakini Cəmilə Hüseynova deyir ki, 14 il fizika müəllimi işləmiş oğluna dözülməz işgəncələr verərək törətmədiyi cinayəti onun üzərinə atıblar. Ananın sözlərinə görə, məqsəd cinayətin üstünün açılması görüntüsü yaratmaq, aylardır yuxarı orqanlara edilən şikayətlərin qarşısını almaqdır. Söhbət 2021-ci il aprelin 14-də Yevlax rayonunun Aşağı Bucaq kəndində cücə sexində baş vermiş yanğın və hadisə yerindən 53-yaşlı Səidə Hüseynovanın meyitinin tapılmasından gedir.
Şikayət edənin kürəkəni saxlanıb
Hüquq-mühafizə orqanları əvvəlcə o nəticəyə gəlmişdi ki, yanğın texniki səbəblərdən baş verib. Ona görə də Yevlax Rayon Prokurorluğunda CM-nin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmışdı. Amma Hüseynovanın yaxınları bundan narazı idi, onlar iddia edirdilər ki, o, öldürülüb və izi itirməkdən ötrü qatil sexi yandırıb. Bacısı Rəhilə Əhmədova Baş Prokurorluğa, Prezident Administrasiyasına və başqa dövlət qurumlarına şikayətlərində olayın obyektiv araşdırılmadığını deyir, buna görə Yevlax Rayon Prokurorluğunun rəhbərliyini ittiham edirdi. Müraciətlərdə Səidə Hüseynovanın qardaşının Qarabağ döyüşlərində həlak olması da vurğulanırdı.
Bu şikayətlərdən bir müddət sonra göstəriş əsasında meyit ekskumasiya (qəbirdən çıxarılıb ekspertizadan keçirilməsi) olunub və istintaq səhlənkarlıq yox, qəsdən adam öldürmə maddəsi ilə davam edib. Ardınca isə Elnur Hüseynov bu cinayətdə suçlanıb.
35-yaşlı Hüseynov mərhumun bacısı qızının əri – bacısının ölümüylə əlaqədar müxtəlif orqanlara şikayətlər yazan Rəhilə Əhmədovanın kürəkənidir.
İşgəncə iddiaları
Dekabrın 16-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bu işlə bağlı birgə açıqlama yayıb. Hüquq-mühafizə orqanları iddia edir ki, Hüseynov həyat yoldaşının xalasını tamah məqsədilə öldürüb. O, cücə sexindən 1500 manat və 900 dollar pul, qızıl-zinət əşyaları götürüb. Onun yanğın nəticəsində ölməsi görüntüsünü yaratmaq üçünsə yanacaq tökərək həm meyiti, həm də sexi yandırıb. Ona CM-nin 120.2.5 (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Anası deyir ki, bu cinayəti Elnurun boynuna qoymaqdan ötrü ona iki gün ərzində müxtəlif formalarda işgəncələr veriblər. Onun sözlərinə görə, vəkil tutsalar da, onu hüquqlarını müdafiə etdiyi şəxsin yanına buraxmayıblar.
Hüseynovdan ilkin ifadəni öz vəkilinin iştirakı olmadan alıblar: "Vəkil nə qədər ora-bura şikayət eləyəndən sonra onu oğlumun yanına buraxdılar. Oğlum vəkili görən kimi ayaqlarına düşüb ki, "məni iki gündür burada öldürürlər". Prokurorun müavini də orada olub, oğlumun vəziyyətini görüb. Elnur bir neçə gün sonra evə zəng eləyəndə də dedi, sonra təcridxanada görüşəndə də gördük ki, onu nə hala salıblar".
"Harada qaldı təqsirsizlik prezumpsiyası?"
Hüseynova iddia edir ki, övladını Yevlax Rayon Polis Şöbəsində gecədən səhərə qədər ayağından asıb, ayaqlarının altına dəyənəklə vurublar, onun ləyaqətini alçaltmağa cəhd olunub. Bu üzdən o, törətmədiyi cinayətlə bağlı etiraf ifadəsinə imza atmaq məcburiyyətində qalıb.
Ana vurğulayıb ki, istintaqın nəticəsini gözləmədən Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin tələsik açıqlama yayması da bu işin mahiyyətindən xəbər verir: "Məqsəd ancaq görüntü yaratmaqdır ki, baxın, biz işin üstünü açdıq. Amma demirlər ki, işin üstünü açmadıq, günahsız bir adamın üstünə atdıq, dörd uşağı atasız qoyduq. Böyük qızının 13 yaşı var, ən kiçik uşağı 1 yaş 2 aylıqdır. Oğlumla bağlı yalan məlumat yayıblar, məcbur edib şəklini çəkib veriblər. İndi uşaqlar utandığına görə məktəbə getmir. Harada qaldı təqsirsizlik prezumpsiyası?".
Hadisə baş verəndə Çaykənddə olub
Hüseynova əlavə edib ki, Yevlaxın Aşağı Bucaq kəndində sözügedən olay baş verəndə Elnur ailə üzvləri ilə birlikdə Çaykənddə olub. Bunu təsdiqləyən şahidlər və başqa sübutlar da var.
Elnur Hüseynova ittiham verilən CM-nin 120.2.5 maddəsində 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev AzadlıqRadiosuna bildirib ki, Elnur Hüseynovun Yevlax Rayon Polis Şöbəsində işgəncəyə məruz qalması barədə iddialar həqiqətəuyğun deyil: "Oğlunun polis şöbəsində təzyiqə məruz qalmasıyla bağlı ananın iddiaları anlaşılandır, amma deyilənlər tamamilə həqiqətdən uzaqdır. Əgər bununla bağlı əllərində sübutları, hansısa dəlilləri varsa, istintaq orqanına təqdim edə bilərlər, araşdırılar. Hazırda bu cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".
İndiyədək saxlananlara işgəncə verilməsi haqda məhkəmələrdə dəfələrlə ifadələr səslənib. Amma hər dəfə DİN oxşar iddiaları təkzib edib.