Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:48

Yol dərdi... 'Bir-iki 'lopatka' çınqıl töküb gedirlər'


Yol. Foto illüstrasiya
Yol. Foto illüstrasiya

«Keyfiyyətsiz vurulan asfalt tamamilə dağılıb. Qarşıdan yeni təhsil ili gəlir. Göyçayın mərkəzində uşaqları məktəbə qaloşla göndəririk. Heç olmasa, bu il bir tədbir görsünlər, uşaqlar yağışda ayaqlarına sellofan bağlayıb gəzməsin».

Bunu AzadlıqRadiosuna Göyçay sakinləri deyir. Onların iddiasına görə, rayonun mərkəzindəki Ziya Bünyadov və Əli Səmədli paralel küçələrinin asfalt örtüyü bir müddət əvvəl dəyişdirilsə də, hazırda örtükdən əsər-əlamət qalmayıb.

«BÖYÜK PULLAR SİLİNİR»

Rayon sakini Əhməd Yusifov deyir, hər iki küçədə əvvəllər asfaltlanma işləri görülüb, ancaq bu işlər o qədər keyfiyyətsiz olub ki, vurulan asfalt qısa müddətdə «ömrünü başa vurub»:

***Buna da bax-Goranboydan şikayət: 'Yolu kəsib anbar tikdirir'

«Bu küçələri asfaltlamaq adıyla böyük məbləğdə pullar silinir, ancaq o pulların heç 10 faizi də təmirə xərclənmir. Gözə kül üfürmək üçün ucuz və keyfiyyətsiz materialdan istifadə olunur. Nəticədə asfalt tez-tez çökür və hər dəfə təmir adıyla təkrar pullar mənimsənilir».

Sakinlər deyir, bu iki küçədə yayda toz-tozanaq, qışda palçıqdan rahatçılıq yoxdur. Rayon sakini Qurban Qədimov deyir, bir dəfə öz aralarında pul yığıb küçələrin bir hissəsinə çınqıl da tökdürüblər:

«Ancaq bununla iş bitmir. Hökumət insanların rahatlığından ötrü özü bu işləri peşəkar səviyyədə görməlidir. Harada çala-çuxur yaranır, gətirirlər bir-iki «lopatka» çınqıl töküb gedirlər».

Göyçay Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sakinlərin şikayətçi düşdüyü küçələrdəki yolların əsaslı təmirə ehtiyacı yoxdur:

***Buna da bax-'Dayaqları məftillərlə sarımışıq ki, körpü aşmasın'

«Ağır yük maşınları keçir, asfaltı dağıdır. Biz də aidiyyəti qurumları məlumatlandırırıq, vaxtaşırı asfalt yenilənir. Bu yaxınlarda yenə də yenilənəcək, heç bir problem olmayacaq».

ÜÇ DƏFƏ TƏMİR OLUNUB

Salyan-Şirvan yolunun Salyanın Qarabağlı, Qaraçala, Xələc, Kərimbəyli, Kolanı, Yolüstü və Qırxçıraq yaşayış məntəqələrindən keçən hissəsi də bərbad vəziyyətdədir. Bu barədə «Qaynar xətt»ə Salyan sakinləri yazıb. Onların iddiasına görə, yola milyonlarla manat xərclənib və üç dəfə təmir olunub. Hər dəfə işlər o qədər keyfiyyətsiz aparılıb ki, yollar qısa müddətdə dağılıb. Salyanlılar yazır:

«... Bu yol 30-dan çox yaşayış məntəqəsini əhatə edir. Yəni, 30-dan çox yaşayış məntəqəsinin minlərlə sakini yolun yararsızlığından gündəlik qayğılarını həll edə bilmirlər. Yolun təmirinə indiyədək dövlət büdcəsindən üç dəfə vəsait ayrılıb. Ancaq yolda heç vaxt əsaslı təmir işləri aparılmayıb. Yüngülvarı təmir işləri görülüb, ayrılmış vəsaitlər mənimsənilib».

***Buna da bax-'Depo' qəsəbəsinin sakinləri: 'Bizim bir arzumuz var...'

«TƏBİİDİR»

Salyan-Şirvan yolu ölkənin cənub rayonları ilə şimal-qərb bölgəsini birləşdirir. 2013-cü ildə bu yolun əsaslı təmirinə Nəqliyyat Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Yalnız yolun Şirvan hissəsi təmir olunub. Uzunluğu 31 kilometr olan bu avtomobil yolunun 23 kilometri Salyan Rayon İcra Hakimiyyətinin, qalan 8 kilometri isə Şirvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətinə aiddir.

Salyan Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə Salyan-Şirvan yolunda indiyədək bir neçə dəfə əsaslı təmir işləri görüldüyü bildirilib:

«Bu avtomobil yolundan hər gün Bakıya, Gəncəyə, Lənkərana və digər şəhər, rayonlara sərnişin və ağırtonnajlı yük maşınları keçir. Yolun tez-tez sıradan çıxması təbiidir. Sıradan çıxan hissələr də qısa müddətdə bərpa olunur. Hər dəfə hansısa hissə sıradan çıxanda o boyda yolda o başdan bu başa əsaslı təmir aparılmalı deyil ki...».

XS
SM
MD
LG