Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 15:44

'Google' Rusiyada 8 milyon dollar cərimə ödəyəcək


Google

«Alphabet Inc.» şirkətinin «Google» axtarış mühərriki Rusiyanın antiinhisar qurumuyla anlaşıb. Bu o deməkdir ki, artıq «Yandex» yerli axtarış mühərriki də Android qurğularına öncədən yazılacaq. Bu barədə «Bloomberg» agentliyi yazır.

İLLİK QAZANCININ 9 FAİZİ

Yəni, «Google» Android telefon istehsalçılarına icazə verəcək ki, «Yandex» kimi üçüncü xidmətləri də öncədən qurğulara yazsınlar.

«Google» Rusiyadakı xidmətlərini Android əməliyyat sistemindən ayıracaq və 438 milyon rubl (7.8 milyon dollar) cərimə ödəyəcək. Rusiyanın TASS xəbər agentliyi yazır ki, bu cərimə «Google»un 2014-cü ildə Rusiya qazancının 9 faizi qədərdir.

Bununla bağlı Federal Antimonopoliya Xidmətiylə razılaşma əldə olunub. Qurumun direktor müavini Aleksei Dotsenko bazar ertəsi – aprelin 17-də jurnalistlərə açıqlama verib. Razılaşmanı Moskva Arbitraj Məhkəməsi təsdiqləyib.

Antiinhisar xidməti 2015-ci ilin oktyabrında «Google»un inhisar qaydalarını pozduğunu bildirib, mobil qurğu istehsalçıları ilə razılaşmaları dəyişdirmə tələbini qoyub. «Google» həmin qərardan apellyasiya şikayəti vermişdi.

«YANDEX»İN SƏHMLƏRİ BAHALANIR

Dünənki razılaşmadan sonra «Yandex»in Nyu Yorkda səhmlərinin dəyəri artıb, Moskvada saat 4:48-də 5.1 faiz yüksələrək 23.92 dollara çatıb.

Yandex
Yandex

«LiveInternet» portalına görə, «Yandex»in Rusiyada onlayn axtarış sistemindəki payı 55, «Google»unku 40 faizdir. «Yandex» «Google»un Android sistemindəki payının 38 faiz olduğunu bildirir.

«Yandex»in baş direktoru Arkady Volozh bu qərarı 2009-cu ildə «Microsoft» şirkətinin «Internet Explorer» brauzerini Windows sistemindən ayırmasıyla müqayisə edib. Onun sözlərinə görə, bu qərar «Yandex»ə mobil telefon istehsalçılarıyla kommersiya sazişləri əldə etmək, Rusiyada Android qurğularındakı payını genişləndirmək imkan verəcək.

«Google» da vebsaytında yaydığı bəyanatda bildirib ki, son razılaşma və «Yandex» ilə ayrıca kommersiya sövdələşməsi bütün tərəflərin maraqlarına uyğundur və «Yandex» axtarış xidmətinə «Chrome» brauzerində əlavə imkanlar açır.

«SEÇİM PƏNCƏRƏSİ» OLACAQ

Razılaşmaya görə, «Google» artıq Rusiyada işlədilən Android qurğuları üçün yeni «Chrome» viceti yaradacaq və əsas ekrandakı (home screen) standart «Google» axtarış vicetini əvəzləyəcək. Bununla da istifadəçilər telefonda yeni «seçim pəncərəsi» (choice screen) görəcəklər.

60 gün ərzində Rusiyada bütün maraqlı axtarış mühərrikləri «Google»a müraciət edərək, gələn il «seçim pəncərəsi»nə salınmaqlarını istəyə bilərlər.

Techcrunch.com saytı Rusiyada çıxarılmış qərarın ölkənin hüdudlarından kənarda da təsirinin ola biləcəyini yazır. Belə ki, bir sıra ölkələrdə «Google» şirkətinin antiinhisar davranışı araşdırılır. «Google»un Avropa məkanında oxşar məhkəmə çəkişmələri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG