Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 21:43

Yeni Zelandiyadan Azərbaycana nə qədər yağ gətirilir?


Kərə yağı (arxiv fotosu).

Axır ki, kərə yağı ticarətində Azərbaycanın rəsmi göstəriciləri Yeni Zelandiya ilə, tam da olmasa, üst-üstə düşüb.

Son rəqəmlər bu ölkədən gətirilən məhsulun böyük bir bölümünün əvvəlki illərdə Azərbaycan bazarına qeyri-leqal yolla daxil olduğuna da işıq salır. İdxal olunan yağın 80-85 faizi məhz Yeni Zelandiyadan gətirilir.

Buna da bax:​ Kərə yağının idxal qiyməti tam leqallaşdı

Qiymətlər yük sənədindəkindən bahadır

Dövlət Gömrük Komitəsi (DGK) ötən il Yeni Zelandiyadan Azərbaycana toplam dəyəri 39 milyon 273,4 min ABŞ dolları olan 11 min 910 ton kərə yağı gətirildiyini açıqlayıb. Başqa sözlə, bir kiloqram kərə yağı sərhədi 3 dollar 29 sentə keçib. Yeni Zelandiyanın gömrük xidməti Azərbaycana satılan kərə yağının kiloqramını, invoys qiyməti olaraq, 3 dollar 14 sentə qeydə alıb. Halbuki bir il öncə Yeni Zelandiya yağları Azərbaycan gömrüyündə 1 dollar 60 sentə rəsmiləşmişdi. Yük sənədlərində ortalama qiymət 3 dollar idi.

Son vaxtlar bir çox idxalçı bildirir ki, DGK xaricdən gətirilən malları alanla-satan arasında bağlanan müqavilədə göstəriləndən bir qədər fərqli – yerli bazarda formalaşan qiymətlərə uyğunlaşdırmaqla rəsmiləşdirir. Nəticədə, vergi və rüsum ödənilməsinə görə rəsmiləşən qiymət invoys qiymətindən yüksək olur. Yeni Zelandiyadan gətirilən kərə yağında olduğu kimi.

Buna da bax:​ Avstraliya yağı Azərbaycan gömrüyündə necə "əriyir"

Büdcədən yan ötən 68 milyon dollar

İki ölkənin rəsmi hesabatlarının müqayisəli təhlili göstərir ki, son 5 ildə Azərbaycanın Yeni Zelandiyadan satın aldığı kərə yağının həcmi 2,6 dəfə az rəsmiləşdirilib: BMT statistika bölməsinin məlumatına görə, 2012-2016-cı illərdə Yeni Zelandiyadan Azərbaycana 85 min ton yük yola salınıb, Azərbaycanda isə bunun 32 min 620 tonu bəyan olunub.

Beş ildə yük Yeni Zelandiyada toplam 296 milyon 300 min dollara, Azərbaycanda isə təxminən 3 dəfə ucuz – 107 milyon 427 min dollara rəsmiləşdirilib. AzadlıqRadiosu hesablayıb ki, aradakı fərq dövlət büdcəsindən yayındırılan 68 milyon dollara bərabərdir.

Buna da bax:​ İdxal azalıb, ixrac artıb – Gömrük Komitəsi

Azərbaycana 6 şirkət («Danone», «Delta Group Co.», «Aznur», «Foodini», «Veysəloğlu», «Vest Produkt Marketing» və «Gülüstan-Bakı» MMC-lər) kərə yağı gətirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG