Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 23:51

Gömrük ixracla məşğul olan sahibkarlardan nə istəyir?


Gömrük Komitəsinin sədri Aydın Əliyev

İxracatla məşğul sahibkarların yeni öhdəliyi yarana bilər. Dövlət Gömrük Komitəsinin (DGK-nın) sədri Aydın Əliyev deyib ki, qurum Azərbaycanın ixrac məhsulları dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət gerçəkləşdirəcək: “Çünki xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb”.

“Təklifimizi... hökumətə təqdim etmişik”

Buna da bax:​ Hökumət ilin sonunda 'ayılıb'

Komitə sədri əvvəllər belə bir qaydanın olduğuna diqqət çəkib: “İxracatçı pulu qabaqcadan ödənilməyən vəziyyətdə bankdan zəmanət məktubu alıb gömrük orqanına təqdim edirdi. Sonradan bu sənədin təqdim edilməsi ləğv olundu. Məqsəd - sənədlərin azaldılması, ticarətin sadələşdirilməsi idi. Amma biz hiss edirik ki, bu pulların xaricdən gec gətirilməsinə, xaricdə dövriyyəyə buraxılmasına şərait yaradır. Biz yenidən zəmanət məktubu alınıb gömrük orqanlarına təqdim edilməsinin bərpasını istəyirik və bu barədə təklifimizi hazırlayıb hökumətə təqdim etmişik. İndiki valyuta qıtlığı şəraitində satılan məhsulların pulunun ölkəyə gətirilməsi çox vacibdir”.

İqtisadçı ekspertlər DGK sədrinin fikirlərini birmənalı qarşılamayıblar. Komitə sədrinin təklifi ilə razılaşmayanlar bunu sahibkara təzyiq kimi dəyərləndirirlər.

Buna da bax:​ Gömrükçülərin maaş əlavəsi artdı

“Qərarı hansısa qurum deyil, sahibkarın özü verməlidir”

İqtisadçı ekspert Vüqar Bayramov DGK sədrinin məsələyə baxışıyla razılaşmır: “Məgər, iş adamları qazandıqları pulu harada və necə xərcləməklə bağlı hansısa qurumdan icazə almalıdırlar? İqtisadiyyatın fundamental qanunu sahibkarın əldə etdiyi puldan istifadəyə sərbəst qərar verməsidir. Onu xaricdə də xərcləyə bilər, daxildə də. Amma bütün hallarda qərarı hansısa qurum deyil, sahibkarın özü verməlidir”.

Ekspert sahibkarların öz biznes fəaliyyətlərini davam etdirmək üçün ixrac nəticəsində qazandıqları pulun bir hissəsini bütün hallarda ölkəyə gətirdiklərini söyləyir: “Onsuz da, pulun bir hissəsi xaricdə xərcləndiyi hallarda da, ixracat ölkəyə valyuta qazandırmaq deməkdir”.

Buna da bax:​ Banan düşüb, amma hələ də gömrükdə tapşırılan şirkətlər var [video]

“Komitənin nəyinə lazımdır ki…”

İqtisadçı ekspert Natiq Cəfərlinin də fikrincə, sahibkarın öz qazancını necə xərcləməsinə dövlət qurumu qarışmamalıdır: “Komitənin nəyinə lazımdır ki, mən, məsələn, öz torpağımda, öz əlimlə əkdiyim kartofu Rusiyada satıb, əldə etdiyim valyutadan necə yararlanıram? Şəmkirdən Moskvaya xiyar vurub-satan, dollar qazanan özü bilər, öz qazancını necə istifadə edəcək. Bu nə yanaşmadır?”.

“Belə açıqlamalar sahibkarları qorxuda bilər”

Buna da bax:​ Mal aparıb-gətirənlərin sayı 2 dəfə artıb

Ekspert bənzər açıqlamaların sahibkarları qorxuda biləcəyini düşünür: “Başa düşmürlər ki, hər belə bəyanat, “nəzarət” sözü olan hər bir sənəd, iş adamlarını, biznesi qorxudur. Biznes “ürkək ceyran” kimidir, qorxutdun, gedib başqa yerdə özünə məskən salacaq. Belə bəsit məsələləri anlamayan məmurlarımız var, ona görə də bu gündəyik”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG