Azərbaycanın logistika-tranzit imkanları, ölkəyə investisiya axnına maneələr, könə avtomobillərin fəsadları və başqa məsələlər medianın aparıcı mövzularındandır...
“İnvestorları inandırmalıyıq ki, yatırdıqları heç vaxt əlindən alına bilməz”
“Yenisabah.az” saytı-nda “Azərbaycana milyonlarla dollar axa bilər - nə mane olur?” sərlövhəli yazı diqqət cəlb edir.
Yazıda bildirilir ki, Miqrasiya Məcəlləsinə yeni dəyişiklik edilib. Müəllifin qeyd etməsinə görə, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsasında yaşama icazəsi alan şəxslər bir il müddətində ölkədən kənarda olsalar belə onların yaşama icazəsi qüvvədə qalır:
“Həmçinin, bundan sonra ölkə iqtisadiyyatına 500 min manat məbləğində investisiya yatıran şəxslər də bir il müddətində ölkəmizdən kənarda olsalar belə, onların yaşama icazəsi qüvvədə qalacaq. Növbəti illərdə onlar Azərbaycan iqtisadiyyatına yatırdıqları 500 min manat sərmayəni geri götürməsələr, bu hüquqlarından istifadə edə biləcəklər”
İqtisadçı ekspert Akif Nəsirli sayta açıqlamasında bu dəyişikliyin Azərbaycana investisiya yatırılmasına ciddi təsir edəcəyinə inanmadığını deyib:
“Ümumiyyətlə, bu sadəcə Azərbaycana investisiya cəlb etməyin bir elementidir. Qanuna bu cür dəyişiklik alqışlanasıdır...”
Onun fikrincə, Azərbaycanda investisiya yatırılmasının qarşısını alan ciddi səbəblər var:
“ Mən hesab edirəm ki, hökumət və cəmiyyət olaraq, bu problemlərin üstünə getməliyik. Azərbaycanda rəqabət mühiti formalaşmalıdır, azad məhkəmələr fəaliyyət göstərməlidir. Azad məhkəmə ona görə lazımdır ki, istənilən hüquqları pozulmuş sahibkarın hüququnu bərpa etsin.”
Ekspert bəzi məsələlərə də toxunub və öz təkliflərini irəli sürüb:
"Bundan əlavə, daşınan və daşınmaz əmlakın qarantiçisi olmalıyıq. İnvestorları inandırmalıyıq ki, onların yatırdıqları investisiya heç vaxt onların əlindən alına bilməz. Əsas şərtlər bunlardır. Əgər biz bunları eləsək, ölkəmizə investor cəlb edə bilərik...".
“Köhnə maşınlar...”
“Modern.az”da saytı-nda “Köhnə maşınlar əhalidən yığışdırılmalıdır-ekspertdən çağırış” sərlövhəli yazı oxumaq olar.
Müəllif ölkədə istismar müddəti bitən avtomobillərin yığışdırılması məsələsini nəqliyyat sahəsi üzrə eksperti Elməddin Muradlı ilə müzakirə edib.
Yazıda bildirildiyinə görə, ölkədə istismar müddəti bitən avtomobillər tez-tez ağır qəzalar törədir, təhlükəsizlik standartları yüksəsk olmadığı üçün bu qəzalarda sürücü və sərnişinlər ağır xəsarətlər alır, bəzən isə ölümlə üzləşirlər.
Bu barədə sayta danışan Elməddin Muradlı da vurğulayıb ki, bu sahədə ciddi problemlər var və buna kompleks yanaşılmalıdır.
“Çünki bu məsələyə, dövlət özü nəzarət edir və həll yollarını da göstərir. Bu yol isə həmin nəqliyyat vasitələrinin istismardan yığışdırılması ilə bağlıdır. Ancaq bu məsələnin bir mexanizmi olmalıdır. Əhalidən istismar müddəti bitmiş maşınları hansı əsasla yığacaqlar”.
E.Muradlının deməsinə görə, yerli avtomobil istehsalı olan bəzi ölkələr artıq bu addımı atıb:
“Məsələn Rusiya bu addımı atıb insanlardan köhnə maşınları alır, qarşılığında yeni maşın hədiyyə edir. Müəyyən şərtlər daxilində ya ucuz qiymətə satır, yaxud da aşağı faiz kreditləri ilə verir”.
Ekspert deyib ki, Azərbaycanda bununla bağlı dövlət proqramı qəbul olunub:
“Azərbaycan Respublikasının prezidenti 2018 ci il dekabrın 27 də “ Yol hərəkətinin təhlükəsizliyinə dair “ 5 illik dövlət proqramını təsdiqləyib. Həmin proqramda qeyd olunub ki, köhnə avtomobillər yığışdırılsın, yeni avtomobillər gətirilsin. Elektromobil və hibrid avtomobillərinin gətirilməsi üçün stimul yaradılsın. Təəssüflər olsun ki, üstündən xeyli bir vaxt keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı adiyyəti qurumlar tərəfindən heç bir addım atılmayıb. Dövlət Gömrük Komitəsi 3 min manata alınmış maşına 4 min dövlət rüsumu qoyur.Bax bu kimi hallara görə, insanlar da məcburiyyətdən köhnə maşınların ümüdünə qalır.”.
“Qafqazın ... məkanı”
“Azərbaycan” qəzeti-ndə isə “Qafqazın logistika və tranzit məkanı” sərlövhəli yazı dərc edilib.
Müəllif yazır ki, əlverişli coğrafi mövqeyindən yararlanaraq Avrasiya məkanının mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan həm də Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir:
“Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır və bu layihələr siyasi vəziyyətə təsir edir, sabitliyin təminatına töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan isə bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir. Yəni artıq nəqliyyat-logistika aspektində Azərbaycan regionun mərkəzi qovşağına çevrilib”.
Müəllifin vurğulamasına görə, Azərbaycanın ərazisindən keçən "Şərq-Qərb”, "Şimal-Cənub” və "Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri ölkənin logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır:
“...Ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunəsidir”
Yazının sonuna doğru da vurğulanıb ki, Azərbaycan və Çin "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb və müasir nəqliyyat infrastrukturunun yaradılması ölkənin prioritetləri sırasındadır.