Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

Putinin müşaviri Azərbaycanı da Avrasiya İttifaqında görür


Sergey Glazyev Yerevanda, 6 oktyabr (Foto: RFE/R)
Sergey Glazyev Yerevanda, 6 oktyabr (Foto: RFE/R)

"Əgər Qafqazda sülh istəyiriksə, onda bütün Qafqazı Avrasiya İttifaqına inteqrasiya etmək lazımdır".

Rusiya prezidentinin müşaviri Sergey Qlazyev bunu oktyabrın 6-da Yerevanda deyib.

Avrasiya İttifaqı Rusiyanın təşəbbüsü ilə yaradılıb. Qlazyev prezident Vladimir Putinin bu təşkilatla bağlı məsələləri əlaqələndirən müşaviridir.

O, Ermənistana iki ölkə arasında münasibətlərə aid forumda iştirak etmək üçün gedib.

Qlazyev Azadlıq Radiosunun Ermənistan xidmətinin suallarını cavablandırarkən deyib ki, postsovet ölkələri "nəhəng imperiyaların birgə qurulması sahəsində qədim mədəniyyətə sahibdirlər və yaxın 100 ildə öz gələcəklərini birgə qura bilərlər".

Prezident müşavirinin fikrincə, Avrasiya İqtisadi İttifaqının genişlənməsi təbii prosesdir. Çünki hələ ki yalnız keçmiş sovet məkanında gedir. O deyib ki, bu məkandakı ölkələr bir-birini yaxından tanıyır, ortaq dildə - rus dilində ünsiyyət qururlar, "vaxtilə birlikdə Rusiya İmperiyasını, daha sonra SSRİ-ni qurublar".

Buna da bax: Birgə Rusiya-Ermənistan hərbi qruplaşması təsdiqləndi

Qlazyevin sözlərinə görə, Vladimir Putinin təklifi ilə yaradılan bu nəhəng layihə "dost ölkələrin öz suverenliklərini qorunmaq şərtilə bir araya gəlməsi üçün bir vasitədir. Elə bir qurumdur ki, heç bir dövlət bir-birinin daxili işlərinə qarışmır və ortaq maraqlarına xidmət edən işbirliyi qurur".

Putinin müşaviri bildirib ki, "əgər biz Qafqazda sülh, siyasi problemlərin də həllinə apara biləcək qarşılıqlı yardım, əməkdaşlıq istəyiriksə, onda biz bütün Qafqazı Avrasiya İqtisadi İttifaqına inteqrasiya etməliyik".

"Əgər Azərbaycan Avrasiya İttifaqına qoşulsa, Qarabağ problemini həll etmək mümkün olacaqmı" sualına Qlazyev "hə" cavabı verib:

"Mən əminəm ki, əgər biz birgə iqtisadi məkan yaradacağıqsa, bizim müəssisələr, insanlar arasında uzunmüddətli əməkdaşlıq münasibətləri formalaşacaq, bizim iqtisadi dairələr birgə biznes quracaq, bizim aramızda inam artacaq, iqtisadiyyat siyasətdən önə keçəcək, əgər iqtisadiyyat siyasətdən önə keçirsə, onda ilk baxışda həlli mümkün görünməyən problemlərin aradan qaldırılması üçün əlavə imkanlar açılır".

Həm Azərbaycanın, həm də Ermənistanın eyni zamanda Avrasiya İttifaqında təmsil olunmasını mümkün sayıb-saymaması haqda suala cavab verərkən Putinin müşaviri deyib ki, Avrasiya İttifaqının qapıları bütün ölkələr üçün açıqdır, amma bu məsələdə həlledici sözü Ermənistanın deyəcək, "çünki biz qərarları konsensus qaydasında qəbul edirik".

Avrasiya İttifaqının Sovetlər Birliyini bərpa etmək cəhdi olması haqda fikirlərə gəlincə, Qlazyev deyib ki, bunu söyləmək "axmaqlıqdır". Putinin müşaviri bu fikrin ilk öncə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton tərəfindən səsləndirildiyini deyib:

"Avrasiya İttifaqı Ümumdünya Ticarət Təşkilatının prinsipləri əsasında qurulur. Vəssalam. Bu, iqtisadi birlikdir, siyasi yox. Bizim heç Avropa Birliyi kimi ümumi parlamentimiz, ümumi valyutamız yoxdu. Müştərək orqanlar isə yalnız ticarət məsələlərini tənzimləyr".

Avrasiya İqtisadi İttifaqı 2014-cü ildə Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə yaradılıb. Sonradan təşkilata Ermənistan, Qırğızıstan da qoşulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG