Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:35

Qələbənin rəngləri. 'Georgi lenti' niyə mübahisə mövzusudur


Gənclər Moskva küçələrində «Georgi lenti» paylayırlar.
Gənclər Moskva küçələrində «Georgi lenti» paylayırlar.

2005-ci ildə, nasist Almaniyası üzərində qələbənin 60-cı ildönümündə Rusiyanın dövlət «RIA Novosti» informasiya agentliyi yeni aksiya keçirib: ölkədə və xaricdə yoldan keçən adamlara minlərlə «Georgi lenti» paylanıb. Kampaniyanın şüarı «Unutmadım! Fəxr edirəm», lentsə böyük şücaətin rəmzi idi.

«RIA Novosti»nin bu qeyri-kommersiya aksiyası tezliklə populyarlaşdı. Özəl şirkətlər bu trendə «Georgi lenti»nin kütləvi istehsalıyla cavab verdilər. Dizaynerlər narıncı-sarı naxışlı paltarlar tikməyə başladılar. Vinil lentləri isə avtomobillərə, xırda ucuz qəlyanaltı yerlərindən striptiz-barlara qədər hər yerə yapışdırırlar. Onlardan reklamlarda da çox istifadə olunur.

Ancaq 2014-cü ildən sonra keçmiş SSRİ ölkələrində «Georgi lenti»ndən imtinaya başladılar. Artıq bu lent Rusiyanın təbliğatı kimi görünməyə başlamışdı.

Ukrayna

2014-cü ildə Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən fəallar «Georgi lenti»ni öz rəmzlərinə çevirmişdilər. Buna görə də, bir çox ukraynalıdan ötrü bu lent Rusiya təcavüzünün və ekspansiyasının rəmzidir. Aksiyanın təşkilatçısı, «RIA Novosti»nin keçmiş media layihələri direktoru Natalia Loseva sonradan lentdən bu şəkildə istifadəyə mənfi yanaşdığını etiraf etmişdi.

İki il öncə isə Kiyev yeni bayram təsis edib - Anım və Barışıq günü. Onun simvolu qırmızı lalədir.

Qırmızı-yaşıl lent
Qırmızı-yaşıl lent

Belarus

2015-ci ildə Belarus prezidenti Alyaksandr Lukashenka «Georgi lenti»nə alternativ təklif edib: üzərində alma çiçəyi olan qırmızı-yaşıl (Belarus bayrağının rənglərinə uyğun) lent. «Böyük Qələbə çiçəyi» adlanan bu rəmzi prezidentə ilk dəfə respublika gənclər birliyinin fəalları bağışlayıblar. Ölkə başçısı onu o qədər bəyənib ki, dərhal öz pencəyinə taxıb.

Qırğızıstan

Bu ölkədə narıncı-qara «Georgi lenti»ni dövlət bayrağının rəngləri – qırmızı və sarıyla əvəzləyiblər. Hərçənd, ölkədə «Georgi lenti» rəsmi yasaqlanmayıb. Qırğızıstanda onu Rusiya imperiyasının qırğız əhaliyə qarşı aqressiyasının və 1916-cı il hadisələrinin rəmzi hesab edirlər. O zaman qırğızlar arxa cəbhədə işləməyə kütləvi səfərbərliyə qarşı üsyan qaldırmış, 600 nəfər ölmüşdü. Yeni sarı-qırmızı lenti isə hökumət «Qələbə lenti» adlandırır, ancaq onun rəsmi adı yoxdur.

Özbəkistan

Özbəkistanın «Kamolot» (Kamillik) gənclər təşkilatı bu il «Georgi lenti»nə alternativ kimi dövlət bayrağının rənglərinə boyanmış lentlər təklif edib. Belə lentləri ölkənin təhsil müəssisələrində və hətta yanacaqdoldurma məntəqələrində paylayırlar. Televiziyada jurnalistlər və aparıcılar da bu lentdən taxırlar.

Mavi lent
Mavi lent

Qazaxıstan

2015-ci ildə Qazaxıstanda «Georgi lenti»nə alternativ kimi üzərində milli ornament olan mavi lent təklif ediblər. Bu təşəbbüsü dəstəkləyənlər bunun «müstəqil Qazaxıstanla Rusiyanın quberniyası arasında seçim» olduğunu deyirlər.

Moldova

2014-cü ilin əvvəlində Moldova Liberal Partiyasının parlamentin müzakirəsinə çıxardıqları yeni qanun layihəsi «Georgi lenti»nin nümayişi və ya istifadəsinə görə fiziki şəxslərin 2400 ley (200 dollardan artıq), hüquqi şəxslərinsə 4000 ley (400 dollara yaxın) cərimə olunmasını nəzərdə tutur.

BƏS «GEORGİ LENTİ» NECƏ YARANIB?

Rusiya imperatriçəsi Böyük Yekaterina 1769-cu ildə Müqəddəs Georgi ordenini təsis edib. Rəngləri sarı və qara olan bu medalın rəngi sonradan narıncı və qarayla əvəzləndi. O zaman bu, ən ali hərbi mükafatlardan biri sayılırdı.

Üstündən yarım əsr keçəndən sonra, imperator I Aleksandrın vaxtında Georgi lentli mükafatları artıq aşağı hərbi rütbələrə və hətta mülki şəxslərə, din xadimlərinə də verməyə başladılar. Beləliklə, lent imperiyanın sadə əhalisi arasında kütləvi tanınmağa başladı.

Bolşeviklər hakimiyyətə gələndən sonra çar Rusiyasının bir çox mükafatı kimi, «Georgi lenti»ni də ləğv etdilər. Ancaq 1940-cı illərdə SSRİ onun rənglərindən dənizçi qvardiyaçıların formalarında, müharibənin sonuna doğru isə Almaniya üzərində qələbəyə görə medallarda istifadə etdi. Bundan sonra həmin lentlər Qələbə paradlarının atributuna çevrildi. Ancaq lent məhz 2005-ci ildən sonra Rusiyada milli həmrəylik rəmzinə çevrilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG