Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 00:48

Superulduz George Michael vəfat edib


Britaniya pop superulduzu George Michael dekabrın 25-də, 53 yaşında İngiltərənin Oksfordşir mahalındakı evində vəfat edib.

Əslən yunan olan George Michael “Wham!” duetinin üzvü kimi məşhurlaşmağa başlamış, Club Tropicana və Last Christmas mahnılarını dillər əzbəri etmişdi.

“Ötən Milad” mahnısının ifaçısı elə Milad günü də dünyasını dəyişib.

Əsl adı Georgios Kyriacos Panayiotou olan Michael az qala 40 illik musiqi karyerası ərzində 100 milyon albom satıb.

Onun ən son albomu 2014-cü ildə çıxmışdı və Symphonica adlanırdı.

Thames Valley sahəsinin polis idarəsindən mətbuata deyiblər ki, təcili yardım müğənninin Oksfordşirdəki evinə gündüz saat 1:42-də gəlib və ölüm hadisəsi ilə bağlı şübhəli heç nə aşkar olunmayıb.

Bununla belə, "The Guardian" ölümün "izahedilməz" olduğunu yazır. Başqa mənbələr ölümə ürək tutmasının səbəb olduğunu bildirilər.

Müğənninin nümayəndəsi bildirib ki, George Michael öz evində “sakitcə” vəfat edib.

Bundan əvvəl 2011-ci ildə George Michael az qala sətəlcəmdən öləcəkdi.

O vaxt Vyana xəstəxanasında müalicəsini bitirdikdən sonra müğənni öz evinin qarşısında gözü yaşarmış halda müsahibə vermiş və həyatının “ipdən asılı” olduğunu söyləmişdi.

Həkimlər onun nəfəs ala bilməsi üçün traxeyasını yarmalı olmuşdular, müğənni isə bir neçə gün komada qalmışdı.

Gələn il Michael-ın 1990-cı ildə yazılmış Listen Without Prejudice (Qərəzsiz dinlə) adlı albomu təkrar buraxılacaqdı.

Bundan başqa onun Stevie Wonder, Elton John və Freedom 90 hitinin videosunda görünən supermodellərin iştirakı ilə çəkilən filmi ekranlara çıxmalı idi.

Qaralama variantı “Azadlıq” adlanan filmdə mətni George Michael-ın özü oxumalıydı.

George Michael özünün müğənni karyerası ərzində çoxsaylı mükafatlara, o cümlədən üç Grammy və 5 MTV mükafatlarına layiq görülüb.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG