Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

ABŞ rəsmisindən AzadlıqRadiosu mesajı


George Kent
George Kent

“Çox ümid edirəm ki, növbəti səfərim zamanı AzadlıqRadiosunun reportajlarını dinləyə biləcəyəm"

“Turan” agentliyinin xəbərinə görə, bu gün, oktyabrın 10-da Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini George Kent belə deyib.

O, media, digər əsas hüquq və azadlıqların önəminə diqqəti çəkib.

“Media azadlığı toplaşma azadlığı və söz azadlığı ilə yanaşı cəmiyyətlərin uğurunu təmin edən azadlıqlardan biridir”, deyən Kent Azərbaycandakı təmaslarından bəhs edib. Azərbaycan prezidenti, xarici işlər naziri, biznes dairələri, müxalifət, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüyünü bildirən ABŞ rəsmisi görüşlərin məzmunundan da danışıb.

Onun sözlərinə görə, görüşlərdə toplaşma azadlığı və qanun aliliyi də daxil olmaqla fundamental azadlıqlara hörmətin, korrupsiyaya ilə mübarizənin, ikitərəfli münasibətlərin dərinləşməsinin vacibliyi vurğulanıb.

Əfqan Muxtarlı haqqında...

George Kent hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlı haqda da danışıb. O, vurğulayıb ki, ABŞ, ölkəsindən asılı olmayaraq hər bir jurnalistin təhlükəsizliyini vacib hesab edir. Əfqan Muxtarlinin məsələsini diqqətdə saxladıqlarını ifadə edən Kent əlavə edib ki, bu məsələni 2 həftə əvvvəl Vaşinqtonda Gürcüstanın xarici işlər naziri ilə görüşündə də müzakirə edib.

Əfqan Muxtarlı 2 il əvvəl Gürcüstanda oğurlanaraq Azərbaycana təhvil verildiyini bildirir. Gürcüstana sığınan jurnalist qaçaqmalçılıq və başqa cinayətlərdə ittiham edilərək 6 il həbs cəzası alıb. O ittihamları qurma sayır.

George Kent jurnalistlərə habelə deyib ki, Bakıya səfərinin əsas məqsədi ABŞ-la Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırmaqdan ibarətdir. Onun sözlərinə görə, ABŞ daha firavan, təhlükəsiz və inkişaf etmiş Azərbaycan görmək istərdi.

“”Cənub Qaz Dəhlizi” layihəsinə müxtəlif dövlətlər və şirkətlər milyardlarla dollar xərcləyib. Bu layihə vasitəsilə bölgənin enerji ehtiyatlarının Avropaya çatdırlıması təmin olunacaq. Məhz “Cənub Qaz Dəhlizi”nə bənzər layihələr dövlətlər və şirkətlər arasında əməkdaşlığın əyani bir nümunəsidir ki, ümumi firavanlığa xidmət göstərir”, deyən Kent bildirib ki, “Cənub Qaz Dəhlizi” kimi mühüm layihələr enerji təhlükəsizliyinə təminat verir.

Dağlıq Qarabağ...

George Kent Dağliq Qarabağ məsələsi haqda da danışıb. O, deyib ki, Bakıdakı təmasları zamanı Azərbaycan xarici işlər nazirinin Nyu-Yorkdakı, eyni zamanda prezident Əliyevlə Ermənistan baş nazir Pashinian-ın Düşənbədəki təmasını müzakirə edib:

“Azərbaycanda hamı münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdır. Ölkəyə səfərim zamanı biz münaqişənin həlli prosesində son zamanlar əldə olunan irəliləyişləri, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü, prezident İlham Əliyevlə baş nazir Nikol Pashinianın Düşənbədəki görüşünü qeyd etmişik. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Madrid prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə diqqətlə yanaşır. Bu ay, iki həftədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər. Qeyd etmək istərdim ki, qoşunların təmas xəttində gərginliyin səviyyəsi azalıb. Tərəfləri bu ab-havanı qorumağa çağırırıq”.

Xatırlatma

Azadliq.org Azərbaycanda 2017-ci ilin martından, Baş Prokurorluğun müraciəti ilə bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə “hədə” yaratdığını bildirib.

Ötən il mayın 12-də Yasamal Rayon Məhkəməsi Azadliq.org-un, Azadlıq qəzetinin, Meydan TV-nin, daha iki internet TV proqramının (Turan TV, "Azərbaycan saatı") saytlarının bloklanması barədə qərar çıxarıb. Beynəlxalq insan haqları qrupları, Qərb hökumətləri bu addımı pisləyib.

Azərbaycan Baş Prokurorluğunun sözü gedən müraciətindən əvvəl AzadlıqRadiosu-nun Azərbaycan xidməti, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi ilə birlikdə prezident ailəsinin və onun yaxın çevrəsinin maliyyə fəaliyyətinə dair materiallar dərc etmişdi.

2018-ci ilin yanvarından AzadlıqRadiosu-nun ingilisdilli saytı da Azərbaycanda bloklanıb.

Azərbaycan Baş prokurorluğu 2014-cü ildə AzadlıqRadiosu-nun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi. Sonradan bu ittihamlar məhkəmədə dəlillərin olmaması üzündən rədd edilib.

AzadlıqRadiosu bununla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Azərbaycanda internet saytının bloklanmasına baxmayaraq, AzadlıqRadiosu-nun Azərbaycan xidməti rəqəmsal strategiyadan və peyk rabitəsindən istifadə edərək milyonlarla ölkə vətəndaşını informasiya ilə təchiz etməkdədir.

AzadlıqRadiosu-nun və daha dörd media orqanının saytlarının bloklanmasını Avropa Birliyi, ABŞ-da mənzillənən “Freedom House” təşkilatı da pisləyirdi.

Azərbaycan prezidenti İlham Əliyev isə insan haqları qrupları və Qərb hökumətlərinin tənqidlərini qəbul etmir. O belə tənqidləri ölkəyə qarşı “müəyyən dairələr tərəfindən aparılan məqsədli qarayaxma kampaniyası” adlandırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG