Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Gənc nəsil niyə seksdən imtina edir?


Foto: arxiv
Foto: arxiv

Amerika alimləri sübut ediblər ki, müasir gənclər, milenium nəsli, 1990-cı ildən sonra doğulanlar və 2000-ci ildən sonra həyata atılanlar sekslə get-gedə daha az maraqlanırlar. Müasir gənc nəsil son 50 ilin ən aseksual (seksə ehtiyac duymayan) nəslidir. Bu nədir? Yeni ümumdünya seks əksinqilabımı yaxınlaşır?

AzadlıqRadiosu-nun rus xidmətinin əməkdaşı Anton Smirnov hazırladığı proqramda bu mövzunu araşdırmağa çalışıb.

SEKSDƏN İMTİNA TRENDİ

Müasir dünyada seksuallıq barədə ənənəvi təsəvvürlərin yenidən dərki prosesi baş verir. Müxtəlif ölkələrin sosioloqları deyirlər ki, postsənaye cəmiyyətlərində gənclər sekslə get-gedə daha az maraqlanırlar. Ənənəvi olaraq, seksual cəmiyyət kimi tanıdığımız, məhsuldarlıq bayramlarının, daoist ayinlərinin keçirildiyi Yaponiya hazırda demoqrafik eniş dövrü yaşayır. Bu ölkədə get-gedə daha çox seksin özünü yox, imitasiyasını görürük. Seks oyuncaqları, erotik komikslər, videooyunlar və nəhayət virtual reallıq...

Moskvada ilk erotik incəsənət muzeyi
Moskvada ilk erotik incəsənət muzeyi

Qərb cəmiyyətlərində də seksdən imtina trendi mövcuddur. Floridanın Atlantik Universitetinin alimləri qeyd edirlər ki, 90-cı illərdə doğulmuş gənc amerikalılar sekslə əvvəlki nəsildən daha az maraqlanırlar. Nikah kimi seks də yetkin həyatın atributudur. Gənclər real partnyorla münasibət qurmaqda maraqlı deyillər. Əvəzində heç bir öhdəlik tələb etməyən pornosaytlara və seks-serverlərə üstünlük verirlər.

Avropa Universitetində aparılmış hesablamalar göstərir ki, son illər rusiyalı qadınların 15%-dən çoxu, kişilərinsə 9%-dən çoxu seksdən qaçır. Rəyi soruşulanların 20%-i nikahda, amma cinsi əlaqəsiz xoşbəxt olduqlarını etiraf ediblər.

Sosioloq, Moskva Ali İqtisadiyyat Məktəbinin Demoqrafiya İnstitutunun baş elmi işçisi Olga Isupova deyir ki, gənclər hələ də seksin özünə maraq göstərirlər, onların yayınmağa çalışdığı öhdəliklər və münasibətlərdir.

“SEKS TƏHSİLİYLƏ DOYUBLAR”

Olga Isupovanın sözlərinə görə, hazırda hər hansı münasibətə girmədən seksual impulsun təmini imkanları genişləndiyindən, insanlar hər hansı öhdəliklər tələb edən münasibətlərə girməyə tələsmirlər. O qeyd edir ki, münasibətsiz və hətta partnyorsuz seks mümkün olduğu kimi, sekssiz münasibətlər də insanlar üçün normaldır:

"Belə yaşayan insanlar hər zaman olub. Seksin rolunun böyüdülməsi seksual inqilabdan başlayıb. ...Ola bilsin ki, indiki nəsli seks mövzusu ilə, məsələn, seks təhsili ilə... doydurublar. Ola bilsin, bütün bu reaksiyalar əks reaksiyaya səbəb olur”.

Həkim-seksoloq Amina Nazaraliyeva deyir ki, işdə çox vaxt keçirən insanlar başqa bir insanın (partnyorun) və özlərinin psixoloji tələbatlarını ödəməyə gərəkən enerjiyə malik olmurlar. Tıxaclardan keçib evə çatanadək onların gücləri qalmır.

Astarte heykəli, cinsi sevgi və müharibə ilahəsi, İsraildə tapılıb
Astarte heykəli, cinsi sevgi və müharibə ilahəsi, İsraildə tapılıb

Yaponiyada ayrı-ayrı korporasiyalarda çalışan ərlə arvad bir-birini ancaq gecənin qaranlığında, yataqda, bir də həftəsonları görə bilir. Nəticədə təqaüdə çıxmış adamlar arasında boşanmaların sayı sürətlə artır. Çünki insanlar təqaüdə çıxandan sonra anlayırlar ki, yanlarında tamamilə yad, tanımadıqları, onlara xoş olmayan insan yaşayır. 65-70 yaşdan sonra insanlar boşanmağa və tənha yaşamağa başlayırlar.

MEDİADA QABARDILMA

"Seksprosvet" təşkilatından Tatiana Dmitrieva da cəmiyyətdə bu sahəyə marağın azaldığını deyir. O da bunun 90-cı illərdən başlayaraq seksin mediada həddindən çox qabardılıması ilə əlaqələndirir. "İndi seks həddindən çoxdur, o hər yerdədir və mənə elə gəlir ki, insanları məyus edən də budur: ətrafda seks o qədərdir ki. Özü də medianın yaratdığı, insanları məyus edən müəyyən bir şəkil var. ...Yəni mənim qarın əzələlərim şəkildəki kimi deyilsə, klipdəki kimi ideal bədənim yoxdursa, seks mənim üçün deyil... Ola bilsin ki, məhz insanlarda formalaşan bu baxış seksə marağın itməsinə yol açır: insanlar, sadəcə, özlərini sekslə assosiasiya etmirlər", – o deyir.

Amina Nazaraliyevanın sözlərinə görə, müasir cəmiyyət, özəlliklə də Qərb cəmiyyətləri o qədər narsissistdir ki, sosial şəbəkələrdə bəyənmələrdən (layklardan) çox asılıdır:

Amina Nazaralieva
Amina Nazaralieva

"Mənə elə gəlir ki, bizdə seks azalmayıb, sadəcə, həqiqətən istədiyimiz seks artıb. Biz heç bir öhdəliksiz, ...günah, borc, ...yaxud utanc hissi ilə yüklənməmiş seks istəyirik, yalnız həzz və rahatlıq istəyirik. İndi biz təklikdə yaşaya bilirik. Məncə, bütün tariximiz ərzində heç vaxt belə bir şey olmayıb. Bizə həmişə partnyor, yaxud ailə lazım olub. Sadəcə, indi istədiyimizi etmək imkanı yaranıb”.

GEC YETKİNLƏŞMƏ

Olga Isupova diqqəti müasir uşaqların gec yetkinləşməsinə, uzun müddət valideynlərdən asılı qalmasına yönəldir: "Moskvanın özündə 12 yaşında uşaqlar yolu müstəqil keçə bilmirlər, onları əllərindən tutub aparırlar..."

"Son nəsillərdə bizdə münasibətləri kişilər yox, əsasən qadınlar qururdu. İndi isə onlar bunu etmək istəmirlər. Onlar soruşurlar: «Mən bunun əvəzində nə alacağam? Heç bir şey almayacağam». Onlar nəhayət anlayıblar ki, əgər bu, birtərəfli oyundursa, onda o, heç lazım deyil..." – Isupova deyir.

Amina Nazaraliyevanın sözlərinə görə, tədqiqatlar göstərir ki, qadınlar ərə getməyə daha çox can atır, amma nikahdan uduzanlar da məhz onlardır:

"Boşanmadan kişilər qadınlardan daha çox əziyyət çəkir, qadınlarsa azadlıqda qalmaqdan daha çox qazanır".

Qadınların kişilərdən maliyyə mənbəyi kimi yararlanmasından danışarkən, Olga Isupova hələ də belə qadınların mövcudluğuna təəccübləndiyini deyir:

Olga Isupova
Olga Isupova

"Axı həyat dəyişir. Artıq qadın təklikdə də həyatda qala bilər. Həm də, belə kişilər hamıya çatacaq qədər çox deyil..."

SONUNCU NƏSİL

"İndi yeni nəsil qadınlar slinqlə (uşağı qucaqda daşımaq üçün pambıq parçadan hazırlanmış əşya) gəzirlər, uşaqlarını 5 - 7 yaşına qədər əmizdirirlər, özləri də bununla fəxr edirlər. Onlar 9 -13 yaşına qədər uşaqla eyni yataqda yatırlar. Mən onlardan soruşuram: – Bağışlayın, bəs əriniz harada yatır? – Qonşu otaqda. – Yaxşı, bəs kiminlə yatır? – Ayıcıqla. Seksin olmamasının səbəblərindən biri də budur", – Amina Nazaralieva deyir.

Olga Isupova isə şübhələnir ki, əslində, bəlkə də bu misalda səbəblə nəticənin yeri səhv salınıb:

"Bəlkə heç o qadına seks lazım deyil. Bəlkə uşaq doğulandan sonra o seksdən qaçmaq üçün bəhanə tapıb".

Kirill Martynov
Kirill Martynov

Filosof və sosioloq Kirill Martynov-un təbirincə desək, biz uşaq dünyaya gətirməkdən ötrü sekslə məşğul olan sonuncu nəsilik.

Olga Isupova-nın sözlərinə görə, ailə həyat tərzi seçimlərindən biridir və bu seçim həmişə qalacaq. Çünki hər zaman bir yerdə yaşamaq istəyən insanlar olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG