Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:46

“Gəncə işi” ilə bağlı dinləmə keçirildi


Gəncə şəhəri. Flarmoniaya binası.
Gəncə şəhəri. Flarmoniaya binası.

Bu gün, Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) “Gəncə işi” ilə bağlı Müsavat Partiyası qərargahında dinləmələr keçirib.

Dinləmələrdə əsasən ötən il baş verən Gəncə olayları zamanı həbs edilən bəzi şəxslərin doğmaları çıxış ediblər. Onlar qeyd ediblər ki, yaxınları həbs edilən zaman işgəncələrə məruz qalıblar, bunun nəticəsində sağlamlıqlarını itirənlər var.

Ayrı-ayrı çıxışlarda vurğulanıb ki, dövlət işgəncə şikayətlərini nəzarətə götürməlidir. Habelə vurğulanıb ki, “ Gəncə iş”ndə yenidən istintaq aparılmalıdır. “Əgər burada 7-8 nəfər cinayət əməlinə yol veribsə, buna görə 77 nəfəri niyə həbs ediblər, onların günahı nədir?”-deyə natiqlərdən biri sual edib.

Çıxışlarda həmçinin iddia edilib ki, istintaq zamanı təqsirləndirilən şəxslərin hüquqları pozulub, onların müdafiəsinə lazımı imkan yaradılmayıb.
Dinləmələrdə o da qeyd edilib ki, ötən il iyulun 10-da Gəncədə baş verən olaylar təxribat olub: “Bunun gizlini yoxdur ki, sosial şəbəkədə bu barədə yazdılar, müzakirə açırdılar və sanki insanları hansısa əl təxribata çəkirdi” deyə həbs edilənlərdən birinin yaxını vurğulayıb.

Tədbirə yekun vuran SMMM rəhbəri Oktay Gülalıyev də bildirib ki, “Gəncə işi” dinləmələrin məqsədi əhalini bu hadisələrlə bağlı daha çox məlumatlandırmaq, istintaq prosesində baş vermiş pozuntuları ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Dinləmələrdə yer alan ittiham və tənqidlərə, hələlik, Baş Prokurorluq və başqa əlaqəli hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

--

Həbs olunanların yaxınları həmçinin martın 30-da Prezident Administrasiyası qarşısına toplaşıblar.

Təqribən 30-40 nəfərə yaxın olan bu şəxslər həmin hadisələr vaxtı yaxınlarının günhasız yerə həbs edildiklərini, üstəlik də , işgəncələrə məruz qaldıqlarını idda ediblər: “Onlara işgəncə verərək etmədikləri cinayətləri boyunlarına qoyublar, bu hadislərdə “ölən bəlli, öldürən bəlli”, xalqın uşaqlarını niyə həbsə alıblar” deyə şikayətçilər etirazlarını ifadə ediblər.

Onlar deyiblər ki, üzləşdikləri ədalətsizliklərlə bağlı dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşmək istəyirlər. “Bütün instansiylara şikayət ərizələri ilə müraciət etmişik, amma cavab verən yoxdur, ona görə ümidimizi prezidentə və Mehriban Əliyevaya bağlamışıq”-deyə onlar bildiriblər.

Gəncə olayları zamanı həbs edilənlərin bu açıqlamalarına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma hüquq-mühafizə orqanları bir qayda olaraq istintaq altında və cəzaçəkmə yerlərində işgəncələrin olması ilə bağlı səslənən şikayətləri qəbul etmirlər.

Martın 30-da Prezident Administrasiyası qarşısına toplaşan şikayətçilərin bəziləri daha sonra hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə birgə toplantı keçiriblər...

6 qurupun işi məhkəməyə verilib.

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb. Qurumda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.

Verilən məlumata görə, Gəncədə həmin ay sonrakı hadisələr və iki polisin qətli ilə bağlı isə 59 nəfər şəxslə bağlı həbs-qətimkan tədbiri seçilib.

2 qrupa hökm oxunub

Onlardan yalnız, hələlik, 2 qrupun məhkəməsi başa çatıb. Hökmlər, martın 1-də Sabunçu Rayon Məhkəməsində çıxarılıb. Onlar Cinayət Məcəlləsinin (CM) 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

Bir nəfər isə ayrılıqda mühakimə olunub. Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə, həbs olunan Qarabağ əlili Rza Səfərsoy bu il məhkəmə zalından azadlığa buraxılıb.

R.Səfərsoy ötən il iyulun 9-dan həbsdə idi. Ona qarşı CM-in 214-2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham irəli sürülmüşdü.

Səbail Rayon Məhkəməsi ona 2 il həbs cəzası vermişdi. Hökmdən narazı qalan R.Səfərsoy apellyasiya məhkəməsinə müraciət etmişdi.

Buna da bax:Gəncə hadisələri vaxtı həbs olunan Qarabağ əlili məhkəmə zalından buraxıldı

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG