Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:51

Gəncə hadisələri vaxtı həbs olunan Qarabağ əlili məhkəmə zalından buraxıldı


Həbs
Həbs

Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə həbs olunan Qarabağ əlili Rza Səfərsoy məhkəmə zalından azadlığa buraxılıb. Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə hakimlər kollegiyası bu barədə qərar qəbul edib.

R.Səfərsoy iyulun 9-dan həbsdə idi. İyulun 3-də Gəncədə icra başçısı güllələnəndən bir gün sonra R.Səfərsoy Facebook səhifəsində «Haqqı pozulan, əzilən xalqım, özünü öldürmə, haqqını pozanı öldür» məzmunlu status yazıb, Gəncə şəhər icra hakimiyyətinin qarşısında aksiya keçiriləcəyi barədə paylaşım edib. Onun bu əməli terrorçuluğa və dövlət əleyhinə çağırışlar kimi qiymətləndirilib. Ona qarşı CM-in 214-2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham irəli sürülüb.

R.Səfərsoy özünü təqsirli bilməyib. Deyib ki, E.Vəliyevə antipatiyası vardı. Çünki o, vətəndaşları saymırdı, insanlarda dövlətçiliyə inamsızlıq yaradırdı: «Cənab prezident özü də dəfələrlə rüşvətxor, vətəndaşları incidən məmurları tənqid edib, cəzalandırıb. Mən «məmurlara ölüm» yazanda mənəvi ölümü nəzərdə tutmuşam. Prezidentin onları vəzifədən çıxarması onlar üçün elə ölümə bərabərdir».

Səbail Rayon Məhkəməsi ona 2 il həbs cəzası vermişdi. Hökmdən narazı qalan R.Səfərsoy apellyasiya məhkəməsinə müraciət edib.

Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində R.Səfərsoyun çıxışı qısa olub. Deyib ki, 17 yaşından dövlətinə, xalqına xidmət olub.

R.Səfərsoy 16 il Silahlı Qüvvələrdə zabit kimi xidmət edib. 2008-ci ildə səhhətindəki problemlərlə əlaqədar ehtiyata buraxılıb, ikinci qrup əlildir.

Onun çıxışından sonra hakimlər qısa müşavirə edərək, hökmün dəyişdirildiyini elan ediblər. Qərara əsasən, R.Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. Müddət tamam olduğuna görə o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 70-dək şəxsin həbs edildiyini, 11 nəfərin axtarışda olduğunu açıqlayıb.

Axtarışda olan bəzi şəxslərin silahlı müqavimət göstərərkən öldürüldüyü haqqında məlumatlar yayılıb (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG