Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Gəncədə baş verənlər hakimiyyətdaxili çəkişmə ilə bağlıdırmı?


Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?

Dünən, iyulun 10-da, Gəncədə nə baş verib?

Gəncə sakinləri bu suala çiyinlərini çəkirlər. Bizimlə söhbət edən Gəncə sakinlərinin əksəriyyəti hadisələr zamanı saxlanan şəxslərin heç birini tanımadıqlarını deyirlər. Rəsmi məlumata görə, şəhərdə iğtişaş yaratmaq istəyən azı 40 nəfər saxlanıb.

Gəncədə, tənqidi medianın nümayəndələri demək olar ki, qalmayıb, onlar, təzyiqlərə məcbur qaldıqlarını iddia edib, şəhəri, hətta ölkəni tərk etməyə məcbur olduqlarını deyirlər.

Beləliklə, Gəncədə baş verənlərlə bağlı suallar cavablardan xeyli çoxdur.

Suallardan bir qismi, hadisə vaxtı qətlə yetirildikıləri bildirilən yüksək rütbəli iki polis zabiti - polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasovla bağlıdır. Gəncəlilər sosial şəbəkələrdə, onların müsbət imic yaratmış zabitlər olduqlarını deyirlər.

Bəs, necə olur ki, hadisə yerində olan çoxsaylı polis əməkdaşları öz zabitlərini hücumdan qoruya bilməyiblər? Adi vaxtlarda şəhərə qoruyucu qalxanlarla çıxan polislər bu dəfə, aksiyanın olacağı barədə məlumatlar yayıldığı halda, iki zabiti qoruya bilməyəcək qədər hazırlıqsızmı olublar?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosunun bu yöndə suallarına cavab vermək istəmədi, o, sadəcə telefon dəstəyini asdı.

İki yüksək rütbəli zabitin öldürülməsi müəmmalıdır

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, Bakıda, hətta icazəli aksiya vaxtı belə polis onların silahlı olub-olmamasını yoxlayır, Gəncənin mərkəzində iki polisin belə öldürülməsi müəmmalıdır:

“Təsəvvür edin ki, biz Məhsul stadionunda razılaşdırımış mitinq edəndə, hətta məni də yoxlayıb, stadiona buraxırlar. Bəs necə olur ki, bu adamlar mitinq meydanına heç bir yoxlama olmadan buraxılıblar? Bu, bir müəmma. Necə olur ki, ölkənin güc strukturları orda hadisə yerində izləmə kameraları quraşdırmayıblar? Müəmma həddən artıq çoxdur”.

Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyir ki, izahat xarakterli söhbət zamanı zabitləri qəfildən vurublar:

“Dünən Gəncədə toplaşanlar əslində Gəncə əhalisi tərəfindən müdafiə olunmayan qruplardır. Onlar xaos yaratmaq, yaranmış vəziyyətdən istifadə edərək aranı qarışdırmaq məqsədli hərəkətlər edirdilər. Əgər kadrlara baxmısınızsa, orda böyük kütlə görmürük. Polis orda olanlara dağılışmağı tövsiyə edirdi, fiziki güc də tətbiq etmirdi”.

Gəncədə baş verənlərlə bağlı ictimai fəallar və təhlilçilər müxtəlif versiyalar irəli sürür. Əslən Gəncədən olan ictimai fəal Bəxtiyar Hacıyev, iddia olunduğu kimi iki polis zabitinin ölümü ilə nəticələnən hadisəni belə izah edir:

“Mənimçün şübhəli görünən odur ki, öldürülən polis zabitlərinin hər ikisi ilə bağlı Gəncə ictimaiyyətində kifayət qədər müsbət rəy var, ondan bir həftə əvvəl Gəncə əhalisinin sevmədiyi şəxsin güllələnməsi elə bir şübhə yaradır: Ola bilər ki, bu iki şəxsi birləşdirib, həmin o birinci hadisədəki tərəflərin narazılığı hökumətin özünün ətrafında birləşmək üçün bir çağırış kimi istifadə edilsin”.

Ölkənin ikinci şəhərində yer almış hadisələrdən baş şəhər – Bakının sakinləri nə dərəcədə məlumatlıdırlar. AzadlıqRadiosu paytaxt sakinləri arasında sorğu aparıb:

Gəncədə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Klanlararası çəkişmə

Təhlilçilər, Elmar Vəliyevə qarşı sui-qəsd və bu hadisədən sonra ixtişaşın baş verməsini bir neçə səbəblə izah edirlər.

Birincisi, hakimiyyətin iddia etdiyi kimi hansısa dini qrupların və ya narazı qüvvələrin, doğrudan da, hücum təşkil etməsidir.

İkinci versiyaya görə səbəb hakimiyyətdaxili mübarizədir. Bu versiyanı “Zerkalo” qəzetinin şərhçisi olmuş Rauf Mirqədirov və Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri, əslən Gəncədən olan Arif Məmmədov irəli sürüblər. Arif Məmmədov deyir ki, uzun müddət idi ki, Azərbaycan hakimiyyəti daxilindəki klanların Gəncə və ətraf rayonlar uğrunda nüfuz savaşı gedirdi:

“Mən bilirdim ki, bu, gec-tez üzə çıxacaq, amma bunun Elmar Vəliyevə qarşı silahlı hücumla nəticələnəciyini gözləmirdim. Amma bu belə oldu və artıq Gəncə qaynayan bir qazanı xatırladır”.

Təhlilçilər bir neçə ildir Azərbaycan hakimiyyəti daxilində prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qrupu ilə birinci vise-prezident və birinci xanım Mehriban Əliyevanın himayəsindəki qrupların adlarını çəkirlər.

Amma hakimiyyət təmsilçilərinin heç birindən belə qrupların mövcudluğu və fəaliyyəti ilə bağlı şərh almaq mümkün olmayıb.

Gəncə hadisəsində xarici qüvvələrin barmağının olmasını əsasən, hakimiyyət və ona yaxın qüvvələr iddia edir. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hadisə ilə bağlı Facebook səhifəsində status paylaşıb, durumu belə izah edib:

"Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil".

Başqa yerlərdə də ola bilər...

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, nəinki Gəncədə, bütün ölkədə hakimiyyətdən böyük narazılıq var və onun fikrincə, Gəncədəki durumdan həm hakimiyyətin daxilindəki qruplaşmalar və hətta xaricdəki qüvvələr də faydalanmağa çalışırlar:

“Moskvada, Hollandiyada, Azərbaycana qarşı olan qüvvələr fəallaşıb və bu hadisələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bilirsiz ki, son günlərdə Talış Muğan Respublikası adlanan qondarma qurumun mühacir hökuməti elan olunub. Yəni, faktiki olaraq Azərbaycana qarşı mübarizə, Azərbaycanın parçalanması uğrunda mübarizə kəskin xarakter alıb”.

Müsahiblərimiz Gəncə olayının başqa rayonlarda da baş verə biləcəyini istisna etməyib, səbəblərin və məqsədlərin nə olmasından asılı olmayaraq, sakinlər üçün ən vacib olanın təxribata uymamaq olduğunu deyirlər.

Gəncə, Azərbaycanın strateji şəhəri sayılır. Bura cəbhə xəttinə yaxın ən böyük şəhərdir, beynəlxalq enerji bə nəqliyyat xətlərinin keçdiyi coğrafi ərazidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG