Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 17:27

Gəncə işi: ‘Həkim az qala, məni döyəcəkdi...’


arxiv foto
arxiv foto

Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən bir neçəsinin sağlıq durumu məhkəmədə yenə də pisləşib. Bu, iyunun 27-də Sabunçu Rayon Məhkəməsində baş verib. Orada Şahin Verdiyev, Elmir Hüseynzadə, Emil Məmmədov və daha beş nəfərin işinə baxılırdı.

Təqsirləndirilən şəxslərin vəziyyəti məhkəmə iclası başlamamışdan öncə ağırlaşıb və Təcili Tibbi Yardım çağrılıb. Məhkəmədə bu barədə danışan Şahin Verdiyev Təcili Tibbi Yardımın həkimlərinin onlara münasibətindən şikayətlənib. Bildirib ki, həkimlər onlara qarşı kobud, alçaldıcı tərzdə davranıb:

“Həkim az qalırdı məni döysün. Məni itələyirdi. Başa düşmürəm, bu nə deməkdir? Həkimsən, kömək eləyirsən, elə, eləmirsənsə, çıx get. Yoxsa mənim kimliyimlə nə işin var? Elə həddə çatdırdı ki, özümdən çıxdım. Guya tibbi yardım göstərməyə gəlmişdi, daha da əsəbiləşdirdi. Dözməyib, mən də onu acıladım. Bəsdir də. Əgər öldürmək istəyirsinizsə, birdəfəlik öldürün, bizim də canımız qurtarsın...”

PROKUROR: "SİMULYASİYADIR"

Təxminən iki ay öncə Ş.Verdiyevin səhhətində problem yaranıb – o, infarkt keçirib, nəticədə ağzı əyilib, əli və ayağının birini hərəkət etdirə bilmir. Bir neçə dəfə məhkəmə iclaslarında huşunu itirib. Onunla birlikdə mühakimə olunan təqsirləndirilən şəxslərdən Asif Cavadov xüsusi dərmanla nəfəs alır. Onun də vəziyyəti məhkəmədə bir neçə dəfə ağırlaşıb.

İyunun 27-də məhkəmə iclasında vəkillər təqsirləndirilən şəxslərin durumu ilə əlaqədar bir sıra vəsatətlər qaldırıblar. Zibeydə Sadıqova Şahin Verdiyevin həbsindən sonra işgəncə nəticəsində səhhətində problemlər yaranması barədə dediklərini xatırladaraq, onunla bağlı məhkəmə tibbi və psixiatrik ekspertizası keçirilməsini, üzərindəki xəsarət izlərilə bağlı rəy verilməsini istəyib. Vəkilin digər vəsatətləri onun ev dustaqlığına buraxılması, onun ailəsinin hesabına özəl klinikalarda müayinəsinə imkan verilməsi barədə olub.

Başqa bir vəkil Şəhla Hümbətova da hüquqlarını müdafiə etdiyi üç nəfərin ev dustaqlığına buraxılması, başqa müdafiəçilər məhkəmə iclaslarının protokolları ilə tanış olmağa şərait yaradılması barədə vəsatətlər qaldırıb.

Prokuror bütün vəsatətlərin əleyhinə çıxıb. Deyib ki, Ş.Verdiyevin məhkəmədə durumunun pisləşməsi simulyasiyadır. Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər ağır və xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunurlar, onların həbsdə saxlaması üçün əsaslar aradan qalxmayıb, bu üzdən ev dustaqlığına buraxılmamalıdırlar.

ŞAHİDLƏR MƏHKƏMƏYƏ GƏLMİR

Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərdən yalnız birini qismən təmin edib – məhkəmə iclasının protokolları ilə tanış olmaq məsələsini. Vəkil Əziz Qəmbərov müvəkkili ilə birlikdə tanış olmaq istəyirdi, hakimlər isə yalnız vəkilin özünə icazə veriblər.

Daha sonra 8 nəfərlik bu qrupun işinə məhkəmə istintaqının son mərhələsi olan sənədlərin tədqiqi (cinayət işinin materiallarının elanı) başlayıb.

Gəncə işinə görə həbs olunan 11 nəfərlik başqa bir qrupun (Kamil Quliyev, Xəyal Qafarov) işinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Bu məhkəmə iclasında ötən il iyulun 10-da Gəncədə keçirilmiş etiraz aksiyasından videogörüntülər nümayiş etdirilib. Videodan görünür ki, təqsirləndirilən şəxslərdən bir neçəsi də həmin vaxt orada olub. Amma onların kiməsə daş atması, xəsarət yetirməsi görünmür. Sadəcə, orada dayandıqları görünür.

Bu məhkəmədə vəkillər bir sıra şəxslərin əlavə şahid kimi dindirilməsini istəmiş, hakimlər də bu barədə vəsatətləri təmin etmişdi. Amma həmin şahidlər məhkəməyə gəlmir. Vəkillər isə onların dindirilməsinin vacib olduğunu bildirirlər. Məsələn, vəkil Nazim Musayev deyir ki, onun istədiyi şahid dindirilsə, müvəkkilinin iş materiallarında qeyd olunduğu kimi, iyulun 13-də yox, əslində, 10-da həbs olunduğunu sübut edə bilər. Bu üzdən məhkəmə həmin şahidlərin məcburi gətirilməsi barədə qərar qəbul edib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.
Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.

XS
SM
MD
LG