"Gəncə işi"nə görə beynəlxalq axtarışa verildiyi və 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlandığı deyilən Müşfiq Qurbanov-un Azərbaycana gətirildiyi və artıq Bakı İstintaq Təcridxanasına yerləşdirildiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna həmin şəxsin anası Ənisa Qurbanova məlumat verib.
Onun deməsinə görə, oğlu Müşfiq Qurbanov 2018-ci ilin iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib. Anasının vurğulamasına görə, O, 2018-ci ildə baş vermiş Gəncə hadisələri zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və sair əməllərdə ittiham olunur.
Ənisə Qurbanovanın sözlərinə görə, oğlu işləmək üçün 2017-ci ilin fevralında Rusiyaya gedib. O qeyd edib ki, oğlunu 2018-ci ilin oktyabr ayında Moskvada yaşadığı evin qarşısında mülki geyimli polislər uşaqlarının gözü qarşısında saxlayıblar:
"Sonra məlum olub ki, Gəncədə baş vermiş hadisələrə görə, axtarışa verilib. O, Yunus Səfərovu tanımırdı heç, oğlumu niyə həbs ediblər?".
Ə. Qurbanova qeyd edib ki, Moskva təcridxanasında bir il üç ay saxlanan oğlu barəsində istintaq hərəkət aparılmayıb:
"Məhkəmə əvvəl onun haqqında bir aylıq həbs qərarı verib. Sonra müddət daha beş ay artırılıb ki, bu müddətdə onun təhvil verilməsi üçün kifayət qədər sübutlar təqdim olunsun. Keçən ilin aprel ayında müddət bitib və Moskva məhkəməsi təqdim edilən sənədləri yetərli saymayıb. Lakin vəkil oğlumun həbsdən buraxılması barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib. Qərar verilib ki, saxlanma müddəti daha altı ay uzadılsın".
Ə. Qurbanova vurğulayıb ki, oğlunun Bakıya gətirilməsi barədə məlumatı olmayıb:
"Heç bir məlumatım yox idi. Hər gün qorxurdum ki, gətirəcəklər, mənim də xəbərim olmaz. Belə də oldu. Yanvarın 17-də xəbər tutdum ki, Kürdaxanıya köçürülüb, lakin Bakıya nə vaxt gətirildiyi barədə heç bir məlumatım yoxdur".
Ə.Qurbanova həmçinin qeyd edib ki, oğlunun səhhətində ciddi problemlər var, psixi xəstəlik və epilepsiyadan müalicə alıb:
"Bununla bağlı arayış və reseptlər var".
Ənisə Qurbanovanın bu dediklərinə, hələlik, Rusiya və Azərbaycanın rəsmi qurumlarından, eləcə də Müşviq Qurbanovun özündən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və onun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlamalıdır.
Rəsmi məlumata görə, bundan sonra iyulun 10-da da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin ( bəzi şəxslər isə axtarışa verilib ) işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.
Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir.
Yunis Səfərov və daha 11 nəfərin məhkəməsi isə yenicə başlayıb. Onlar məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar.
Həbs edilənlər məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, ifadələrə təzyiq altında imza atdıqlarını bildiriblər. Amma məhkəmə prosesində rəsmi qurumlar işgəncə şikayətlərini təkzib ediblər və elə halların subuta yetirilmədiyi açıqlanıb.
Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.