Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 16:10

Gəncə olaylarına görə 9 nəfər həbs edilib


Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.

Bu haqda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında yazılır.

Məlumatda bildirilir ki, bu gün - iyulun 12-də baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Gəncə şəhərində olublar.

Onların baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun üzvləri ilə geniş müşavirə keçirdiyi, görülən işlər barədə hesabatları dinlədikləri bildirilir.

Müşavirədə məruzə olunub ki, Gəncədəki olayları törədənlərdən 9 nəfəri tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçılarının da tapılaraq tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıq verilib.

Xatırlatma

DİN iyulun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrupun Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərdiyi, bu zaman iki polis polkovnikinin öldürüldüyü haqda məlumat yayıb. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovdur.

Məlumatda 40 nəfərin saxlandığı, asayişin tam bərpa edildiyi bildirilir.

Baş Prokurorluqda cinayət işi başlanılıb.

İyulun 3-də Gəncənin icra başçısı və bir polis serjantına sui-qəsd olub. Sui-qəsdi Rusiya vətəndaşı olan, Suriyada təlim keçdiyi bildirilən Yunis Səfərovun törətdiyi deyilir. Rəsmi məlumata görə, o, terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.

Yunis Səfərov yerli telekanallara sui-qəsdi törətdiyini etiraf etsə də, digər iddialar haqda heç nə deməyib.

Sui-qəsd cəhdindən bir qədər sonra iyulun 10-da Gəncədə etiraz aksiyası keçiriləcəyi barədə çağırışlar yayılıb. Amma mitinqin nə səbəbdən, hansı qüvvə tərəfindən keçirildiyi bəlli deyildi.

XS
SM
MD
LG