Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:26

Gəncə olayları ilə bağlı 4 nəfər öldürülüb


Zakir Qaralov
Zakir Qaralov

2018-cı ilin birinci yarımilində 12 min 844 cinayət qeydə alınıb. Onların 89,4 faizi böyük ictimai təhlükə törətməyən, az ağır, 10,6 faizi ağır və xüsusilə ağır cinayətlər olub.

Bu gün, iyulun 30-da Baş Prokurorluqda keçirilmiş əməliyyat müşavirəsindəki çıxışında baş prokuror Zakir Qaralov belə deyib.

Bu barədə Baş Prokurorluğun saytı məlumat yayıb.

Baş prokuror bildirib ki, qeydə alınan cinayətlərin sayı 3,4 faiz azalıb.

Cinayətlərin açılması faizinin də yaxşılaşdığını bildirən baş prokuror ümumi göstəricinin 86,4 faiz olduğunu bildirib. Ancaq eyni zamanda 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır, xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə cinayətlərin açılması 0,6, adam öldürməyə cəhdlərin açılması 1,8, mənzil oğurluqlarının açılması 2,6 və avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması isə 12,8 faiz artıb.

Gəncə olaylarının istintaqı - 4 nəfər öldürlüb

Baş prokuror Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş sui-qəsd olayının istintaqı haqda da danışıb. Onun deməsinə görə, Gəncə hadisələrinə görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yüksək peşəkarlıqla təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə indiyədək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həbs qətimkan tədbiri seçilib.

Müşavirədə silahlı müqavimət göstərdiyi bildirilən 4 nəfərin zərərsizləşdirilərək məhv edildiyi açıqlanıb.

13 nəfər barəsində isə həbs qətimkan tədbirinin seçildiyi, barələrində axtarış elan olunduğu deyilir.

Korrupsiya cinayətləri...

Korrupsiya cinayətləri ilə mübarizəyə gəlincə, Zakir Qaralov deyib ki, prokurorluğun “Qaynar xətt“inə hesabat dövründə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

“Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, ya israf etmə və sair faktlar üzrə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”, baş prokuror bildirib.

Onun sözlərinə görə, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 51 milyon 194 min manat ziyandan istintaq müddətində 16 milyon 578 min manatın ödətdirilməsi təmin olunub.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub. Hələlik, Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 30-dan artıq şəxsin həbs edildiyini, 8 nəfərin axtarışda olduğunu, axtarışda olanlardan bir neçəsinin öldürüldüyünü bildirmişdilər.

Ancaq baş verənləri ictimaiyyət heç də birmənalı qarşılamayıb. Bəzi ekspertlər hesab edirlər ki, axtarışda olan şəxslərdən bir neçəsinin öldürülməsi bir sıra sullar doğurur.

Onlar hesab edirlər ki, axtarılan şəxslərin sağ ələ keçirilməsi baş verənlərin aydınlaşmasına xidmət edə bilərdi.

Həmin ekspertlər vurğulayırlar ki, keçirilən əməliyyatların videoları yayılmadıqca öldürülən şəxslərin silahlı müqavimət göstərib-göstərmədiyi ilə bağlı şübhələr tam aradan qalxmayacaq.

Öldürülən şəxslərin yaxınlarından, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG