Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

Bu ‘kefsiz dünyada’ Azərbaycanın ‘kefi’ necədir?


Gallup beynəlxalq ictimai rəyi öyrənmə şirkətinin ən son hesabatına görə bütün dünyada kədərli, acıqlı və nigaran insanların sayı artıb.

Emosiyaların Qlobal Vəziyyəti (Global State of Emotions) adlı hesabatda 2018-ci ildə dünya insanlarının hiss və duyğuları təhlil edilir.

Hesaabtda deyilir ki, ümumilikdə dünya təxminən 2017-ci ildə olduğu qədər dilxordur. Gallup 2006-cı ildə öz hesabatlarının dərcinə başlayandan bəri ən “yazıq” il 2017 olub.

Gallup bu hesabatın hazırlanması üçün bütün dünyada 140 ölkənin 151 min sakininin fikirlərini öyrənib.

Respondentlərin 25 faizi “elə bu sorğudan bir gün əvvəl” böyük narahatlıqlar yaşadığını deyib.

Adamların üçdə biri stres keçirdiklərini bildirib. Rəyi soruşulanların 25 faizi kədərli, 22 faizi isə hirsli olduğunu dilə gətirib.

Bu hesabatda ən miskin göstəricilər Mərkəzi Afrikadakı Çad dövlətinə aiddir. Bu ölkə 2014-cü ildən bəri iqtisadi böhran keçirir, əhalisinin 40 faizi yoxsuldur.

Hər 10 çadlıdan 7-si sual verənlərə deyib ki, tamamilə ac qaldığı günlər olur.

Hesabatda deyilir ki, bu indeksdə hər bir ölkənin yeri qismən də zorakılıqlardan, köçkünlükdən və elementar xidmətlərin çatışmamasından təsirlənir.

Dünyaya ən kədərli baxışı olan başqa ölkələr də Afrikadadır. Bunlar Niger, Syera Leon, Benin və Liberiyadır.

Hesabatdan bəlli olur ki, “əhvalı ən xoş olan qitə” Latın Amerikasıdır. Cənubi Amerikanın “ən xoşbəxti” isə Paraqvaydır.

Onun ardınca Panama, Qvatemala, Meksika və El Salvador sıralanıb. Bu qitədən kənarda özünü xoşbəxt sayan yeganə ölkə İndoneziyadır. Bu ölkə 2017-ci ildən bəri yaxşı emosiyalar hesabatının lideridir.

Hesabatda deyilir ki, Latın Amerikasında pozitiv emosiyaların belə çoxluğu qismən də regionun mədəniyyəti və həyata baxış ənənəsi ilə bağlıdır.

Xoşbəxtlik ayrı, xoş əhval ayrı

Dünyanın Xöşbəxtlik İndeksində Finlandiya ən xoşbəxt ölkə olub. Lakin o hesabatda başlıca kriteriya olaraq ömür uzunluğu, azadlıqlar, ÜDM və korrupsiya sayılır.

Amma Gallup şirkətinin sorğusu zamanı insanlara “dünən gülmüsənmi, qəhqəhə çəkmisənmi”, “nəsə maraqlı bir şey öyrənmisənmi” və ya “dünənki gün ərzində hansı hissləri keçirmisən, acıqlı olmamısan ki?” tipli suallar verilib.

Rəyi soruşulanların yarıdan azı “dünən nə isə yeni bir şey öyrəndiyini və ya etdiyini” deyib.

Bu 2017-ci ildə olduğundan 46 faiz çoxdur. Hesabatda deyilir ki, qlobal əhvalın bir qədər yüksəlməsinə də elə bu faktor təsir edib.

Çad ən bədbin ölkə
Çad ən bədbin ölkə

Halbuki 2013-2015-ci illər arasında “nə isə yeni bir şey öyrənənlərin və ya edənlərin” payı 51 faiz idi.

Belə görünür ki, sorğu nəticəsində dünyanın əksər ölkələrindəki adamların nə çox şən, nə də çox kədərli olmadığı üzə çıxıb.

Buna görə də hesabatda ölkələr ümumən neqativ və pozitiv təcrübə dərəcəsi üzrə indeksləniblər.

Ən aşağı pozitiv təcrübəsi olan ölkələr Misir, Çad, Estoniya, Yəmən, Belarus, Türkiyə və sairdir.

Ən yüksək neqativ təcrübə qrupuna isə Çad, Niger, İran, İraq və daha bir neçə ölkə daxildir.

Ermənistan ən acıqlı, Azərbaycan “ən babat”

Hesabatda Azərbaycana, Qafqaza, keçmiş sovet məkanına aid də maraqlı müşahidələr var.

Bunlara hər kateqoriya üzrə baxmaq daha bariz olardı.

Azərbaycan dünya boyunca “ən az neqativ təcrübələri olanların” lideridir. Bu qrupda Azərbaycandan sonra Qırğızıstan, Latviya, İsveç, Estoniya, Monqolustan, Polşa, Türkmənistan, Vyetnam, Qazaxıstan, Sinqapur və Tayvan gəlir.

Ermənistan - "ən acıqlı ölkə" - Yerevanda "Məxməri inqilab" mitinqi
Ermənistan - "ən acıqlı ölkə" - Yerevanda "Məxməri inqilab" mitinqi

Lakin hesabatda neqativ göstəricilərin aşağı olması hələ pozitiv göstəricilərin yüksək olması demək deyildir. Buna “babat” da demək olar.

Bu da bildirilir ki, bu kateqoriyadakı ölkələr elə 2018-ci ildə də burda olublar. Digər tərəfdən hesabat zamanı adamlardan əslən hansı ölkədən olduqları da soruşulub və nəticələr həmin ölkələrin rəqəminə daxil edilib.

Acıqlı-acıqsız

Azərbaycanlıların 18 faizi “elə dünən” acıqlı olduğunu bildirib. Bu kateqoriyada Ermənistan 45 faizlə dünya lideridir.

Ən acıqlı kateqoriyasına daxil olan digər ölkələr İraq, İran, Fələstin Əraziləri və Mərakeşdir.

Ən az acıqlılar isə belə sıralanıb: Estoniya, Sinqapur, Finlandiya, Mavriki, Meksika. Bu ölkələrdə adamların cəmi 6-8 faizi “elə dünən acıqlı olub”.

“Dünən qəm çəkmisənmi?

Azərbaycanda rəyi soruşulanların 14 faizi kədərli olduğunu deyib. Gürcüstan üçün bu rəqəm 17 faizdir. Ermənistanda kədərlilər daha çox, 38 faizdir.

“Dünən qəm çəkmisənmi?” sualına Çadda respondentlərin 54 faizi “bəli cavabını verib”. “Ən qəm-qüssəsiz” kateqoriyaya Tayvan, Sinqapur, Kosovo, Çin, İsveç düşüb. Burada respondentlərin yalnız 5-12 faizi “dünən kədərli olduğunu” deyib.

Stresli və narahat

Azərbaycan respondentlərinin 15 faizi stresli (Ermənsitan 31 faiz, Gürcüstan 22 faiz), 24 faizi narahat (Ermənistan 53, Gürcüstanda 29 faiz) olduğunu bildirib.

Sakinləri ən çox narahatlıq keçirən ölkələr Mozambik, Çad, Benin, İran (59 faiz) və Portuqaliyadır.

Ən az narahatlar isə Tayvan, Qırğızıstan, Qazaxıstan, Sinqapur və Özbəkistandadır.

Ən stressiz Türkmənistan

Ən stresli ölkələr kateqoriyasında lider Yunanıstandır. Burada respondentlərin 59 faizi özünü stresli hesab edib. Bu qrupda Filippin, Tanzaniya, Albaniya, İran da var.

Ən stressizlərə Türkmənistan başçılıq edir. Türkmənlərin yalnız 10 faizi stresli olduğunu bildirib.

Fiziki ağrı

Azərbaycan respondentlərinin 22 faizi “fiziki ağrı çəkdiyini” söyləyib. Ermənistan - 39 faiz, Gürcüstan – 29 faiz.

Ən çox ağrı çəkənlər Çadda (66 faiz), ən az ağrısı olanlar isə Vyetnam (14 faiz), Şimali Kipr, Polşa, Tayvan və İsveçdədir.

Şadlıq hissi

Gürcüstanda olduğu kimi, Azərbaycan respondentlərinin də 57 faizi şadlıq hissi yaşadığını bildirib. Müqayisə üçün paraqvaylıların 91 faizi şad əhvalda olduğunu deyib.

İran, Ermənistan (52 faiz), Türkiyə (44 faiz) isə “şadlıq hissində” Azərbaycandan geri qalır.

Yaxşı dincələnlər, və dincəlməyənlər

Azərbaycanlıların 58 faizi “yaxşıca dincələ bildiyini” deyib. Türkiyə üçün də belə nəticə əldə olunub. Amma Azərbaycan bu məsələdə İran (55 faiz) və Ermənistandan (45 faiz) yaxşı göstəriciyə malikdir.

“Özünü yaxşıca dincəlmiş hesab edirsənmi” sualına Monqolustan, İndoneziya, Özbəkistan, Vyetnam və Çində adamların 80 faizindən çoxu “müsbət” cavab verib.

Yaxşı dincələ bilməyənlər Küveyt (28 faiz), Yəmən, Fələstin və Belasrusdadır (51 faiz).

Yeniliklərə həvəs

Azərbaycanlıların yalnız 37 faizi “elə dünən” nə isə yeni bir şey öyrəndiyini deyib. Bu, İran (33 faiz) və Türkiyənin (26 faiz) göstəricisindən yaxşıdır. Ermənistanda bu suala respondentlərin 42 faizi müsbət cavab verib.

“Dünən nəsə yeni bir şey öyrənmisənmi” sualına El Salvador, Panama, Qvatemala, Sinqapur, Seneqal və Nigerdə adamların 70 faizindən çoxu “bəli” cavabını verib.

Amma Banqladeş, Şimali Kipr, Misir, Monqolustan və Türkiyədə bu suala adamların yalnız 22-26 faizi müsbət cavab verib.

Kim, nə qədər gülür?

Azərbaycanlıların 56 faizi “elə dünən güldüyünü” xatırlayıb. Gürcülərdə də eyni nəticə üzə çıxıb. Ermənistan üzrə bu rəqəm 62 faizdir. Halbuki “dünən heç gülmüsənmi” sualına nigeriyalıların 91 faizi “bəli” cavabını verib.

Bu kateqoriyaya El Salvador, İndoneziya, Şri Lanka da daxildir. Bu ölkələrdə respondentlərin 90 faizindən çoxu “elə dünən güldüyünü” deyib.

Ən az gülənlər kateqoriyasına Əfqanıstan, Belarus, Şimali Kipr, Türkiyə (41 faiz) daxildir.

Kimə nə qədər hörmət var

Azərbaycanda rəyi soruşulanların 80 faizi onlarla hörmətlə rəftar olunduğunu deyiblər. Bu göstərici Türkiyədə də eynidir. Amma Ermənistanda respondentlərin 90, Gürcüstanda isə 93 faizi cəmiyyətdən hörmət gördüyünü bildirib.

Özbəkistan üçün bu rəqəm 97 faiz olub.

“Dünən səninlə ehtiramla rəftar edilibmi” sualına ekvadorluların, paraqvaylıların, uruqvaylıların, özbəklərin, argentinalıların 90 faizindən çoxu “bəli” deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG