Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Mart, bazar, Bakı vaxtı 20:09

'Gəncə məhbusları'nın aclıq etdiyi bildirilir


Həbsxana

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan «Gəncə məhbusları»nın aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məhbusların yaxınları məlumat verib.

Bildiriblər ki, aclıq edənlər 7 nəfərdir – Əli Rzayev, Toğrul Verdiyev, Zabil Məmmədov, Elvin Nəzərov, Elman Quliyev, Orxan Yağnəliyev Kamal Quliyev. Yaxınlarının sözlərinə görə, onlar günahsız olduqları halda, uzunmüddətli həbslə cəzalandırılmalarına, ailə üzvlərinin dövlət orqanlarına etdikləri müraciətlərin nəticəsiz qalmasına etiraz edirlər.

«İlyarımdır dövlət orqanlarına ayaq döyürük, nə eşidən var, nə tədbir görən. Bu qədər haqsızlıq olmaz axı... Günahsız balalarımızı çürüdürlər. İnanın, gəlib-getməyə yolpulu tapa bilmirik. Günahları olsa, adamı yandırmaz. Sən heç nəyi sübut eləmə, elə boş sözü yaz, adamları illərlə həbsdə saxla. Belə zülm olar?!», – məhbusların ailə üzvlərinin sözləridir.

Deyirlər ki, «Gəncə məhbusları» həm də onlara işgəncə verənlərin cəzalandırılmamasından narazıdırlar. Məhbusların yaxınları Gəncədə və Bakıda keçirdikləri etiraz aksiyalarına görə təhdidlərlə üzləşdiklərini də vurğulayırlar.

Penitensiar Xidmət isə məhbusların yaxınlarının söylədiklərini təkzib edir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, aclıq aksiyası barədə yayılan məlumatı araşdırıb və xəbər təsdiqini tapmayıb: «Hazırda cəzaçəkmə müəssisəsində heç bir məhkum aclıq etmir».

«Gəncə məhbusları»nın yaxınları onu da bildirir ki, onlar aclığa başlayandan sonra 7 nəfərdən 3-ü 2 saylı Cəzaçəkmə Müəssisəsindən çıxarılaraq başqa yerə köçürülüb. M.Sadıqov bildirib ki, məhkumların saxlanma yeri, yerdəyişməsi barədə məlumatlar konfidensialdır və açıqlanmır.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.

Sabiq icra başçısının güllələnməsində təqsirləndirilən 12 nəfərin işi üzrə istintaq da artıq başa çatıb, yanvarın 7-də məhkəmə başlayacaq.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG