Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Administrasiya önündə saxlananların buraxıldığı deyilir


Aksiya
Aksiya

Ötən il Gəncə olayları zamanı həbs edilən şəxslərin valideynlərindən bu gün, mayın 7-də Prezident Administrasiyası (PA) önündə toplaşanlardan saxlananların buraxıldığı deyilir.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Oktay Gulaliyev məlumat verib:

“Natiq Hüseynov və Bəhlul Abbasovu Sәbail Rayon Mәhkәmәsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə günahlandıraraq 200 manat cәrimә edib. Onlar sərbəst buraxılıblar”.

Ancaq hüquq müdafəçisinin bu dediklərini, hələlik, məhkəmə və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb

***

Ötən il Gəncə olayları zamanı həbs edilən şəxslərin bəzilərinin valideynləri bu gün, mayın 7-də yenidən Prezident Administrasiyası (PA) önünə toplaşıblar.

Onların bir çoxu övladlarının haqsız yerə həbs edildiyini bildirərək, sözlərini Administrasiyaya çatdırmaq istədiklərini qeyd ediblər. Amma onlar qəbula düşə bilməyiblər. Üstəlik, polis müdaxiləsi ilə üzləşiblər.

Polis əməkdaşları onları PA-nın qarşısından uzaqlaşdırıb.

Bu zaman çəkiliş aparan bəzi media mənsublarına da maneələr yaradılıb, onlar da Administrasiya qarşısından kənarlaşdırılıblar.

«Getdik, guya bizi qəbul edəcəkdilər, amma etmədilər. Niyə etmədilər? Qorxduqlarından qəbul etmədilər. Elə qorxduqlarına görə övladlarımızın fotolarını da büküb bir tərəfə atırlar», - şikayətçi xanımlardan biri sonradan söyləyib.

Hüquq müdafiəçisi Oktay Gülalıyev isə deyir ki, mayın 7-də Prezident Administrasiyasının qarşısına toplaşan valideynlərdən bəziləri maşına otuzdurularaq naməlum istiqamətə aparılıb.

Amma baş verənlərə və hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

2018-ci ildə Gəncədə baş verən olaylara görə həbs edilən bir çox şəxslərin valideynləri bundan əvvəl də bir neçə dəfə aksiyalar keçiriblər. Onlar Gəncə və Bakıda polisdə saxlanarkən yaxınlarının işgəncələrlə üzləşdiklərini bildirərək, bununla bağlı şikayətlərin araşdırılmasını tələb ediblər. Amma rəsmi qurumlar həmin iddialara hər hansı münasibət bildirməyiblər. Bununla belə, rəsmilər polis və cəzaçəkmə müəssisələrində işgəncə baş verməsi ilə bağlı şikayətləri əsasən düzgün saymırlar.

Xatırlatma

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb. Onlardan, hələlik, 2 qrupun məhkəməsi başa çatıb. Mühakimə olunanlara 5 ildən 9 ilə qədər həbs verilib. Təqsirləndirilənlər əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiqi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar maddəsi ilə ittiham ediliblər. Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Bu olaylarla bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG