Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:28

'Gəncə işi'ndə həbs olunanların valideynləri yürüşə çıxıb


Aksiya
Aksiya

Bu gün, avqustun 21-də ötən il Gəncədə baş verən olaylarda həbs edilən və məhkəməsi gedən şəxslərin bəzilərinin yaxınları etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar Bakıda «Şəhidlər xiyabanı» ərazisindən Prezident Administrasiyasının önünə yürüş etmək istəyiblər.

Etiraz edənlər əllərində «Ya oğlumu azad et, ya da məni tut» sözləri yazılmış plakatları tutaraq, uşaqlarının heç bir günahı olmadan həbs olunduğunu vurğulayıblar. «Orada (Gəncədə - red.) uşaqlar nə ediblər ki? Əlində qılınc yox, avtomat yox, daş yox, taxta yox, heç nə yoxdur uşaqların əlində. Mənim oğlum skameykada oturub. Buna görə adama 8 il iş verirlər?», - aksiya iştirakçılarından biri vurğulayıb.

Şikayətçilər bildiriblər ki, səlahiyyətli orqanların nümayəndələri onlara narahat olmamağı, hər şeyin yaxşı bitəcəyini desələr də, 13 aydır Bakının küçələrində çarəsiz qalıblar.

«Bu nə haqsızlıqdır? Plan də bəlli, öldürən də, sifarişçilər də. Bu hamısı dövlətin «məmurları» arasında olan kürsü davasıdır. Bizim balalarımız isə bu oyunun qurbanıdırlar. Bu dövlətdə bizim yaşamağa hüququmuz yoxdursa, balalarımız kimi, bizi də həbs etsinlər», - başqa bir aksiya iştirakçısı söyləyib.

Aksiyaçılar ölkə prezidentindən «Gəncə işi»ndə ədalətin bərqərar olmasını istəyiblər.

Onlar hakimiyyətə yaxın bəzi kütləvi informasiya vasitələrində bu olayların işıqlandırılmasının məzmununa da etirazlarını bildiriblər. Şikayətçilər qeyd ediblər ki, həbs olunanların bəziləri barəsində məhkəmə qərarı, hələlik, qüvvəyə minməyib: «Belə olan halda onları cinayətkar adlandırmaq qanunaziddir».

Polisin müdaxiləsi

Əraziyə cəlb olunmuş polis əməkdaşları yolu kəsərək yürüşə imkan verməyiblər. Aksiyanın bir iştirakçısı Sevinc Hüseynova saxlanıb, amma bir müddət sonra buraxılıb.

Aksiyanın sonunda şikayətçilərin ikisini Prezident Administrasiyasında qəbul ediblər.

Bundan əvvəl avqustun 14-də də onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Prezident Administrasiyasının önünə toplaşmışdılar. Hər iki qurumda qəbulda olan şəxslərin sözlərinə görə, onlara şikayətlərinin araşdırılacağı vədi verilib.

Aksiyaya cəhdlə bağlı Daxili İşlər Nazirliyindən (DİN) isə, hələlik, münasibət almaq mümkün olmayıb. Nazirlikdən, bir qayda olaraq, bildirilir ki, şəhər rəhbərliyi ilə razılaşdırılmayan aksiyaların qarşısı qanunauyğun formada alınır.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlamayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada isə yüksəkrütbəli polis zabitləri – İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Gəncə olaylarına görə 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb. Y.Səfərov və daha bir neçə şəxsin məhkəməsi isə, hələ, başlamayıb. «Gəncə işi» üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər. Həbs olunanlar isə məhkəmədə saxlanarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG