Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Gəncə hadisələrindən sonra Rusiyada həbs olunan azadlığa buraxılıb


Polis
Polis

Gəncə hadisələrindən sonra Azərbaycanın hüquq-mühafizə orqanlarının müraciəti əsasında Rusiyada həbs olunan Taleh Orucov fevralın 27-də azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna T.Orucovun yaxınları məlumat verib.

Bildiriblər ki, Azərbaycan tərəfi T.Orucovun Azərbaycana təhvil verilməsi üçün yetərincə sübut-dəlil təqdim edə bilməyib. Ona görə də o, 6 ayın tamamında həbsdən buraxılıb.

Yaxınlarının sözlərinə görə, T.Orucov 10 ildir ki, Moskvada yaşayır. O, 2018-ci ilin avqustunda Rusiya Daxili İşlər Nazirliyinin Moskva Şəhər Baş İdarəsinə çağırılıb və Azərbaycan hüquq-mühafizə orqanlarının onun ekstradisiyası tələbinə əsasən həbs olunub. Ekstradisiyaya dair sənədlərin hazırlanması, sübutların təqdim edilməsi üçün onun haqqında bir aylıq həbs qərarı çıxarılsa da, təkrar məhkəmə bu müddəti 6 aya qədər artırıb.

«Deyiblər ki, mahnı dövlətə qarşıdır»

T.Orucov CM-in 281.1 və 281.2 (hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusion quruluşunun dəyişdirilməsi və ərazi bütövlüyünün pozulmasına çağırışlar, bu barədə materialların yayılması, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Azərbaycan qanunvericiliyində bu ittihamlarla 5 ildən 8 ilə qədər həbs nəzərdə tutulub.

Yaxınları iddia edir ki, o, özünün də üzv olduğu «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov haqqında yazıb ifa etdiyi, sosial şəbəkələrdə yayılan mahnıdan sonra təqiblərə məruz qalıb: «2018-ci ildə mahnı internetdə yayılıb populyarlaşandan dərhal sonra təzyiqlər başladı. Onun atasını polisə çağırıb hədələmişdilər. Yazıq kişinin heç nədən xəbəri yox idi. Deyiblər ki, o mahnı dövlətə, prezidentə qarşıdır. Halbuki, mahnıda Taleh Bağırovun haqsızlığa qarşı mübarizə aparmasından, zalımlar qarşısında sınmamasından bəhs olunurdu. Mahnı sadə bir klip şəklində sosial şəbəkələrdə yerləşdirilmişdi».

T.Orucova qarşı irəli sürülmüş ittihamın mahiyyətinə gəlincə, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevi güllələməkdə suçlanan Yunis Səfərovla bağlı sosial şəbəkələrdəki paylaşımlarına görə dövlət əleyhinə çağırışlarda təqsirləndirilir. Y.Səfərovun həbsindən bir neçə gün sonra sosial şəbəkələrdə onun üzərində xəsarətlər olan fotoları yayıldı. T.Orucov Facebook səhifəsində həmin fotoları yayaraq, ona qarşı işgəncələrə son qoyulması tələbi ilə paylaşımlar edib.

T.Orucov fevralın 27-də həbsdən buraxılandan sonra verdiyi qısa açıqlama sosial şəbəkələrdə yayılıb: «Bu, bir imtahandır. Əsas səbirli, dözümlü olmaqdır. Zindanda olan qardaşlarımıza da səbirli olmalarını arzu edirəm. Bizim ölkəmizdə də haqq-ədalət öz yerini tapar».

Daxili İşlər Nazirliyindən T.Orucovun saxlanması və buraxılmasıyla bağlı şərh almaq mümkün olmayıb.

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs edilib. Müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, açıqlamayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG