Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:07

Tbilisidə Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı yeni siyasi qalmaqal


David Qareci monastr kompleksi
David Qareci monastr kompleksi

AzadlıqRadiosunun Gürcü xidməti yazır ki, Gürcüstan və Azərbaycan arasında mübahisəli olan David Qareci monastrı yenidən gündəmə gəlib.

Gürcüstan və Azərbaycan aralarındakı sərhədin bu hissəsini müstəqillik əldə edəndən bəri razılaşdırmağa çalışırlar.

Azərbaycan Gürcüstanın bu monastrın əvəzinə başqa ərazinin ona verilməsi barədə təklifini rədd edib.

Rəsmi Bakı bildirir ki, sözü gedən ərazidə strateji yüksəkliklər var. Əslində mübahisə predmeti sözü gedən monastr kompleksinin kiçik bir hissəsidir.

Amma indi Gürcüstanda Azərbaycanla demarkasiya danışıqları aparmaq üçün təhkim edilmiş rəsmilərdən ikisi həbs edilib.

Müxalifət partiyaları və QHT-lər hökumətin bu addımının siyasi motivli olduğunu bildirirlər.

Onlar iddia edirlər ki, bu qalmaqalı hakim Gürcü Arzusu partiyası 31 oktyabr parlament seçkisi ərəfəsində müxalifətə qarşı qaldırıb.

Xəyanət məsələsi

Oktyabrın 18-da İmedi telekanalında danışan daxili işlər naziri İrakli Qaribaşvili deyib ki, “burda söhbət xəritəşünaslıqdan yox, xəyanətdən gedir”.

O Gürcüstanın keçmiş hakimiyyətini – Vahid Milli Hərəkat partiyasını monastrı Azərbaycana təhvil vermək cəhdində ittiham edib.

Nazir bildirib ki, indi elektoratın qarşısında çox sadə seçim dayanır: ya xəyanətə, ya da sədaqətə və vətənpərvərliyə səs vermək.

Oktyabrın 7-də Gürcüstanın Baş Prokurorluğu ölkənin demarkasiya komissiyasına daxil olmuş İveri Melaşvili Nataliya İliçovanı saxlayıb.

Onlara qarşı ölkənin ərazi bütövlüyünə qəsd ittihamı irəli sürülüb və əgər təqsirli bilinsələr onları 10 ildən 15 ilədək həbsxana cəzası gözləyir.

1936-cı ilin xəritəsi

Prokurorlar iddia edirlər ki, bu iki şəxs Xarici İşlər Nazirliyinin Delimitasiya və Demarkasiya Komissiyasının üzvləri kimi danışıqlar zamanı 1970-80-ci illərdə tərtib olunmuş “səhv xəritədən” istifadə ediblər və bu xəritə əsasında Gürcüstan öz ərazisinin 3500 hektarını Azərbaycana verməli idi.

Bu iki komissiya üzvü habelə 1936-1938-ci illərdə tərtib edilmiş xəritəni gizlətməkdə ititham olunurlar. Prokurorluq bildirib ki, bu xəritə Gürcüstanın tarixi sərhədlərinə daha çox uyğundur.

İveri Melaşvili və Nataliya İliçova Tbilisi məhkəməsində
İveri Melaşvili və Nataliya İliçova Tbilisi məhkəməsində

Prokurorların iddiasına görə İliçova 1936-cı ilə aid “ilkin orjinal xəritəni” gizlədib və buna görə də komissiyanın üzvlərində xəritənin yalnız surəti olub.

Mövcud qaydalara görə sərhədlərin demarkasiyası zamanı yalnız orjinal xəritələrdən istifadə oluna bilər.

Prokurorluq bunu da bildirir ki, Melaşvili orjinal xəritəni gizlədib və müstəntiqlər onu tapmaq üçün ofisdə axtarış aparmağa məcbur olublar.

AzadlıqRadiosuna bu yaxınlarda verdiyi müsahibədə Melaşvili deyib ki, o və komissiyanın başqa üzvləri sözü gedən 1936-38-ci il xəritələrindən istifadə edə bilməzdilər, çünki bu xəritələrdə “əhəmiyyətli texniki yanlışlıqlar” var idi.

Melaşvili deyib ki, guya həmin xəritəyə əsasən David Qareci monastrının Gürcüstan ərazisinə düşməsi barədə iddialar həqiqətə uyğun deyil.

Siyasi xəritə məhbusları

İliçovanın vəkili Nestan Londaridze oktyabrın 16-da bildirib ki, onun müştərisi tamamilə günahsızdır.

Oktyabrın 9-da Gürcüstanın 15 QHT-si, habelə Transparency International Georgia və Açıq Cəmiyyət təşkilatları bu saxlanmaların siyasi motivli olduğunu bəyan ediblər.

Onlar bildiriblər ki, hakimiyyət seçkiqabağı dövrdə əhali üçün həssas olan məsələlərdən sui-istifadə edir.

Gürcüstan Baş Prokurorluğu bildirir ki, avqustun 17-də başlanmış cinayət işi üçün Müdafiə Nazirliyinin məlumat əsas verib.

Nazirlik bildirmişdi ki, 1936-1938-ci illərə aid xəritəni biznesmen Davit Xidaşeli təqdim edib.

Bəzi məlumatlara görə bu xəritəni ona Rusiya xarici kəşfiyyatının zabiti Oleq Mubaraşkin ötürüb.

Seçkiqabağı fənd

Xidaşeli avqustda verdiyi ifadədə demişdi ki, onun dostu Bejan Maysuradze ondan Rusiyadan xəritə tapmağı xahiş edib.

Lakin o oktyabrın 13-də Rusitavi 2 telekanalına müsahibəsində deyib ki, xəritələrin əldə olunması tapşırığı Maysuradzedən yox, birbaşa hakim Gürcü Arzusu partiyasının lideri Bidzina İvanişvilidən gəlib.

Maysuradzeyə gəlincə isə o bəzi məlumatlara görə İqor Giorqadze ilə birlikdə Həmvətənlər Fondunun həmtəsisçisidir.

Rusiya vətəndaşı olan Giorgadze 1995-ci ildə ovaxtkı prezident Eduard Şevardnadzeyə sui-qəsd cəhdinin arxasında dayanmaqda şübhəli kimi hazırda axtarışdadır.

Xidaşeli deyir ki, onun bir neçə biznesləri var və o hazlrda Yunanıstanın Intracom SA Telecom Solutions şirkətinin direktorlar şurasının sədridir.

Lakin o 2007-ci ildən 2014-cü ilədək Rusiyanın AFK Sistema korporasiyasının vitse-prezidenti olub.

Əslində Sistema korporasiyası Intracom SA Telecom Solutions şirkətində 51 faiz paya malikdir.

Xidaşeli Rusiya xüsusi xidmətləri ilə hər hansı əlaqəsini inkar edir.

Bu arada müxalifət partiyaları Demarkasiya Komissiyası üzvlərinin həbsini seçkiqabağı fənd kimi qiymətləndiriblər.

Qazanan yeganə ölkə Rusiyadır

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu həbsləri “odla oyun və Rusiyanın xüsusi əməliyyatı” adlandırıb.

Saakaşvili deyib ki, Azərbaycanla Qareci monastrı da daxil sərhəd razılaşması 2012-ci il NATO sammitində əldə olunub və Gürcü Arzusu hökuməti Bakı ilə diplomatik münasibətləri saxlaya bilməyib.

Mixeil Saakaşvili
Mixeil Saakaşvili

Gürcüstanda həm hakim Gürcü Arzusu, həm də Vahid Milli Hərəkatın hegemonluğuna qarşı çıxan siyasətçi Pikria Çixaidze deyib ki, Cənubi Qafqazda indiki vəziyyət nəzərə alınarsa, bu qalmaqaldan qazanan yeganə ölkə Rusiyadır.

Gürcüstan Patriarxlığı ictimai əlaqələr şöbəsinin başçısı, dyakon Andria Yaqmaidze oktyabrın 7-də bildirib ki, demarkasiya komissiyasının işi hazırda Gürcüstanın əleyhinədir və patriarxat Qareci kompleksinin bütünlüklə Gürcüstan ərazisində olmasını tələb edir.

Gürcüstan Dözümlülük və Çoxtərəflilik İnstitutunun təsisçisi Beka Mindiaşvili isə bildirib ki, patriarxlığın istəyi təbii olsa da, hökumətin hazırda oynadığı oyun çox təhlükəlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG