Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:03

Keşikçidağ böhranından çıxış yolu varmı – Qərb mediası


Keşikçidağ monastırı
Keşikçidağ monastırı

“Reuters” agentliyi Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçidağ (David Qareci) monastırından reportaj dərc edib.

Aprelin sonundan monastıra giriş məhdudlaşıb. “Bu, Gürcüstanın ən vacib dini mərkəzlərindən biridir”, – 42 yaşlı gürcüstanlı idmançı və aktyor Davit Katsarava ərazinin bağlanmasına etiraz edir.

Danışıqlardakı əngəllər

Azərbaycan tərəfi Gürcüstanla sərhədin tezliklə delimitasiyasına tərəfdar olduğunu deyir.

Azərbaycan tarixçiləri bu monastırın Qafqaz Albaniyasının mədəni irsi olduğunu deyirlər. Vaxtilə monastırı tikmiş albanların Dağlıq Qarabağda məskən saldıqları vurğulanır. Gürcüstan isə monastırı gürcü pravoslav irsinin nümunəsi olduğunu iddia edir.

Agentlik yazır ki, hər iki ölkənin müstəqillik əldə etməsindən 30 ilə yaxın bir zaman keçir, ancaq birgə sərhədlərinin üçdə bir hissəsini hələ razılaşdırmalıdırlar. Və problem Baltik regionundan tutmuş Orta Asiyayadək bir çox postsovet ölkələri üçün başağrısı olaraq qalır.

“Burda, orada bir kilometr sovet dönəmində elə də əhəmiyyət daşımırdı, çünki hamısı bir ölkə idi”, – Brüsseldə yerləşən Karnegi Avropa beyin mərkəzindən Thomas de Waal deyir. O, adətən dost olan qonşular arasında belə sərhəd mübahisələrinin ortaya çıxdığını vurğulayır.

Gürcüstanla Azərbaycan 1996-cı ildə iki ölkənin 480 km-lik birgə sərhədinin demarkasiyası üzrə birgə komissiya yaradıblar. Onlar sərhədin 70 faizini razılaşdırandan sonra, 2000-ci illərin ortalarında irəliləyiş dayanıb. Bunu Tbilisidə yerləşən Gürcüstan Siyasət İnstitutunun (GIP) rəhbəri Kornely Kakachia deyir. Tbilisidən 60 km cənub-şərqdə dağ yamacında yerləşın David Qareci monastırı isə danışıqlardakı “əsas əngəllər”dən birinə çevrilib.

Çıxış yolu yoxdur?

Kakachia sərhəd mübahisəsinin həllinin asan olmadığını söyləyir. Belə ki, torpaq mübadiləsi gürcüstanlıları qane edərdi, ancaq Azərbaycan ərazinin hərbi strateji əhəmiyyətini əsas gətirərək bundan imtina edir.

“Bakı həm də narahatdır ki, torpaq vermək onun Ermənistanla Dağlıq Qarabağ münaqişəsində mövqeyinə zərbə vurar”, – Kakachia vurğulayıb.

“Bakı sərhədin yenidən çəkilməsini hədəfləyən istənilən cəhdləri qəbul etmir. Belə cəhdlər zəncirvari reaksiya doğurar. Azərbaycan cəmiyyəti üçün... sərhədlərin dəyişdirilməsilə bağlı istənilən cəhd qeyri-dost addımıdır”, – azərbaycanlı təhlilçi İlqar Vəlizadə agentliyə bildirib.

De Waal-ın fikrincə, monastırın bir hissəsinə iddialardan əl çəkmək Tbilisi üçün siyasi baxımdan təhlükəlidir, belə bir addım millətçiləri, güclü pravoslav kilsəsini qəzəbləndirər.

“Hökumətimiz monastırdan əl çəksə... inqilaba səbəb olar”, – ictimai fəal Katsarava belə deyir.

Kakachia-nın fikrincə, indilik mümkün çıxış yolu aralıq razılaşması ilə problemi daha 10-20 il təxirə salmaq ola bilər. Ancaq emosiyalar sakitləşənədək bu da mümkün görünmür, o əlavə edib.

Bu arada Gürcüstandakı turizm agentlikləri monastıra səyahətlərin reklamını dayandırıb.

“Məyusedici haldır. Gürcüstanda, hətta ola bilsin, dünyada belə bir yer yoxdur... Ümid edirik, məsələ tezliklə həllini tapar”, – "Kartveli Tours” agentliyinin təsisçisi Irakli Shengelia deyib.

XS
SM
MD
LG