Gürcüstan məhkəməsi müxalifətdən olan millət vəkilinin həbsxanaya salınmasına dair prokurorların müraciətini rədd edib.
Prokurorlar Nika Melianı Tbilisidə iğtişaşları qızışdırmaqda ittiham edirlər.
Bundan bir gün əvvəl iyunun 26-da Gürcüstan parlamenti Nika Melianın toxunulmazlığını ləğv etmək barədə qərar qəbul etmişdi.
Prokurorlar Melianın məhkəməyədək həbs olunmasını istəyirdilər.
Lakin Tbilisi məhkəməsi bu ricanı rədd edib.
***
Gürcüstanın paytaxtı Tbilisidə yeddinci gecədir etirazlar edir, minlərlə adam polis zorakılığına, hökumətin Rusiya siyasətinə etirazını bildirir edir.
Müxalifətdən olan deputat Nika Melia-nın toxunulmazlığının ləğvi isə etirazçıları daha da qəzəbləndirib. 26 iyun nümayişi öncəki gecələrdən daha kiçik olsa da, coşqun keçib. Çıxış edənlər Daxili işlər naziri Giorgi Gakharia-nın istefasını tələb ediblər.
Etirazçılardan bəziləri bir gözlərini bağlayaraq öncəki nümayişlərdə rezin güllədən bir gözünü itirmiş 18 yaşlı qızla həmrəylik bildiriblər.
Aksiyanın sonunda Avropa Birliyinin himni oxunub.
***
Gürcü millət vəkilinin toxunulmazlığı ləğv edilib
Gürcüstan parlamenti ötən həftənin zorakı etiraz aksiyalarının ardınca müxalif millət vəkillərindən birinin toxunulmazlığını ləğv edib və onun həbsinə razılıq verib.
Gürcüstan Baş Prokurorluğu iyunun 25-də keçmiş prezident Mikheil Saakashvili-nin Vahid Milli Hərəkat partıyasından millət vəkili Nika Meliaya qarşı rəsmi ittiham irəli sürüb. O iyunun 20-də iğtişaş qızışdırmaqda ittiham edilir.
Melia iyunun 26-da onun toxunulmazlığına dair parlament səsverməsindən sonra deputat həmkarları barədə deyib:
“Biz bu adamlara qarşı vuruşmamalıyıq, onları xilas etməliyik, çünki onlar məhbusdurlar. Çoxluq bunu istəmirdi, lakin öz iradəsinin əksinə getdi”.
Parlament Melianın toxunulmazlığının ləğvinə yekdilliklə səs verib, amma müxalif millət vəkilləri səsverməni boykot etmişdilər.
Melia özünə qarşı ittihamları “absurd” adlandırıb, müxalifət partiyaları isə iyunun 25-də yaydıqları bəyanatda bu hərəkəti “siyasi təqib” kimi pisləyiblər.
Melia bu ittihamlar üzrə təqsirli bilinərsə, onu 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Gürcüstan paytaxtında minlərlə insan iyunun 25-dək altı gün ərzində etiraz aksiyaları keçirib.
Onların tələbləri arasında daxili işlər naziri Giorgi Gakharia-nın istefası da vardı. Nazir etirazçılara qarşı aşırı zordan istifadədə günahlandırılırdı.
Nümayişçilər habelə Melianı gözləyən mühakiməyə etiraz bildiriblər.
Etirazçılar əvvəlcə, iyunun 20-də parlamentin qarşısına yığışmış və binaya daxil olmağa cəhd göstərmişdilər.
Polis və etirazçılar arasında zorakı toqquşmalar zamanı yüzlərlə etirazçı həbs edilmişdi.
Etirazlara Rusiyadan olan bir millət vəkilinin Gürcüstan parlamentində keçirilən forumda spikerin kürsüsündə oturması səbəb olmuşdu.