Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:58

Gürcüstanda etirazlar altıncı gecədir davam edir


Parlament qarşısında etiraz, 26 iyun, 2019-cu il
Parlament qarşısında etiraz, 26 iyun, 2019-cu il

Altıncı gecə Gürcüstan paytaxtı Tbilisidə minlərlə etirazçı küçələrə çıxaraq daxili işlər nazirinin istefasını tələb ediblər.

Etirazçıları qəzəbləndirən daha bir məqam müxalifətdən olan deputatın antihökumət etirazlarına görə mühakimə olunacağı haqda informasiyanın yayılmasıdır.

Aclıq aksiyası keçirənlər var

Keçmiş prezident Giorgi Margvelashvili iyunun 25-də axşam parlament binası qarşısındakı kütləyə qoşulub, onlara dəstəyini bildirib.

“Həqiqət və güc burdadır... Gürcüstanın parlaq gələcəyi uğrunda əsl arzu burdadır”, – Margvelashvili deyib.

Bir neçə nümayişçi aclıq aksiyasına başladığını elan edib. Onlardan birinin qanında şəkərin miqdarı azalınca xəstəxanaya aparılıb, Səhiyyə Nazirliyindən AzadlıqRadiosu-na bildirilib.

Giorgi Gakharia
Giorgi Gakharia

Etirazçıların tələblərindən biri Daxili işlər naziri Giorgi Gakharia-nın istefasıdır, onu beş gün öncə nümayişin dağıdılması zamanı aşırı gücdən istifadədə ittiham edirlər.

İyunun 20-də parlament qarşısına yığışan nümayişçilər binaya girməyə cəhd göstəriblər.

Etirazçılarla polis arasında zorakı toqquşmalar yüzlərlə adamın yaralanmasına, həbslərə səbəb olub. Toqquşmalar zamanı polis rezin güllələrdən, gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib. 21 iyun gecəsi azı 240 nəfər xəsarət alıb, onlardan 80-ni polis əməkdaşlarıdır.

Etirazlara isə Tbilisi parlamentində keçirilən tədbir zamanı rusiyalı deputat Sergei Gavrilov-un spikerin yerində əyləşməsi səbəb olub. Bu hərəkət deputatları narazı salıb. Onlar tribunanı bağlayıb, Rusiyanın nümayəndə heyətinin zala girməsinə icazə verməyiblər. Bundan sonra rusiyalı deputatlar binadan mühafizənin müşayiətilə çıxıblar. Minlərlə etirazçı isə parlament binası qarşısına yığışıb.

Nika Melia
Nika Melia

Müxalifətdən olan deputata ittiham irəli sürüləcək

İyunun 25-də prokurorlar müxalifətdən olan deputat, keçmiş prezident Mikheil Saakashvili-nin Vahid Milli Hərəkat partiyasının lideri Nika Melia-nı ertəsi gün dindirməyə çağırdıqlarını, ona etirazçıların zorakı hərəkətləri ilə əlaqədar rəsmi ittiham irəli sürüləcəyini bildiriblər.

Baş Prokurorluğun məlumatına görə, Melia-nın parlament toxunulmazlığının ləğvi və saxlanmasına razılıq verməkdən ötrü parlamentə müraciət edib.

Melia ittihamı “absurd” adlandırıb, müxalifət partiyaları isə birgə bəyanat verərək bu addımı “siyasi təqib” adlandırıb.

Baş Prokurorluq 121 nəfərin polisə müqavimət, 20-21 iyun gecəsi ictimai asayişi pozmaq ittihamıyla saxlandığını bildirib. Onlardan bəziləri qısamüddətli həbs cəzası çəkiblər, 54 nəfər həbsdədir.

Parlament isə istefa vermiş spikerin yerinə Gürcü Arzusundan yeni sədr seçiblər. Archil Talakvadze yekdilliklə spiker seçilib. Müxalifət deputatları isə iclası tərk ediblər, çünki hakim partiya daxili işlər nazirinin işdən çıxarılması məsələsinə baxmaqdan imtina edib.

Gürcü Arzusu artıq etirazçıların tələblərindən birini qəbul edib, 2020-ci ildə parlament seçkisinin proporsional sistem üzrə keçirilməsinə razılaşıb.

Parlamentin spikeri Irakli Kobakhidze də onun istefası çağırışlara cavab olaraq postundan gedib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG