Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 15:49

Gülər Əhmədova da MSK-nı məhkəməyə verib


G.Əhmədova

Keçmiş deputat Gülər Əhmədovanın Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı iddiası təmin olunmayıb. O, budəfəki seçkiyə qatılmaq istəsə də, namizədliyi qeydə alınmayıb və MSK-nı da məhkəməyə buna görə verib.

16 saylı Yasamal ikinci seçki dairəsindən namizəd olmaq istəyən G.Əhmədovanın təqdim etdiyi 500 imzanın bir hissəsi şübhəli sayılaraq, onun namizədliyi qeydə alınmadı. O, dairə seçki komissiyasının (DSK) bu qərarından MSK-ya şikayət versə də, nəticə dəyişmədi.

İddia olunur ki, 500 imzanın 161-nin eyni şəxslər tərəfindən (36 nəfər) çəkilməsinə şübhələr var. Amma G.Əhmədova deyir ki, şübhələrin nədən ibarət olması, DSK-nın qərarı əsaslandırılmayıb. Onun sözlərinə görə, imzalar yoxlanılarkən özünə də xəbər verilməliydi, bunu etməyiblər.

«Köməkçimi oradan qovublar»

«Yanvarın 17-də köməkçim namizədliyimin təsdiqlənməsi üçün qərarı almağa gedib. DSK sədri ona deyib çıxıb getsin, qərar çox gec çıxacaq. Sonra da köməkçimi oradan qovublar. Lakin onlar qərarı, qanunda göstərilən kimi, maksimum 7 günə verməliydilər. 7 günü keçə bilməz. Mən isə MSK-ya şikayətimdən bir gün sonra ala bildim», – G.Əhmədovanın sözləridir.

Sabiq deputat gileylənir ki, MSK onun şikayətini obyektiv, hərtərəfli araşdırmayıb. Şikayətinə baxılan iclasa onu dəvət etməyib.

DSK-dan məhkəməyə işçi qrupun üzvlərinin tərtib etdiyi akt verilib. Orada iddia olunur ki, imzaların yoxlanması prosesinə G.Əhmədovanın özünü də çağırıblar, amma gəlməyib.

MSK-nın nümayəndəsi, vəkil Ramiz İbrahimov isə G.Əhmədovanın şikayətinin əsassız olduğunu deyir.

Ali Məhkəmə də MSK-nı haqlı sayıb, fevralın 13-də G.Əhmədovanın şikayətini təmin etməyib.

G.Əhmədova üç dəfə parlament seçkilərində (2000, 2005 və 2010) qalib elan olunub. Üçüncü deputatlıq dönəmində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Ardınca barəsində cinayət işi başlanıb, həbs olunub. 1 il 3 ay həbsdə saxlandıqdan sonra şərti cəza ilə azadlığa buraxılıb.

Sözügedən videoda G.Əhmədova 2005-ci il seçkisi öncəsi deputat olmaq istəyən E.Abdullayevə bunun üçün 1 milyon manat lazım olduğunu deyir. Buna görə dələduzluqda (E.Abdullayevi aldatmaqda) suçlanıb cinayət məsuliyyətinə cəlb olunan G.Əhmədova ittihamı qəbul etməyib. Yayılan videonun da montaj olduğunu vurğulayıb.

XS
SM
MD
LG