Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Keçmiş nazir müavininin oğlu seçkilərdən narazıdır


V.Dünyamalıyev
V.Dünyamalıyev

Namizəd kimi 9 fevral erkən parlament seçkilərinə qatılıb nəticələrdən narazı qalanlar arasında daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev də var. İddia edir ki, namizəd olduğu 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsində seçki kütləvi saxtalaşdırılıb.

V.Dünyamalıyevin sözlərinə görə, bu dairədəki 30 məntəqədən yalnız 6-dan səsvermənin nəticələri barədə protokolları ala biliblər: «Səsvermədən bir həftəyə yaxın vaxt keçir, qalan məntəqələrdən protokolları bu günə qədər ala bilməmişik. Bəzi məntəqələr var ki, səsvermənin nəticələri barədə komissiya üzvlərinin şifahi şəkildə elan etdiyi rəqəmləri lentə almışıq. İndi həmin o deyilən rəqəmlərlə rəsmi nəticələrdə göstərilən rəqəmlər üst-üstə düşmür».

«Hamısının videosübutu var»

Seçkidə yol verilmiş qanun pozuntularıyla əlaqədar fevralın 12-də Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət etdiyini vurğulayan V.Dünyamalıyev həmin videoları da şikayətə əlavə etdiklərini deyir. Onun sözlərinə görə, seçki günü sözügedən dairənin məntəqələrində topa-topa bülleten atılmasından tutmuş, məntəqə komissiyasının sədrinin bülletenləri götürüb getməsinə qədər müxtəlif qanun pozuntularına yol verilib: «Məntəqələrin bir çoxunda bülletenləri qutulardan torbalara doldurub, kabinetə apardılar. Sonra da polislərin müşayiəti ilə həmin torbaları maşına qoyub məntəqədən apardılar. Bunların hamısının da videosübutu var».

İmişlidə film kimi protokol qovğası...
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Mərhum generalın oğlu səsverməyə MSK-nın təqdim etdiyi rəqəmlərdən dəfələrlə az seçici gəldiyini bildirir. Onun sözlərinə görə, səhər saat 10:00-da MSK 40 saylı seçki dairəsinin məntəqələrinə 5560 nəfərin səs verməyə gəldiyini açıqlayıb. Halbuki, müşahidəçilərin qeydə aldığı say 1000-ə yaxın olub: «Sonra saat 15:00, 17:00, 19:00-da açıqlanan rəqəmlərdə də eyni qaydada şişirtmə oldu. Bununla əlaqədar DSK-nın katibi Rauf müəllimə dəfələrlə şikayət etsəm də, nəticə vermədi».

V.Dünyamalıyev əlavə edib ki, məntəqələrdə, əsasən, müəllimlərdən ibarət xeyli müşahidəçi vardı. Onlar heç bir namizədi təmsil etməsələr də, pozuntu hallarını qeydə alan digər müşahidəçilərə mane olmağa çalışırlarmış: «Bizdə həmin müşahidəçilərin qutuya topa bülleten alması barədə də videogörüntülər var».

«Bir aktla 9 müşahidəçini uzaqlaşdırdı»

Sabiq nazir müavininin oğlu MSK-nın şikayətinə verəcəyi cavabı gözləyir: «Bu addımlar dövlətə qarşı təxribat kimi qiymətləndirilməlidir. Bunu edənlərin sərt şəkildə cəzalandırılacağına ümid edirəm».

T.İsgəndərli
T.İsgəndərli

40 saylı seçki dairəsindən namizəd olan digər şəxslər, o cümlədən «Real Cümhuriyyətçilər» blokunun namizədi Toğrul İsgəndərli də V.Dünyamalıyevlə birləşib. Onlar MSK-ya birgə şikayət də göndəriblər.

T.İsgəndərli deyir ki, 40 saylı dairənin məntəqələrinin əksəriyyətində qalib elan olunan namizədə gerçək rəqəmdən 10-15 dəfə artıq səs yazıblar. Onun sözlərinə görə, bu dairədə əsas pozuntulardan biri də müşahidəçilərin polis vasitəsilə məntəqələrdən qovulması idi: «Elə məntəqə var ki, komissiyanın sədri bir aktla 9 müşahidəçini uzaqlaşdırdı».

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən Musa Quliyev (Urud) qalib elan olunub. Namizədlər onu da bildiriblər ki, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev 20 ildir ki, deputat olan M.Quliyevin bacısının kürəkənidir.

MSK-dan AzadlıqRadiosuna bildirilib ki, daxil olan bütün şikayətlər araşdırılır və müvafiq qərar qəbul ediləcək.

Xatırlatma

Fevralın 13-də MSK 4 dairədə nəticələri ləğv edib, azı 20 dairəylə bağlı müraciətləri araşdırmaq üçün dairə seçki komissiyalarına göndərib. 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi bu siyahıda yoxdur.

Parlament ötən ilin dekabrında buraxılıb. Hakim YAP bununla bağlı prezident İlham Əliyevə müraciət edib və bunu prezidentin islahatlarına dəstək vermək məqsədilə izah etmişdi.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

9 fevral seçkisində isə köhnə parlamentin təxminən 65 faizi yenidən seçilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG