Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:20

Müxalifətçinin qızına qarşı xuliqanlıqda günahlandırılan şəxsə 15 sutka verilib


Aprelin 18-də axşam saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum etdiyi deyilən şəxsin məhkəməsi başa çatıb.

Proses Yasamal Rayon Məhkəməsində keçirilib. Xırda xuliqanlıqda ittiham edilən Tural Qarayev adlı şəxs 15 sutka inzibati həbs cəzası alıb.

Məhkəmədən sonra Azadlıq Radiosuna açıqlama verən Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun deməsinə görə, onlar ilk andan hiss ediblər ki, məhkəmə sifarişlidir:

“Vəkil vəsatət verdi ki, hadisənin video görüntüsü var, videoya baxılsın. Mən ifadəmdə polislərə bildirmişdim ki, hadisə videoya çəkilib, amma bu video işə əlavə edilməyib. Hakim də videoya baxmaqdan imtina etdi. Məhkəmədə araşdırması olmadı və belə bir qərar verildi . Mən isə üzümü tutub hakimiyyətə deyirəm ki, bu iş burada bitmədi”.

Zümrüd Yağmur vurğulayıb ki, onlar məhkəmə müstəvisində mübarizələrini davam etdirəcəklər. O hesab edir ki, həmin şəxsə yüngül cəza verilib.

Zümrüd Yağmurun bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyi, Yasamal Rayon Məhkəməsi, təqsirləndirilən şəxs və onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Rəsmilər Azərbaycanda məhkəmələrin müstəqil olduğunu, hazırda bu sahədə islahatlar aparıldığını vurğulayırlar.

Hücum edən şəxsin saxlandığı açıqlanıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ya hücum edən şəxsin saxlandığı bildirilir.

Bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov danışıb.

E.Zahidov həmin şəxsin İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırıldığını və məhkəmə qarşısına çıxarılacağını bildirib.

Məcəllənin həmin maddəsi ilə ittiham edilən şəxs 50 manatdan 100 manatadək cərimə edilə bilər. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq oluna bilər.

+++

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin yeni həbsdən çıxan müavini Fuad Qəhrəmanlının 14-yaşlı qızının aprelin 17-də küçədə fiziki zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

F.Qəhrəmanlının xanımı, yazıçı Zümrüd Yağmur Azadlıq Radiosuna bildirib ki, qızı həqiqətən də zorakılıqla üzləşib.

«Belə təhdidlər övladlarıma qarşı ilk dəfə deyil, sadəcə uşaqlarımın adı hallanmasın, mənəvi zədə almasınlar deyə, baş verənləri ictimailəşdirməmişəm», - Z.Yağmur qeyd edib.

Onun sözlərinə görə, aprelin 16-da qızı izləndiyini hiss edib, bunu bir təsadüf sayaraq tez oxuduğu məktəbin binasına girib. Anasının vurğulamasına görə, o, dərslər bitdikdən sonra məktəbdən çıxdıqda yenə də həmin şəxsi görüb: «Qızım deyir ki, yenə bu şəxs məni izləməyə başladı, qarşı tərəfə keçmək istəyəndə, bir avtomobil yolda saxladı. İçindən düşən şəxs ona qarşı gələndə, təsadüfən sinif yoldaşının atasını görüb. Ona izləndiyini bildirib, avtobusa minməsinə yardımçı olmasını xahiş edib».

Z.Yağmur deyir ki, qızı bu barədə ona heç nə deməyib. Anasının vurğulamasına görə, aprelin 17-də isə qızı ingilis dili kursuna gedib və yenə də həmin adamı görüb, yenə də buna təsadüf kimi yanaşıb: «Qızım həmin kursa həftədə cəmi iki dəfə gedir. Həmin adam gözləyib. Qızım rəfiqəsi ilə kursdan çıxıb, Bakı Dövlət Universiteti istiqamətinə gedəndə həmin şəxs ona hücum edib. Bundan sonra qızım mənə ağlaya-ağlaya zəng edib, gəlməyimi istədi. Qızımın başına, sifətinə zərbələr endirib».

Z.Yağmur deyir ki, hadisə anını rəfiqəsi telefonla çəkib: «Qızıma hücum edən şəxs ailəmizə təhqiramiz ifadələr işlədib, bizləri satqınlıqda, 162 saylı məktəbin şagirdi olmuş Elina Hacıyevanın tərəfini saxlamaqda, mənəviyyatsız şəxsləri müdafiə etməkdə təqsirləndirib. Həmin şəxs əlində imkan olsa, bizləri yandırmaqla təhdid edib».

Z.Yağmur
Z.Yağmur

«Yeni mərhələnin başlanğıcı»

Z.Yağmur deyir ki, elə aprelin 17-də qızı baş ağrılarından şikayət edib, bununla bağlı Klinik Xəstəxanaya gedib, üstəlik, ekspertizadan keçib: ««102» xidməti vasitəsilə Daxili İşlər Nazirliyini məlumatlandırdım. İndi görək, nə olacaq, bu hadisəyə necə reaksiya verəcəklər?».

Z.Yağmur hadisəni təsadüf saymır və planlaşdırılmış hesab edir: «Qızımın 162 saylı məktəbin önündə təşkil edilən anım mərasimində iştirakını, orada çıxışını istisna etsək, populyar şəxs deyil. Bu adam da bizim ailəmizi tanımır. O zaman bu şəxsin qızımın hansı məktəbdə oxuduğunu, ingilis dili kursuna getdiyini haradan bilir və sairə suallar meydana gəlir».

Z.Yağmur bu hadisənin mənfi mənada Azərbaycan həyatında «yeni mərhələnin başlanğıcı» adlandırır.

DİN: «Araşdırmanın nəticəsi olaraq hadisəyə hüquqi qiymət veriləcək»

«14-yaşlı, S-nın üzləşdiyi hadisə ilə bağlı anası Zümrüd Yağmur Daxili İşlər Nazirliyinin (DİN) «102» xidmətinə müraciət edib».

Bunu DİN mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, həm Z.Yağmura, həm də yeniyetməyə 28 saylı Polis Bölməsinə müraciət etmələri bildirilib: «Anası ilə qızı bölməyə dəvət edilib və onlar məsələ ilə bağlı ərizə yazıblar».

O.Mansurzadə deyib ki, məsələ ilə bağlı polis bölməsində hazırda araşdırma aparılır: «Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək».

Sosial şəbəkələrdə hadisəni törətdiyi iddia edilən şəxsin də video müraciətləri yayılıb. Həmin videoda şəxs qeyd edilən hadisəni məktəbli qızın valideynlərinin xaricə işləməsi iddiası ilə izah edir.

Xatırlatma

Fuad Qəhrəmanlı Nardaran hadisələri ilə bağlı həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək, 10 il azadlıqdan məhrum edilmişdi. 2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan F.Qəhrəmanlı ittihamları qəbul etmirdi.

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində əməliyyat keçirmişdi. Həmin hadisədə 6 nəfər həlak olub.

«Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırov və onun tərəfdarları həbs edilib. Onlar dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və başqa ağır cinayətlərdə ittiham edilərək mühakimə olunublar. Amma həbs edilənlər ittihamı qəbul etmirlər.

162 saylı məktəbdə nə baş vermişdi?

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilir. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi deyilir və buna səbəb kimi məktəbdə ona pis münasibət olduğu qeyd edilir.

Artıq E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

Üstəlik, məktəb direktoru S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. O, məhkəmənin qərarı ilə ev dustağı olub.

Ötən həftə bir qrup ictimai fəal və məktəbli E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin qarşısında anım mərasimi keçirmişdi. F.Qəhrəmanlının qızının da qatıldığı həmin mərasimə polis və mülkigeyimli şəxslərin müdaxiləsi olmuşdu. Polislər bunu tədbirin razılaşdırılmaması ilə izah etmişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG