Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 05:59

AXCP fəalının məhkəməsi təxirə salındı


Fuad Əhmədli

Aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Vəkili Əshabəli Mustafayevin AzadlıqRadiosuna deməsinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Amma F.Əhmədli bildirib ki, ittiham aktı ilə tanış deyil: «Qanunvericiliyin tələbinə görə, cinayət materialları təqsirləndirilən şəxsə ən geci məhkəmə prosesinin başlanmasından bir həftə öncə verilməlidir. İndiki halda isə bu materiallar F.Əhmədliyə aprelin 10-da verilib. Bu isə qanunvericilik tələbinin pozulması deməkdir».

Ə.Mustafayev deyir ki, bununla bağlı olaraq məhkəmə iclası aprelin 25-dək təxirə salınıb.

XATIRLATMA

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli «Azerfon» MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fethullah Gülen-in çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Martın 6-da F.Əhmədli barəsində ittiham ağırlaşdırılıb: «Fuad Əhmədliyə əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham verilmişdi. Sonra ittihamlar ağırlaşdırıldı və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verildi. Fuad Əhmədli heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu bildirir», – Ə.Mustafayev deyib.

Əgər əvvəlki ittiham üzrə F.Əhmədlini 3 il həbs cəzası gözləyirdisə, yeni maddələrlə ona 8 ilədək həbs cəzası verilə bilər.

Müdafiə tərəfi ittihamları «əsassız» adlandırıb. AXCP isə bəyanat verərək, bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib.

Türkiyənin hakimiyyət orqanları Fethullah Gülen-i ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen bu ittihamları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG