AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədli ona verilmiş 4 il həbs cəzasının az qala, yarısını çəkdiyini əsas gətirib, vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü məhkəməyə müraciət etmişdi. İyulun 19-da Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayev həmin ərizəyə baxaraq, «yox» deyib.
Məhkəmə F.Əhmədlinin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib. Müəssisənin əməkdaşı Emin Əbdürrəhmanov gənc fəalı xarakterizə edərkən onun hələ tam islah olunmadığını bildirib. Bu fikrini də belə əsaslandırıb ki, «müəssisənin ictimai həyatında aktiv iştirak etmir, özünə qapanır, az ünsiyyətdə olur, yatağını səliqəsiz yığır...».
Hakim F.Əhmədlinin vaxtından əvvəl həbsdən buraxılma ərizəsinin təmin olunmadığını açıqlayıb.
Cəbhəçi fəal hakimdən soruşub ki, yatağını daha səliqəli yığmağı öyrənsə, həbsdən buraxılmaq şansı varmı? F.Əhmədlinin sualı cavabsız qalıb.
Gənc fəalın atası Zəfər Əhmədli AzadlıqRadiosuna bildirib ki, Suraxanı Rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti veriləcək: «Fuad cəzanın üçdə birini çəkməsi əsasıyla məhkəməyə müraciət etmişdi. Halbuki, bir aydan sonra cəzanın yarısı tamam olacaq. Ona görə də həm bu qərardan şikayət verəcəyik, həm də cəzanın yarısının çəkilməsi əsasıyla yenidən ərizə ilə müraciət olunacaq».
Xatırlatma
F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülənə aid materiallar olan disklər, kitablar tapılıb.
F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib. Yuxarı instansiya məhkəmələri də hökmü qüvvədə saxlayıb.
F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.