Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:00

'Fu Məzi' şüarı yazan gənc: 'Bölmədə üstümə 20 nəfər tökülmüşdü...'


F.İsmayılov
F.İsmayılov

Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısındakı divara «Fu Məzi» yazmış ictimai fəal Fuad İsmayılov həbsdə 6 gündür aclıq etdiyini deyir. Bu haqda o, öz məhkəməsində danışıb.

«Marixuananı polislər cibimə atıb»

Martın 13-də Bakı Apellyasiya Məhkəməsində F.İsmayılovun 60 günlük inzibati həbsindən verilən şikayətə baxılıb. Gənc fəal deyir ki, narkotik ittihamı yalandır, marixuananı Suraxanı rayonu, 32-ci polis bölməsində onun cibinə polislərin özü atıb.

«Dövlətə qarşı çıxırsan»

«Martın 7-də evdən çıxanda iki maşın vardı, məni basıb apardılar. Əvvəl bölmədə, sonra ekspertizaya aparanda, axırda da məhkəmədə cəza verib təcridxanaya gətirəndə çox döydülər. Bölmədə üstümə 20 nəfər tökülmüşdü. Xəsarətlər qalır, qulağım zədələnib. Təsəvvür edin, məni təcridxanaya narkotik maddəsiylə salıblar, gələn-gedən ancaq siyasət barədə soruşur. Bölmədə də, orada da döyəndə deyirdilər ki, dövlətə qarşı çıxırsan», - F.İsmayılovun məhkəmədə söylədikləridir.

Vəsatətlər təmin edilməyib

Vəkili Cavad Cavadov işgəncə şikayətlərini araşdırmaqdan ötrü gənc fəalın tibbi ekspertizadan keçirilməsi; onun cibindən çıxdığı iddia olunan narkotik üzərində əl izinin olub-olmamasının aydınlaşdırılması; tutulduğu ərazidəki videokameraların görüntülərinə baxılması haqda vəsatətlər verib. Amma hakim Rəşad Abdulov heç birini təmin etməyib.

Seçki məntəqəsində döyülüb

Vəkil yada salıb ki, F.İsmayılov son parlament seçkisində deputatlığa namizəd Fikrət Cəfərlinin müşahidəçisi olub. 9 fevralda keçirilən səsvermə günü seçki məntəqəsində döyülüb. Müdafiəçi həmin kadrların yayıldığı linkləri də məhkəməyə verib.

«Divarı yazanı gətirmişik»

F.İsmayılovun MSK-nın qarşısında da zorakılığa məruz qaldığını vurğulayan vəkil deyir ki, o, heç vaxt narkotik istifadəçisi olmayıb:


«İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində alternativ cəzalar da var. Amma bu adama ən sərt cəzanın tətbiqi də deməyə əsas verir ki, sifariş belə olub. Məhkəmə başlamamışdan öncə də onu gətirən polislər telefonla kiməsə məruzə edirdilər ki, «MSK-nın qarşısında divarı yazanı gətirmişik». Bunu tək mən yox, burada olan hər kəs eşitdi».

60 günlük həbs qərarı qüvvədə saxlanıldı

Hakim apellyasiya şikayətini təmin etməyib. Suraxanı rayon Məhkəməsinin F.İsmayılov haqqında 60 günlük inzibati həbs qərarı qüvvədə saxlanıb.

Vəkil AzadlıqRadiosuna bildirib ki, bu işlə bağlı Avropa Məhkəməsinə şikayət olunacaq: «Bundan əlavə, işgəncə ilə əlaqədar da ayrıca şikayət verəcəyik».

F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsiylə suçlanır. O, fevralın 21-də divara şüar yazarkən də saxlanıb, az sonra buraxılmışdı.

Daxili İşlər Nazirliyi isə Azərbaycanda polis orqanlarında işgəncə haqda iddiaları, beynəlxalq hesabatlarda yazılanları təkzib edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG