Dünyada internet azadlığı ardıcıl olaraq 16-cı ildir ki, geriləyir. Bunu "Freedom House" insan hüquqları təşkilatı oktyabrın 22-də açıqladığı "İnternetdə azadlıq 2026: Qlobal internetdə köklü dəyişikliklər" hesabatında bildirir. Sənəddə araşdırılan 38 ölkədən 16-da vəziyyət pisləşib, yalnız 8-də yaxşılaşma qeydə alınıb.
Hesabatda ifadə azadlığı və informasiya əldə etmək imkanları qarşısında yaradılan yeni əngəllər sadalanır. Bunların sırasına avtoritar rejimlərin xalqı qlobal şəbəkədən qoparmaq cəhdləri, internetə giriş zamanı yaş məhdudiyyəti yoxlamalarının tətbiqi və süni intellekt məhsullarını nizamlayan qanunlardan bir təzyiq rıçaqı kimi istifadə edilməsi daxildir.
"Müstəqil şəkildə fəaliyyət göstərən süni intellekt internet mühitini kökündən dəyişmək gücünə malikdir", – deyə "Freedom House"un icraçı direktoru Ceymi Flay bildirib.
İran internet azadlığının ən kəskin şəkildə pisləşdiyi ölkə olub; o, Çin və Myanma ilə birgə bu sahədə dünyanın ən bərbad vəziyyətdə olan dövlətləri sırasında yer alıb.
"Freedom House"un qənaətinə görə, avtoritar hakimiyyətlər insanları qlobal internetdən təcrid etmək addımlarını daha da sürətləndiriblər. Məsələn, İran rəhbərliyi ölkə daxilində interneti təxminən 88 gün ərzində tamamilə kəsib ki, bu da "İnternetdə azadlıq" hesabatlarının tarixində qeydə alınan ən uzunmüddətli şəbəkə kəsintisidir.
Hesabatda Azərbaycanın da adı çəkilir və ölkədə 2020-ci ildə Ermənistanla 44 günlük müharibə zamanı internetin 47 gün ərzində məhdudlaşdırıldığı xatırladılır. Azərbaycan tərəfi həmin addımı strateji zərurətlə, yəni hərbi sirlərin qorunması ehtiyacı ilə əsaslandırmışdı. Noyabrda atəşkəs bəyanatı imzalandıqdan sonra internetə çıxış tam şəkildə bərpa edilib.
Qonşu Gürcüstanda isə internet azadlığı "azad" statusundan "qismən azad" statusuna düşüb. "Freedom House" bildirir ki, ölkə rəhbərliyi iqtidardakı "Gürcü Arzusu" partiyasına qarşı yönələn onlayn fəaliyyətləri və tənqidi səsləri susdurmağa davam edir.