Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 19:47

«Freedom House» insan haqları təşkilatı Azərbaycanı yenə «qeyri-azad ölkələr» sırasına salıb. Təşkilatın hesabatına görə, Azərbaycan son 10 ildə geriləyən ölkələr sırasındadır.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, YAP-çı deputat Elman Nəsirov AzadlıqRadiosuna qısa müsahibədə hesabatdakı tənqidlərə münasibət bildirib. O, Azərbaycanın geriləyən ölkə yox, demokratiya yolunda ildən-ilə inkişaf edən, yeni uğurlar qazanan ölkə olduğunu söyləyib:

Elman Nəsirov: 'Bu təşkilatlar konkret sifariş əsasında konkret dövləti hədəfə alır'
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00
Direct-ə keçid

– «Freedom House» kimi qeyri-hökumət təşkilatları heç bir halda müstəqil siyasi qərarlar qəbul etmirlər, müstəqil hesabatlar hazırlamırlar. Bu təşkilatlar konkret sifariş əsasında konkret dövləti hədəfə alır və ənənəvi şablon ifadələrdən istifadə edirlər ki, filan ölkədə insan haqları sahəsində problemlər var və s... Azərbaycan ictimaiyyətində adıçəkilən təşkilatın mahiyyəti, fəaliyyəti, tutduğu anti-Azərbaycan mövqeyi ilə bağlı artıq konkret fikir formalaşıb. Buna görə də xalqımız, ictimaiyyətimiz bu təşkilatın heç bir hesabatını qəbul etmir. O səbəbdən qəbul etmir ki, bu təşkilat Azərbaycana qarşı qərəzlidir.

– «Freedom House» təşkilatı bildirir ki, prezident İlham Əliyev ötən ilin sentyabrında keçirilən referendumla öz hakimiyyətini gücləndirməyə, qarşıdan gələn iqtisadi-siyasi qeyri-sabitliyi önləməyə çalışıb. Siz bu yanaşmanı qəbul edirsinizmi?

– «Freedom House» özünü müstəqil təşkilat kimi təqdim etsə də, müstəqil deyil. Daha böyük siyasi dairələrin və dövlətlərin əlində alətdir. Onun haradan maliyyələşdirildiyi və kimlərə xidmət etdiyi də bizlərə bəllidir. Bu təşkilat Azərbaycanda gedən islahatlar, reallaşdırılan proqramlar haqda bircə dəfə də müsbət fikir söyləməyib. Qərəzli yanaşmalarının şahidi olmuşuq. O ki qaldı referendumla bağlı deyilənlərə, bu ümumxalq səsverməsində əhalinin 70 faizindən çoxu iştirak etdi, səsverməyə çıxarılan bəzi təkliflərin lehinə 92 faiz səs verildi. Referendumda xalqımız İlham Əliyevin irəli sürdüyü təşəbbüsləri yekdilliklə müdafiə etdi. «Freedom House» təşkilatı əhalinin niyə yekdilliklə prezidentin təşəbbüsünü dəstəkləməsinin səbəbini araşdırsın. Səbəb odur ki, cənab prezident ayrı-ayrı beynəlxalq siyasi dairələrin diktəsiylə deyil, onların maraq və mənafeləri naminə deyil, Azərbaycan xalqının milli maraqlarına xidmət edən siyasət aparır. Bunu həzm edə bilməyən dairələr müxtəlif təzyiq üsullarını işə salırlar. Bu təzyiq üsullarından biri də «Freedom House» təşkilatının hesabatlarıdır. Ona görə də, bu təşkilatın referendumla bağlı səsləndirdiyi fikirlər həqiqətəuyğun deyil, gerçəyin təhrif edilməsidir. Xalqın etimadını şübhə altına salmaq cəhdidir.

– Elman bəy, təkcə «Freedom House» deyil, başqa beynəlxalq qurumlar da ötən il Konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkədə təməl insan haqlarının daha da məhdudlaşdırıldığını bildirirlər. Bu fikirlərlə razılaşırsınızmı?

– Azərbaycan demokratik inkişaf yolunu seçib. Demokratiya davamlı prosesdir. ABŞ 1776-cı ildə yaranıb, amma təxminən 288 il sonra Konstitusiyada dəyişiklik edərək hər kəsi qanun qarşısında bərabər elan edib. Bu onu göstərir ki, demokratiya uzun yoldur, biz bu yolda hər il uğurlar əldə edirik. Hesab edirəm ki, 26 sentyabr referendumu da həmin inkişaf yolunda mühüm addımdır. Təsadüfi deyil ki, bir çox hallarda Azərbaycanla bağlı qərəzli mövqe sərgiləyən AŞPA bu dəfə ölkədə keçirilən referendumun beynəlxalq standartlara uyğun keçirildiyini bildirdi. «Freedom House» obyektiv təşkilatdırsa, bizim bir milyondan çox məcburi köçkünümüzün total halda pozulan hüquqları haqda danışsın. İki vətəndaşımıza qarşı qurulan qondarma məhkəmə prosesindən, onların girov saxlanılmasından danışsın. Niyə bu haqda hesabatda bir qeyd yoxdur? Bu onlara sifariş verənlərin maraqlarına uyğun deyil çünki. Onlar hər şeyi qara görürlər. Bu hesabat da istisna deyil.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG