Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:07

Fransa yoluxmanın artmasına baxmayaraq təkrar karantinə girməyəcək


Fransanın baş naziri Jean Castex
Fransanın baş naziri Jean Castex

Fransanın baş naziri Jean Castex sentyabrın 11-də deyib ki, ölkədə koronavirusa yoluxmaların sıçrayışlı artımına baxmayaraq yeni karantin elan edilməyəcək.

Reuters agentliyinin yazdığına görə baş nazir bildirib ki, bunun əvəzində daha az radikal tədbirlər görüləcək.

Baş nazir qeyd edib ki, bu tədbirlərə test cavablarının sürətləndirilməsi də daxildir:

“Bu virus hələ bir neçə ay bizimlə qalacaq və biz onun öhdəsindən ümumölkə karantininə girmədən gəlməyi bacarmalıyıq”.

Fransa hakimiyyət orqanları sentyabrın 11-də ölkədə koronavirusa 9843 yeni yoluxmanın qeydə alındığını bildirib.

Bu bir gün əvvəl qeydə alınmış yoluxma sayından çoxdur.

Fransa koronavirus pandemiyasının əvvəllərində, mart ayında sərt karantin tətbiq etmişdi. Bu karantinin köməyi ilə xəstəxanaların pasientlərlə ifrat dolmasının qarşısı alınmışdı.

Lakin bu tədbirlər Fransa iqtisadiyyatına ciddi zərbə vurmuşdu.

Fransızlar sayıqlığı itiriblər

Fransada ölkə boyunca karantin may ayının əvvəllərindən yumşaldılmışdı.

O vaxtdan bəri xəstəxanada müalicəyə ehtiyacı olan koronaviruslu xəstələrin sayı artmaqdadır.

Castex Fransanın vəzifəli rəsmiləri ilə söhbətdən sonra deyib ki, yoluxma hallarının artması xüsusilə də Marsel, Bordo və Fransanın Karib hövzəsindəki ərazilərində narahatlıq doğurur.

Baş nazir bildirib ki, sözü gedən bölgələrin rəhbərlərinə virusa yoluxmanın qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi tapşırılıb.

Reuters agentliyi yazır ki, Fransa hökuməti ümumölkə karantinindənsə, lokal karantinlərin tətbiqinə üstünlük verir.

Koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünütəcriddə olan Castex deyib ki, fransızlar epidemiyaya qarşı sayıqlığı bir qədər itiriblər.

Baş nazir deyib ki, vətəndaşlar daha məsuliyyətli olmalı, maska taxmalı, sosial məsafə saxlamalı və fərdi gigiyenaya riayət etməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG