Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

COVID-19 uşaq ölümlərini yenidən artıra bilər


Pakistanda yeni doğulmuş körpə
Pakistanda yeni doğulmuş körpə

2019-cu ildə dünyada yaşı 5-dən aşağı uşaqlar arasında ölüm statistikası rekord həddə – 5,2 milyona düşmüşdü. Ancaq bu il COVID-19 pandemiyasının uşaq və ana səhiyyə xidmətlərini pozması durumu yenidən pisləşdirə bilər. Belə bir hesabatla BMT-nin uşaq təşkilatı UNICEF, Dünya Səhiyyə Təşkilatı (DST) və daha bir neçə qurum çıxış edib.

1990-cı ildə yaşı 5-dən az 12,5 milyon uşaq ölüb, ötən ilsə bu rəqəm 5,2 milyona düşüb. Ümumiyyətlə, son 30 ildə səhiyyə xidmətlərində əldə olunan irəliləyişlər milyonlarla uşağın həyatını xilas edib.

Hazırda bir çox ölkələrdə uşaqlar və analar tibbi müayinəyə vaxtında gedə bilmir, peyvənd olunmur, analar doğuşdan sonra tibbi qayğı görmür və sairə.

Ölkələrin çoxunda tibbi xidmətdə fasilə yaranıb

Bu yay UNICEF-in 77 ölkədə keçirdiyi sorğu üzə çıxarıb ki, ölkələrin demək olar 68 faizində uşaqlara tibbi xidmət və peyvəndləmədə müəyyən pozulma olub. 63 faiz ölkədə doğumdan əvvəl, 59 faizində isə doğumdan sonra tibbi xidmətdə fasilə yaranıb.

DST-nin sorğusuna görə, 105 ölkənin 52 faizində xəstə uşaqlara tibbi xidmət, 51 faizində isə pis qidalanmanın idarə olunmasında pozuntu yaşanıb.

Yeni doğulan körpələrin və uşaqların ölümünün qarşısını almaq üçün bəzi tibbi müdaxilələr lazımdır. Məsələn, beynəlxalq standartlara uyğun təlim görmüş peşəkar mama həkimlərinin xidmət etdiyi qadınlar arasında körpəsini itirənlərin sayı 16 faiz az olur, vaxtından qabaq doğuşların sayı isə 24 faiz azalır.

“Biz COVID-19 pandemiyasının uşaqlarımız və onların gələcəyi ilə bağlı əldə olunmuş proqresi geri atmasına imkan verməməliyik. Həyatları xilas etməkdən ötrü bildiyimizi istifadə etməli, daha güclü və möhkəm səhiyyə sistemlərinə sərmayə qoymalıyıq”, – DST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.

Səhiyyə xidmətlərinin pozulmasının səbəblərinə gəlincə, bəzi valideynlər koronavirusa yoluxmaqdan qorxduqları üçün tibb ocaqlarına getməkdən çəkinir; xidmətlər və tibb ocaqları bağlanıb; tibb işçiləri çatışmazlığı yaşanıb.

Hesabatda ən böyük təsirə Əfqanıstan, Boliviya, Kamerun, Cənubi Afrika Respublikası, Liviya, Madaqaskar, Pakistan, Sudan və Yəmənin məruz qaldıqları bildirilir.

Hələ mayda Cons Hopkins Universiteti hesablamışdı ki, COVID-19 pandemiyasının doğurduğu fasilələr hər gün 6 min əlavə uşağın ölümünə səbəb ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG