Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Müsəlman şagirdlərlə bağlı sözünə görə cərimələndi


Robert Menard
Robert Menard

Fransada çıxışında nifrət ifadə edən ifrat sağçı merə 2 min avro məbləğində cərimə kəsilib. Səbəb onun yerli məktəblərdə həddindən çox müsəlman uşağın olduğunu bəyan etməsidir.

Fransanın cənubunda yerləşən Bezye şəhərciyinin meri, ifrat sağçı Robert Menard Marine Le Pen-in immiqrantlara qarşı çıxan «Milli cəbhə» partiyasının müttəfiqidir.

«BÖYÜK DƏYİŞİKLİK»

2016-cı il sentyabrın 1-də Fransada tədris ilinin başlanması münasibətilə paylaşdığı tvitdə o, «böyük dəyişikliyin» şahidi olduğunu yazıb.

«Böyük dəyişiklik» (#GrandReplacement) həştəqindən, adətən, Fransanın ağ xristian əhalisinin guya miqrant əhali tərəfindən sıxışdırıldığını vurğulamaq üçün istifadə olunur. İfadənin özü isə ksenofob fransız yazıçısı Renaud Camus-ya məxsusdur.

Sentyabrın 5-də isə Menard Fransanın LCI televiziya kanalında belə deyib: «Şəhərimin mərkəzindəki siniflərdən birində uşaqların 91%-i müsəlmanlardır. Aydın məsələdir ki, bu, problemdir. Tolerantlığın da bir həddi var».

Fransa qanunları məlumatların insanların dini inancları və etnik mənsubiyyətinə görə toplanmasını yasaqlayır.

«UŞAQLARA BARMAQ UZADIB»

«Sadəcə, şəhərimdəki vəziyyəti təsvir etdim. Bu, dəyər mühakiməsi deyil, bu, faktdır. Mənim gördüyüm budur», – deyə Menard öz mövqeyini müdafiə etməyə çalışıb.

Əfqan qaçqın Fransa məktəbində.
Əfqan qaçqın Fransa məktəbində.

Paris məhkəməsi Menard-ın cərimədən əlavə 1000 avro (1100 dollar) ödəməsi barədə hökm çıxarıb. Bu məbləğ bu işi məhkəmə səviyyəsinə çıxarmış, irqçiliklə mübarizə aparan altı təşkilatın məhkəmə xərclərinin ödənməsi üçündür.

Cərimənin özü isə 1800 avrodan (1970 dollar) artıqdır. Cəriməni ictimai prokuror tələb edib. O deyib ki, Menard «uşaqlara barmaq uzadıb və onları milli icmaya yük kimi qələmə verib».

«O, uşaqların Fransa vətəndaşı olub-olmaması, dinə sitayiş edib-etməməsindən asılı olmayaraq, onları dini inancları ilə ölçür», – deyə o qeyd edib.

DÜŞÜNCƏ AZADLIĞINA GÖRƏ «ÖLÜM HÖKMÜ»

Fransa qanunlarına görə, nifrəti qızışdırmağa görə 45 min avro cərimə və bir il həbs cəzası nəzərdə tutulub.

Menard-ın vəkilləri artıq məhkəməyə apellyasiya şikayəti veriblər. Onlar məhkəmədən «düşüncə azadlığına ölüm hökmü» kəsməməyi xahiş ediblər.

2005-ci ildə Menard daha bir qalmaqal yaratmışdı. O iddia etmişdi ki, Bayer şəhərində məktəb şagirdlərinin 64.6 faizi müsəlmandır. Halbuki, əslində, Fransa dövləti insanların dini və etnik mənsubiyyətinə görə məlumat toplamır.

Marine Le Pen
Marine Le Pen

Məhkəmə işinə baxılan zaman mer Menard çətin məsələlərin həll yolunu tapmaqdan ötrü reallığı ifadə etdiyini bildirib. O, işlətdiyi ifadələrin ayrıseçkilik məqsədi daşımadığını bildirib.

POSTERLƏRİN ÜSTÜNƏ QAÇQINLARIN ŞƏKİLLƏRİNİ VURUB

Ötən ilin oktyabrında isə Menard üzərində «Onlar gəlirlər - miqrantlar artıq şəhərimizin mərkəzindədirlər!» yazılan posterlər yaydığına və onların üzərində qaçqınların şəkillərini vurduğuna görə ölkə qəzetlərinin xəbər başlıqlarına çıxmışdı. Mer həmin posterlərdən yerli səviyyədə referendumun keçirilməsinə çağırış etmək üçün yararlanmışdı.

İmmiqrasiyanı sərt tənqid edən Menard müstəqil siyasətçi olsa da, ifrat sağçı «Milli cəbhə» partiyası tərəfindən dəstəklənir.

İfrat sağçı lider Marine Le Pen prezident seçkisinin mayın 7-də keçiriləcək ikinci turunda mərkəzçi namizəd Emmanuel Macron-la üz-üzə gələcək.

Marine Le Pen hazırda müvəqqəti olaraq «Milli cəbhə» partiyasının prezidentliyindən uzaqlaşıb. Onun bu addımı özünü «xalqın namizədi» kimi təqdim etmək cəhdi kimi qiymətləndirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG