««Formula-1»yarışlarını dünyada 400-500 milyon insan izləyir. Ölkələrin tanıtımı, turist cəlb olunması baxımından bu yarışlar cəlbedicidir»
Bunu bu gün, aprelin 27-də Bakıda «Formula -1» üzrə Azərbaycan Qran-prisinin başlaması ilə bağlı REAL Partiyasından olan iqtisadçı Natiq Cəfərli bildirib. Onun deməsinə görə, Azərbaycanda isə fərqli bir mənzərə hökm sürür. İqtisadçı vurğulayıb ki, Azərbaycanda bu yarışları dövlət təşkil edir. Onun fikrincə, bundan da irəli gələrək onun kommersiya mahiyyəti arxa plana keçib.
N.Cəfərli deyib ki, xarici ölkələrdə bu yarışları şirkətlər təşkil edir, onun irihəcmli sponsoru, reklam gəlirləri olur: «Bu yarışlar daha çox Avropa ölkələrində maraq doğurur. Bu məntiqlə bu yarışlarla bağlı Avropa ölkələrindən gələn turistlərin sayı artmalı idi. Amma Azərbaycan statistikasının özü göstərir ki, bu ölkələrdən gələn turistlərin sayında artım yoxdur. Deməli, ölkəyə turist axını baxımından bu yarışlar müsbət heç nə verməyib...».
Deputat rəyi
«Bu yarışların keçirilməsi hər bir ölkə üçün şərəfdir».
Bunu isə Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə deyib:
«Bu yarışlara 50-100 min nəfər arasında insan canlı tamaşa edir. Telekanallar vasitəsilə isə 400-500 milyon nəfər insan izləyir. Bu yarışlar ölkənin tanıtımı, inkişafı, turist cəlb olunması, otel, restoran tikintisi, park-bulvar təsərrüfatının inkişafı baxımından unikal imkanlar deməkdir».
Xatırlatma
«Formula-1» yarışları aprelin 29-da başa çatacaq.
Azərbaycanda «Formula-1» yarışları bu il üçüncü dəfədir ki, keçirilir. Buna qədər bu yarışlar Azərbaycanda 2016-cı və 2017-ci illərdə keçirilib.
Bu yarışlar, razılaşmaya əsasən, Azərbaycanda 2019 və 2020-ci illərdə də təşkil edilməlidir. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əvvəlcədən razılaşdırılmış bu haldan imtina edərlərsə, ölkəni 50 milyon dollar cərimə gözləyir.
Ancaq rəsmilər ümumilikdə «Formula-1» yarışlarına nə qədər xərc çəkildiyini açıqlamırlar. Azərbaycan müxalifəti baş verənləri israfçılıq sayır.