Ford bəyan edib ki, onun Rusiyadakı müştərək Ford Sollers müəssisəsi özünün iki yığma və bir mühərrik zavodlarını bağlayır.
Bu addım Sankt Peterburq şəhərində və Tatarıstan Respublikasında əhəmiyyətli sayda insanın işsiz qalması ilə nəticələnəcək.
Şirkət Köln şəhərində yerləşən Avropa qərargahından martın 27-də verdiyi bəyanatda bildirir ki, Ford bu ilin iyununadək Rusiyada özünün bütün minik avtomobilləri istehsalını dayandıracaq.
Şirkətin bəyanatında bu da deyilir ki, bu addım “son illərdə Rusiyanın minik avtomobilləri bazarında gərginliyin əhəmiyyətli dərəcədə artması” və Ford şirkətinin Rusiyaya yatırımlarının “adekvat dividendlər gətirməməsi” ilə bağlıdır.
Bəyanatda bildirilir ki, bu səbədən də Sankt Peterburq və Tatarıstanın Naberejnıye Çelnı və Yelabuqa şəhərlərindəki zavodlar bağlanacaq.
Ford Sollers şirkətində hazırda toplam 3700 nəfər işləyir.
Ford bildirir ki, işçilərə ümumilikdə 200 milyon dollar haqq-hesablaşma pulu veriləcək.
Bu da xəbər verilir ki, Rusiyadakı zavodların bağlanması şirkətin bütün Avropada yürütdüyü siyasətin tərkib hissəsidir.
Ford habelə Fransanın Bordo şəhərindəki zavodunu bağlayacaq, Almaniya və Britaniyadakı zavodlarda ciddi işçi ixtisarları aparacaq.
Ford bildirir ki, şirkət bundan sonra diqqətini Rusiyada Transit avtofurqonlarının istehsalına yönəldəcək. Bundan sonra Rusiya tərəfi Sollers şirkətində 51 faiz paya sahib olacaq. Əvvəllər paylar 50-50-yə bölünmüşdü.
Ford of Europe şirkətinin prezidenti Steven Armstrong deyib ki, “Rusiyada kommersiya avtomobillərinin biznesi daha yaxşı gəlirlər gətirir”.
Ford Sollers bunu da bildirir ki, Rusiyada artıq satılmış avtomobillərinə qarantiya öhdəliklərini yerinə yetirməkdə davam edəcək.