Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:52

FT: Azərbaycanı itirən kim oldu?


«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994
«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994

«The Financial Times» Azərbaycan haqda belə bir başlıqlı məqalə dərc edib.

Müəlliflər Anna Dedhar və Nick Butler 1990-cı illərin ortalarında Azərbaycanın dünyanın ən bəxtli ölkələrindən biri kimi göründüyünü xatırlayır: «Sovetlərdən ayrılmış, təbii sərvətlərlə, xüsusilə neft və qazla zəngin, radikal və ekstremist müsəlman fundamentalizminə qarşı möhkəm dayanan bu ölkə özü haqda çox şey deyirdi».

Müəlliflər 90-cı illərin əvvəllərində sovet idarəçiliyindən azad olan Bakının cəmi bir neçə ilə dəyişdiyini, beynəlxalq sərmayənin ölkəni sürətlə inkişaf etdirdiyini, «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurlarını yada salırlar. Amma 20 ildən sonra hər şeyin dəyişdiyini, vəziyyətin olduqca pisləşdiyini və daha da pisləşməkdə olduğunu yazırlar və səbəbləri axtarırlar.

AMERİKA LAQEYDLİYİ

Məqalədə qeyd olunur ki, neftin qiymətinin düşməsi, neftlə zəngin bütün ölkələr kimi, Azərbaycanı da vurmaqdadır. Qonşularla sərhəd mübahisələrinin bitməməsi Xəzərdəki yeni yataqların tədqiqinə mane olur, neft istehsalı azalıb və hələ yenə azalacaq. Vergilərin artırılacağı qorxusu yeni investisiyaları əngəlləyir.

Və müəlliflərin fikrincə, Azərbaycanın əsas problemi korrupsiya və avtoritar rejimdir. Qəzet ölkəni başına almış korrupsiyanın iqtisadi nəticələri darmadağın etdiyini, digər tərəfdən, fəalların həbslərinin adi hala çevrildiyini, söz azadlığının məhdudlaşdırıldığını, üstəlik, konstitusiyaya gözlənən dəyişikliklərin «Azərbaycanı onsuz da ailə mülkü kimi idarə edən» prezident İlham Əliyevin səlahiyyətlərini bir az da artıracağını vurğulayır.

İlham Əliyev və John Kerry
İlham Əliyev və John Kerry

Vəziyyət niyə bu qədər pisləşdi? Ya da amerikalılar demiş, Azərbaycanı itirən kim oldu?

Bu suallara cavab axtaran müəlliflər Amerika laqeydliyini günahlandırır, yazırlar ki, 90-cı illərdə Xəzər dəhlizi ideyasını irəli sürən Birləşmiş Ştatların məqsədi regionu Rusiyadan qorumaq, yeni ticarət zonaları yaratmaq idi. Ancaq İraq və Əfqanıstandakı müharibələrdən yorulan və Avropa Birliyindən dayağın olmaması bu ambisiyaların üstündən xətt çəkdi. Nəticədə avtoritar idarəetmədən başqa təcrübəsi olmayan Azərbaycan kimi ölkələr diqqətdən kənar qaldılar.

NEYLƏMƏLİ?

Növbəti sual belədir: «İndi neyləmək olar?»

«Bəziləri inanır ki, vəziyyətin çətinləşməsi Azərbaycanı, sözün əsl mənasında, islahatlar aparmağa vadar edəcək», - deyən müəlliflər buna yalnız ümid bəslədiklərini bildirir. Çünki onların fikrincə, nəticə daha çox bütün mümkün gəlirlərə nəzarət uğrunda mübarizə və Moskvanın müdaxiləsi qorxusu ola bilər.

«Cənab Əliyevi tərpətməyin yeganə yolu Birləşmiş Ştatların göstərə biləcəyi təzyiqdir. Vaşinqton jurnalistlərin həbsi, insan haqlarının tapdanması, saxta məhkəmələr barədə tənqidləri çoxaltmaqdadır. Amma bu tənqidlər hələ ki, gözardı olunur. Müəlliflər bildirir ki, İraq və Əfqanıstandakı kimi hərbi müdaxiləyə ehtiyac yoxdur, çünki bu cür müdaxilə məsələnin həlli yolu deyil:

«Ən effektli müdaxilə Vaşinqton, ya da Brüsselin, yaxud hər ikisinin Orta Asiyanın strateji əhəmiyyətli zona olduğunu vurğulayan bəyanatlar ola bilər. Bu bəyanatlarla bir arada korrupsiya və insan haqları pozuntularına qarşı bir-bir, hərtərəfli mübarizə aparmaq lazımdır. Hüququn aliliyi bərpa olunmalıdır».

XS
SM
MD
LG