Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 15:35

Filip Riker: 'ABŞ yardımçı olmaq istəyir'


Görüş

İyunun 9-da Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

Bu haqda Xarici İşlər Nazirliyi xəbər yayıb.

Məlumata görə, F.Riker görüşdə Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu bildirib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.

"Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda, bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədri qismində səylərə istinad edib" – nazirliyin açıqlamasında qeyd olunur.

C.Bayramovun isə Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, Ermənistanın mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrup göndərməsi və s. barədə məlumat verdiyi deyilir.

Tərəflərin həmçinin, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq ətrafında fikir mübadiləsi apardıqları bildirilir.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG