Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri fermerlərə ayrılmış dövlət yardımlarının təyinatı üzrə istifadə olunmaması və mənimsənilməsi ilə bağlı birgə xüsusi əməliyyat tədbirləri keçiriblər. Adları çəkilən qurumların birgə məlumatında belə deyilir.
Məlumata əsasən, kənd təsərrüfatına ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxs müəyyənləşdirilib.
“Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər”, - məlumatda qeyd olunur.
Həmin şəxslərin fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları öz əllərində cəmləşdirdikləri, dəstə üzvlərinin onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsədikləri iddia edilir.
Məlumatda deyilir ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə ayrı-ayrı rayonlardan 2000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakıpulun saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürüldüyü və 25-40% ödəniş müqabilində nağdlaşdırıldığı bildirilir. Maliyyə əməliyyatları nəticəsində ümumilikdə subsidiya üçün ayrılmış 5 000 000 manata yaxın vəsaitin mənimsənildiyi iddia olunur.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi qadağandır. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.