Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:42

Ali Məhkəmənin hakimi, bir sıra tanınmış ictimai-siyasi fəallar haqqında qərar vermiş Fərhad Kərimovun qardaşı Malik Kərimov dələduzluqda suçlanaraq məhkəmə qarşısına çıxarılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Amma həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

Tikinti şirkətinin direktoru kimi, bir mənzilin bir neçə nəfərə satılması, işçilərinin əmək haqlarının verilməməsi və başqa əməllərdə suçlanan və CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunan M.Kərimov məhkəmədə deyib ki, özünü qismən təqsirli bilir. Amma adamların aldadılmasına görə daha çox keçmiş deputat, İctimai Televiziyanın sabiq rəhbəri İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərovu günahkar sayır. O da 2012-ci ildə dünyasını dəyişib.

MƏNZİLLƏRİN 99 FAİZİ SATILANDAN SONRA...

Cinayət işinin materiallarından məlum olur ki, tanınmışların qardaşları bina tikintisində şərik olublar. M.Kərimov özü də istintaqa ifadəsində bunu təsdiqləyib.

***Buna da bax-Nazir qardaşının zərərçəkmiş olduğu işdə hökm oxundu

Deyib ki, 30 ilə yaxın tikinti sahəsində işləyib. Mərhum Ə.Ömərovla 1987-ci ildə tanış olub. Özü həmin vaxt Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Baş Təmir Tikinti İdarəsində işləyib, Ömərov da orada taxta sexinin rəisi olub. Onun sözlərinə görə, uzun illər dostluq etdiyi Ə.Ömərov 2005-ci ildə çoxmərtəbəli bina tikintisi ilə məşğul olmaqdan ötrü «Fateh-N» adlı şirkət yaradacağını deyib, ona da direktor olmağı təklif edib.

«Ələsgər dedi ki, başqa bir neçə şirkətin təsisçisi və sədri olduğu üçün burada rəsmi sənədlərdə adı keçə bilməz. Ona görə də mənim sənəd üzərində imzam olmasını istədi. Amma dedi ki, bütün işləri özü görəcək. Mən onu çoxdan tanıyırdım, buna görə razılıq verdim. Şirkət təsisçisi Nəsir İsayev, direktor isə mən oldum. 2007-ci ildə Ələsgərin istəyi ilə Nəsir İsayev təsisçilikdən çıxdı, bütün paylarını mənə verdi. Mən həm təsisçi oldum, həm də direktor. 2005-ci ildə Neapol küçəsi 26A ünvanında 11-mərtəbəli, 5-bloklu, 290-mənzilli binanın tikintisinə başladıq. Özül qazılandan mənzillərin satışı başladı. Satışa da birbaşa Ələsgər özü baxırdı, müştərilərlə görüşürdü, pulu alırdı. Bütün bunlarda mən iştirak etmirdim. 2010-cu ilə qədər mənzillərin 99 faizi satıldı, həmin il binanın tikintisində problemlər yarandı», – M.Kərimov ifadəsində belə deyib.

***Buna da bax-Nazirin qardaşı 'Bir də belə işə əl qoymaram' dedi

«İŞ HƏRTƏRƏFLİ ARAŞDIRILMAYIB»

Onun dediyinə görə, müştərilərdən alınan pullar onlara mənzil satılan binaya yox, yanındakı tikilən ikinci binanın inşasına xərclənirdi. Bu səbəbdən də həmin bina üçün tikinti avadanlıqlarının alınmasında, işçilərin maaşlarının verilməsində çətinlik yaranıb. Nəticədə binanın inşası yarımçıq qalıb. 2012-ci ildə Ə.Ömərovun ürəktutmadan vəfatı vəziyyəti daha da qəlizləşdirib. M.Kərimov deyir ki, bundan sonra da binanın tikintisini öz gücünə davam etdirməyə çalışıb, amma maliyyə imkanları məhdud olduğundan başa çatdıra bilməyib.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. A.Məcidov deyib ki, istintaq işi hərtərəfli araşdırmayıb. Məsələn, zərərçəkmişlərin birbaşa pul verdikləri Ramil Şükürov dindirilməyib. Bu adamın mütləq dindirilməli olduğunu deyən hakim onun məhkəməyə çağrılacağını söyləyib.

Adıçəkilən R.Şükürovun özü də bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. CM-nin 178 (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilinən Şükürov sonradan şərti cəza ilə azadlığa çıxıb.

Hakimin qardaşının məhkəməsi noyabrın 15-də davam edəcək.

Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra həbs olunub 10 il həbsə məhkum edilən Bayram Məmmədovun, Müsavat Partiyasının sədr müavini Fərəc Kərimlinin, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin işlərinə Ali Məhkəmədə Fərhad Kərimov baxıb. Keçmiş səhiyyə naziri Əli İnsanovun yenidən 7 il azadlıqdan məhrum edilməsi ilə bağlı kassasiya şikayətinə də noyabrın 14-də o baxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG