Tabloid mediada ünlü insanlarla bağlı anlamsız başlıqlı qeybət yazıları və çox vaxt foto və videogörüntülərin izlədiyi guya "pərdəarxası" xəbərlər heç kimi təəccübləndirmir (tabloid media deyərkən, "sensasiyalı xəbərlərə, maqazin olaylarına üstün diqqət yetirən mediadan söhbət gedir -red.). İnsanların şəxsi həyatına müdaxilə edərək həmin fotoları çəkənlərsə "paparazzi" kimi tanınır.
Ünlülərlə paparazzilər bir-biriylə sevgi-nifrət münasibətindədir. Bir yandan şəxsi yaşamın gizliliyi, o biri yandan ünlü olmağa artan ehtiyac arasındakı ziddiyyət davam etdikcə, bu, belə olacaq. Paparazzilərə "stalker", "bulli", "ovçu" və "qanun pozucusu" da daxil, cürbəcür mənfi ayamalar qoşublar ("stalker" deyərkən, sosial media platformalarında bir adamın başqa bir adamı araşdırması, sosial media hesablarında onu gizli izləməsi, paylaşımlarını incələməsi nəzərdə tutulur. "Bulli" isə özünün namus anlayışını əsas tutub cəmiyyət qaydalarına qarşı çıxan və zorakılığa yol verən ürəkli bir adam anlamındadır – red.).
"Paparazzi" termini İtaliya kinematoqrafinın korifeyi Federiko Fellininin yaratdığı bir personajın adından götürülüb. Fellini ötən əsrin 60-cı illərində "La Dolce Vita" filmini çəkərkən, Paparazzo adlı personajını da auditoriyanın diqqətinə yetirib. Marçello adlı jurnalist dostunu müşayiət edən Paparazzo (Valter Santesso canlandırıb) fotoqraf idi.
İnsanlara rahatlıq verməyən fotoqraf
"The Vintage News" saytı yazır ki, Fellini 1950-ci illərin ortalarında insanlara rahatlıq verməyən Tatsio Sekkyaroli adlı fotoqrafla tanış olub. Paparazzi obrazının ideyası da məhz bu zaman ağlına gəlib. Sekkyaroli həm də "Roma Press Photo" agentliyinin qurucusu olub. O zaman Fellini Avropa bomondu ilə oturub-durmağı sevən amerikalı kino ulduzlarının Romaya çox gəldiyini görür. Onlar çox vaxt İtaliyanın ən böyük film studiyası olan "Cinecitta"da toplaşarmışlar.
Sekkyaroli və həmkarları ulduzların "duzlu" və imkan daxilində kompromat dolu şəkillərini çəkməkdən ötrü onları aramsız izləyərmişlər. Bu fotoqrafların arasında ən inadcılı Sekkyaroliymiş. Onunla çalışan redaktorlar belə inadcıllığı "zövqsüz hücum" kimi dəyərləndirirmiş.
O, belə xoşagəlməz olayların birində Misir kralı Fərruxun iki naməlum qadınla qəhvə içən zaman şəklini çəkibmiş. Bu qadınların heç biri onun xanımı deyilmiş. Kral onun kamerasını sındırsa da, başqa paparazzilər bu anı görüntüləyibmiş. Deyilənə görə, bu hadisə zamanı Fellini Sekkyarolinin yanında olub. O, Sekkyarolini öz filmi üçün tabloid mediası ilə bağlı araşdırma apararkən tanıyıbmış. Beləcə, Fellini Paparazzo personajını inadcıl jurnalistlərdən ilhamlanaraq yaradıb.
Yekə ağcaqanad?
Bu personajın adının soyköküylə bağlı da müxtəlif versiyalar var. Sözün Siciliya dialektində "yekə ağcaqanad" anlamında işlənən "papataceo" kəlməsi ilə bağlı olduğunu iddia edənlər var. Hətta Fellininin özü bir dəfə "Time" dərgisinə müsahibəsində Paparazzonu vızıldayan və adamı sancan cücüyə bənzədib. Öz avtobioqrafiyasında isə Fellini bu termini bir operanın librettosuna bağlayıb. Onunla çalışan ssenaristlərdən biri isə bu adın Corc Qissinqin "İoniya dənizi sahilində" kitabını vərəqlərkən, tam təsadüfən tapılması versiyasını səsləndirib. Həmin kitabda Paparazzo adlı adam otel işlədir.
Bu versiyalar həqiqətəuyğun olsa da, olmasa da, yeni yaranmış söz işləklik qazandı. "La Dolce Vita" filmi İtaliyada ekranlara çıxandan az sonra "paparazzi" ulduzları izləyən inadcıl fotoqraf anlamında işlənməyə başladı. Tezliklə, özəlliklə film 1961-ci ildə ABŞ-da göstəriləndən sonra "paparazzi" sözü ingilis dilinə də keçdi.
"Time" dərgisi bu sözü Romanı gəzən bir şahzadənin maşınının önünü kəsən fotoqrafların rəsmi ilə birlikdə dərc etmişdi. Çox keçmədən "Cosmopolitan", "Life" kimi dərgilər həmin sözdən faydalanaraq onu yaymağa başladı. "Paparazzi" sözü mənfi mənada işlədilsə də, Fellini heç vaxt bu fotoqrafları aşağılamaq istəmədiyini, sadəcə jurnalistlərin olay ardınca qaçdığı səhnələri göstərmək istədiyini deyib.
Sekkyaroli peşəsini tərk etdi?
"Paparazzi" sözünün media dünyasında məşhurlaşdığı vaxtlarda Sekkyaroli artıq öz peşəsini tərk edərək Katrin Denöv və Marçello Mastroyanni kimi məşhur insanların özəl portret fotolarını çəkməyə başlamışdı. Müştəriləri də onun fotoqraf ustalığını və peşəkarlığını yüksək qiymətləndirmişdilər.