Roma İmperiyası dövründə İudeya əyalətinin prokuratoru olmuş, İsa Məsihə ölüm hökmü kəsmiş Pontiy Pilat Bibliyada ən çox tənqid olunan şəxslərdəndir. "Ancaq biz yenə də onu bir fəlsəfi həyasızlığına görə sevirik. "Həqiqət nədir?", - deyə Pilat soruşur. Francis Bacon-un interpretasiyasında o bu sualın cavabını gözləmir. Niyə? Çünki həqiqət oyundur, sürüşkən və hətta subyektiv bir şeydir", – "The Financial Times"ın Federico Fellini haqda məqaləsində deyilir.
"İtaliyada "verismo" sözünün hərfi mənası realizmdir. Yaxşı, bəs verismo janrında yazılmış opera klassikası sayılan "Toska", yaxud "Məzhəkəçilər"in harası realistdir? Daha müasir dövrdə ekran neorealizminin harası realistdir?", – deyə məqalənin müəllifi Nigel Andrews sual edir.
Verismonun buxarlanması
Ancaq müəyyən müddətdən sonra Federico Fellini kamilləşərək neorealizm adlanan bu hərəkatı tərk edir. Visconti, Rossellini və De Sica da həmçinin. "Onların ilk işlərinin elan olunmamış missiyası ən pis halda propaqanda və pafosla qidalanan, ən yaxşı halda sentimental, şəkərlənmiş hekayələrdən ibarət olan İtaliya kinosunda reallığı bərpa etmək idi. Ancaq siz nəticələrə baxın. Keyfiyyətli sənətdə - onu istər naturalizm adlandırın, istər verismo, istərsə də reallıq, … - heç vaxt "həqiqət"in sadə, passiv qəbulunu görmürük", – məqalədə deyilir.
Hollivud aktyoru Anthony Quinn-in rol aldığı "La Strada" filmi Fellini-nin ilk inqilabi filmlərindəndir. Visconti Amerika realizmindən ilham alırdı. Məsələn, "Tutqu" (Ossessione) filmini çəkərkən James M.Cain-in "Poçtalyon zəngi iki dəfə basır" (The Postman Always Rings Twice) filmindən çox şey götürmüşdü. Rossellini-nin "Roma açıq şəhərdir" (Roma città aperta) filmində isə Anna Magnani-nin güclü emosional oyunu müharibə xronikasını yaddaqalan sənədli melodramaya çevirib. Yeri gəlmişkən, Federico Fellini bu filmin ssenari müəlliflərindən biridir.
Bu rejissorların peşəkarlığı və məharəti artdıqca, sənətləri kamilləşdikcə, verismo da buxarlanmağa başlayır. Müəllif yazır ki, bir zamanlar realizm carçısı olan Fellini həyatını və sənətini geri götürmək üçün məqam gözləyirdi. Məqalədə bunun bariz nümunəsi kimi "Ana uşaqları" ("I Vitelloni") (1953) və "Şirin həyat" ("La Dolce Vita") (1960) filmlərinin müqayisəsi göstərilir.
Hadisə və xarakterlərin partlayışı
Əgər birinci film yığcam, realizm prinsiplərinə sadiqdirsə, cəmi yeddi il sonra çəkilmiş "Şirin həyat" filmi hadisə və xarakterlərin partlayışıdır. Birinci filmdə məkana bağlılıq güclüdür. Hadisələr Fellini-nin doğulduğu Rimini şəhərində cərəyan edir. "La Dolce Vita" isə məkana, zamana, yaxud konkret personajlara daha az bağlıdır. Burada simvolizm daha çox önə çəkilir. Hər kəs bir bədheybətə sitayiş edir. Ancaq hərənin öz bədheybəti var. Kimininki din, kimininki seks, kimininki isə ambisiyadır. Filmin sonunda isə onlar dəniz kənarında yatmış əsl bədheybəti görməyə gedirlər.
"8½" filmində yayğın strukturla lazer dəqiqliyi ilə işlənmiş məqsədin kombinasiyasını müşahidə edirik. Müəllif bu kombinasiyanı unikal hesab edir: "Filmdə hadisələr gah indiki zamanda, gah da keçmişdə cərəyan edir. Səhnələr gah realistdir, gah da fantastik. Marcello Mastroianni-nin oynadığı baş mənfi qəhrəman bir növ Fellini-nin yaşlanmaqda olan "alter ego"sudur. Özü də onun şlyapasını və plaşını geyinib. …Film sənət durğunluğu haqdadır. Film içində film olan bu fantastik dram …bitmir ki, bitmir. "Deməyə bir sözüm yoxdur, ancaq yenə də demək istəyirəm", – baş qəhrəman …deyir".