Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:48

'FED-in qərarının manatın məzənnəsinə birbaşa təsiri yoxdur'


Dollar
Dollar

ABŞ Mərkəzi Bankı – Federal Ehtiyatlar Sistemi (ingiliscə qısaltması FED) gözlənilən qərarı verdi. FED mövcud 0.25-0.50 aralığında olan faizləri 0.50-0,75%-ə çəkdi. FED «böyük durğunluq» səbəbiylə 2006-cı il iyunundan bəri yalnız bir dəfə (2015-ci ilin dekabrında) faizi artırıb. Bu il olduğu kimi, 2015-ci ildə də dekabradək təxirə salınan faiz artımı qlobal bazarlar üçün yeni bir dövrün başlanğıcı olaraq qəbul edilmişdi. Dünya iqtisadiyyatının ən önəmli aktyoru sayılan FED-in faiz artımı Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdən ötrü böyük əhəmiyyət daşıyır. Hər faiz artımı inkişaf etməkdə olan ölkənin pullarında dəyər itkisinin davam etməsi deməkdir.

Onsuz da, Azərbaycan manatı bir aydan çoxdur ki, dollar qarşısında sürəkli dəyər itirir. Mövcud tədiyyə balansı, neftin qiyməti, ixracın həcmi manatın xeyrinə deyil. Bir yandan da, FED-in faiz artırma qərarını nəzərə alsaq, manatın axırı necə olacaq?

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

«AZƏRBAYCANDA ÇOX ŞİŞİRDİLİR»

İqtisadçı-ekspert Zöhrab İsmayıl deyir ki, uçot dərəcəsinin artırılması ABŞ iqtisadiyyatının stabil artımından irəli gələn bir məsələdir. Belə ki, bu il ABŞ-da 1.9% artım reallaşır və 2017-ci ildə isə 2.1% artım proqnozlaşdırılır.

Z.İsmayılın fikrincə, FED-in uçot dərəcəsinin 0.25 faiz bənd artırılmasının mümkün təsiri Azərbaycanda çox şişirdilir:

Buna da bax-ABŞ faizi qaldırdı, manatın ucuzlaşması sürətlənəcək

«Birincisi, artımın səviyyəsi çox deyil. Düzdür, bu, dolları bahalandıracaq və başqa valyutalara basqını artıracaq. Amma nəzərə almalıyıq ki, basqı artıq gözlənilən artım xəbərlərindən dolayı var idi. İndi də bir müddət davam edəcək, amma bu, əbədi ola bilməz. İkincisi isə, Donald Trump-ın prezidentlik müddəti başlayandan sonra ABŞ iqtisadiyyatında hansı proseslərin gedəcəyini bilmirik. Büdcə-vergi siyasəti ilə bağlı FED-in gələn il uçot dərəcəsində dəyişiklik planları dəyişə bilər».

«DOLLAR YAXIN AYLARDA 2 MANATDAN BAHA OLACAQ»

Bank məsələləri eksperti Əkrəm Həsənov da bunu gözlənilən qərar sayır: «Amma daha maraqlısı odur ki, böyük ehtimalla, növbəti ildə FED faizi bir neçə dəfə artıracaq. Təbii, bütün bunlar dünyada dolları bahalaşdıracaq, nefti ucuzlaşdıracaq. Nəticədə onsuz da ağır durumda olan manatımızın aqibəti daha da acınacaqlı görünür. Artıq aydındır ki, dollar yaxın aylarda 2 manatdan baha olacaq».

Samir Əliyev
Samir Əliyev

«HƏR ŞEY HÖKUMƏTİN DAVRANIŞINDAN ASILI OLACAQ»

İqtisadçı-ekspert Samir Əliyev də hesab edir ki, manata təzyiq artacaq: «Bazarda gərginlik olacaq, amma ötən il dekabrdakı hadisəni gözləmirəm (ikinci devalvasiyanı nəzərdə tutur – AR). Yəqin ki, ilin sonuna kimi manat bu templə ucuzlaşmaqda davam edəcək. Kəskin devalvasiya gözləmirəm, amma istisna da etmirəm».

Buna da bax-İndi gündə ancaq 1000, ayda 10000 dollar köçürmək olar

Ekspert əlavə edir ki, devalvasiya olsa da, bu, FED-in qərarından doğmayacaq: «Hər şey hökumətin davranışından asılı olacaq. Manat ucuzlaşmaqda davam edəcək, indiki templə, yoxsa daha kəskin, onu zaman göstərəcək».

MƏRKƏZİ BANK: PSİXOLOJİ TƏSİRLƏR İSTİSNA OLUNMUR

Azərbaycan Mərkəzi Bankından (AMB) isə bildiriblər ki, FED-in son qərarından sonra dünya bazarlarında dolların məzənnəsinin bahalaşması ilə bağlı gözləntilər aktualdır: «Bu proseslərin ölkəmizin valyuta bazarına psixoloji təsirləri istisna olunmur. Lakin buna iqtisadi əsas yoxdur. Belə ki, hazırda ölkədə gerçəkləşdirilən məzənnə rejiminə uyğun olaraq, ABŞ dollarının manata nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə, əsasən, tədiyyə balansının durumundan, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı, büdcə ehtiyacları üçün neft transferlərinin məbləğindən asılıdır».

AMB hesab edir ki, ümumilikdə, FED-in faizlə bağlı qərarı qısamüddətli dövrdə adətən böyük həcmdə spekulyativ kapital daxilolmalarına malik ölkələrə təsir göstərir: «Azərbaycan isə irihəcmli spekulyativ kapital daxilolmalarına malik ölkə olmadığından, FED-in son qərarının təsiri ilə burada hər hansı qısamüddətli dəyişiklik gözlənilmir. O cümlədən, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur. Azərbaycan kimi ölkələrə FED-in qərarı orta və uzunmüddətli dövrdə təsir göstərə bilər. Bu təsirləri qabaqlayıcı rejimdə tənzimləməkdən ötrü Azərbaycan hökuməti və AMB adekvat makroiqtisadi sabitlik tədbirləri görür və bundan sonra da görəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG